TOP 10

Kiçik replika: rəqəmlər dilə gələndə

Futbol
Tarix: 2019-10-21 11:16

Azərbaycan Premyer Liqasının VIII turu da arxada qaldı. Yaddaqalan hadisələr yetərincə olsa da, dəyişməz bir mərəz qaldı - məhsuldarlıq.

 

Təsəvvür edin, çempionatımızda hər oyuna orta hesabla 2 və daha çox qol vuran cəmi bir komanda var - “Qarabağ”. Qurban Qurbanovun komandasının aktivində 18 qol var. Ağdamlılar da daxil olmaqla, cəmi 3 kollektiv hər oyuna orta hesabla 1 qoldan artıq vurub. Bu trioya “Neftçi” və “Keşlə” daxil olurlar. Sözügedən 3 komanda birlikdə çempionatın digər iştirakçılarından çox qol vurub: topların nisbəti 38-31!

 

Əslində, heç “Neftçi”ylə “Keşlə”nin də məhsuldarlığı “fontan vurmur”. Sadəcə, 4-8-ci pillələrdə qərarlaşan komandalara baxdıqda, bunlara “şükür” edirsən. Maraq üçün bunu da qeyd edək ki, son üç pillədə qərarlaşan - “Sabah”, “Qəbələ” və “Zirə” - birlikdə “Qarabağ” qədər qol vurmayıb: topların nisbəti 16-18!

 

Məhsuldarlığın aşağı olması ölkə çempionatına marağı da azaldır. Düzdü, komandalarımızın əksəriyyəti məzmunlu futbol sərgiləyirlər, amma unutmayaq ki, futbolun bəzəyi qoldu! Klublarımız azarkeşləri bu gözəllikdən məhrum etdikcə, “keçəl tribunalar” da onları “salamlayacaq”. 

 

Fikrimizcə, bu problemin üzərində bütün məşqçilər düşünməlidir. Bəli, onlardan nəticə tələb edirlər və bu səbəbdən də çalışdırıcılar ilk növbədə qapılarının toxunulmazlığı barədə düşünürlər. Ancaq fakt faktlığında qalır: arxada qalan 32 matçda vur-tut 69 qol vurulub. Bu da orta hesabla hər komandanın 1,08 qol vurması deməkdi. Həqiqətən acınacaqlı mənzərəsi. “Azarkeşlər oyunlarımıza niyə gəlmir” sualına cavablardan biri də məhz budur: futbolun bəzəyindən məhrum etdiyiniz fanatın stadionda nə işi?
 

19 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB