TOP 10

Qismət bu günə imiş - "Qarabağ" Bakını ilk dəfə tərk etdi, ilk dəfə qələbəsiz qaldı

Futbol
Tarix: 2019-10-20 17:03

"Qarabağ" bu çempionatda ilk dəfə paytaxtdan kənara çıxdı. Bunadək heç Sumqayıta da yollanmayan Qurban Qurbanovun komandası ilk yolçuluğu əyalətə oldu. Bu da Premyer Liqamızın yeganə əyalət təmsilçisi "Qəbələ"nin qonağı olması demək idi. Əslində, "Qarabağ" da bölgə komandasıdı. Sadəcə, artıq neçə illərdi paytaxtda məskunlaşır Ağdam təmsilçisi.

 

Kağız üzərində olsa da, ikinci dövrə əyalət klublarının qarşıdrumasıyla başladı. Gözləmək olardı ki, "Qarabağ" Avropa Liqasında APOEL-lə vacib matçöncəsi hesabına növbəti 3 xalı elə də güc sərf etmədən yazacaq. Hər halda, ilk dövrəni aşkar lider kimi bitirən "Qarabağ" yüzfaizli nəticə göstərmişdi, 7 oyuna cəmi 1 qol buraxmışdı - o da cərimə zərbəsindən. Son pillələrdə olan rəqib isə bu mövsümdə nəinki xal qazanmamışdı, qol da vura bilməmişdi. Ancaq sən saydığını say, gör Qismət Alıyevli "Qəbələ" nə sayır. İlk dəqiqələrdən müdafiəyə "oturmayan", hücum da edən artıq 3-cü dəqiqəqə autsayder hesabı açır. Özü də necə qol - sağ cinah müdafiəçisi Qismət Alıyev elə bir reyd edərək qol vurdu ki, hər matçın bəzəyi ola bilərdi. "Qarabağ"ın müdafiəsinin mərkəzində boşluq yaranır və Qismətlə üzbəüz qalan Beqoviç kimi güclü qapıçı da qola mane ola bilmir. Bəli, "Çelsi"nin sabiq qapıçısının qismətində qol buraxdığı ilk azərbaycanlı futbolçu məhz Qismət Alıyev imiş. Çünki Asmir Azərbaycanda ilk qol vuran legioner - "Zirə"nin paraqvaylı hücumçusu Xulio Sezar Rodriges olub. 

 

"Qarabağ" erkən "soyuq daş"dan ayılmamış qapısında daha bir top görə bilərdi. Cəmi 2 dəqiqə keçir və "Qəbələ"nin futbolçuları bir hücumda iki zərbə mövqeyinə çıxır. Qolda məhsuldar ötürmənin müəllifi olan ispan yarımmüdafiəçi Fernan Lopezin zərbəsinin qarsısı alınır və top yenə Qismətin üzərinə düşür. Onun bu dəfə zərbəsini Beqoviç dəf edə bilir.  

 

İlk 10 dəqiqənin tamamına saniyələr qalarkən isə matçda 2-ci qol qeydə alınır. Ancaq bu dəfə top "Qəbələ"nin qapısında olur. Fernanın adi bir epizodda top itkisi və "Qarabağ"ın bu mövsüm bombardiri (elə çempionatımızın da) olan 21 yaşlı limtində çıxış edən İsmayıl İbrahimlinin uzaq məsafədən zərbəsi dəqiq olur. Bu epizodda "Qəbələ"nin qapıçısı, eyni zamanda kapitanı olan Anar Nəzirovun heç reaksiya göstərməməsindən belə qənaətə gəldik ki, o, zərbəni görməyib. Təsadüfi deyil ki, özü də bunu matçdan sonra bizlərə etiraf etdi.

 

Ancaq sonrakı əlavə vaxtı da nəzərə alsaq, 87 dəqiqə Nəzirov və komandası keçilməz oldu. "Qəbələ" müdafiəyə daha çox diqqət yetirsə də, əks-hücumları yetərincə təhlükəli idi. Özü də deyim ki, Qurbanov APOEL-lə matça olsa da, əsas futbolçuları qorumamış, demək olar güclü heyət buraxmışdı. Yalnız Riçard Almeydayla Xayme Romero ehtiyatda qalmışdı. Ancaq onu da nəzərə alaq ki, Romero 1 aya yaxındı zədə üzündən kənarda qalmışdı  və APOEL-lə görüş öncəsi oynamaq imkanı qazandı. Qurbanov yanız sona 14 dəqiqə bu iki yarımmüdafiəçini meydana buraxdı ki, hər ikisinin qələbə topunu vurmaq şansı vardı. Ancaq hər iki halda topun qapıdan keçməsinə Nəzirov imkan vermədi. Qurbanov 3-cü əvəzləməni isə sadəcə, etmədi. Əslində, ehtiaytda qalanlaar fikir versək, hücumu gücləndirə biləcək futbolçu da yox idi. Mahir Emreli hələ də zədəli idisə, Araz Abdullayev "avtoşluğ"a görə cəzalandırılaraq bir müddətlik komandadan kənarlaşdırılıb. 

 

"Qəbələ"yə baş məqşçi əvəzi təyin olunaraq komnadanı sözün əsl mənasında dirildən Elmar Baxşıyev öz işiylə baş məşqçi kimi təyin olunmağı haqq edir və gedişat da belə olacağını deməyə əsas verir. Gənc mütəxəssisin heyətdə taktiki planda da rəqiblərinə sürprizlər etməkdə diqqət çəkir. Məsələn, bundan əvvəlki turda Zirədə Klesiou Bukunu hücumun sivri hücumun qoymuşdu. Halbuki, o, əsasən sol cinah xavbeki kimi çıxış edir. Bu dəfə isə Davit Volkov mərkəz hücumçusu, Bauk sağ cinah vingeri oynadı. Komnada yoldaşları Volkovu yaxşı zərbə mövqelərinə çıxarsa da, qol vurmaq üçün lazım olan sonluğu qoya bilmədi. 

 

Əlbəttə, "Qəbələ"nin layiqli qazandığı 1 xalda bütün komandanın əməyini qiymətləndirmək lazımdı. Ancaq bir futbolçunu xüsusi fərqləndirməyi özümə borc bilirəm. Bu, U-21 yığmamızın üzvü, milliyə cəlb olunmağa layiq olan Amin Seydiyevdi. Bu futbolçu müdafiədə etibarlı olmaqla yanaşı, yalan olmasın, az qala 10 dəfə topun qarşısına keçərək sinəsi, həta beliylə də onun qarşısına sipər çəkdi. Özü də vacib olan məqam budur ki, bunların heç birində əllə oynamadı. Elə final fitinə saniyələr qalarkən son zərbəni də Seydiyev sinəsini qabağa verərək dəf etdi. Həm də bir şeyi də nəzərə alaq ki, Amin öz mövqeyində - müdafiənin sağ cinahında yox, məcburiyyətdən mərkəzdə oynayır. Axı, bu mövqedə çıxış edən təcrübəli Rasim Ramaldanov əməliyyat olunaraq ən yaxşı halda qış fasiləsindən yaşıl meydana dönəcək. Belə gedişlə Rasimə əsas heyətə düşmək çox çətin olacaq. Çünki Seydiyev artıq mərkəz müdafiəçisi də inamlı təsir bağışlayır, onu müdafiənin sağ cinahında isə Qismət layiqncə əvəzləyir. Bu yerdəyişmələrin uğurlu olması da 39 yaşlı Baxşıyevin düzgün seçimin nəticəsidi. 

 

Bəli, "Qarabağ" cari çempionatda ilk xal itkisinə məruz qaldı. Bunu yaxın keçmişdə çempionluq mübarizəsində əsas rəqibi olmuş, indisə heç də yaxşı günlərini yaşamayaraq autsayderlər sırasında qərarlaşan "Qəbələ"dən aldı. Bu komandaya liderdən xal qoparmaq özünəinam baxımından böyük təkan verməlidir. Artıq qələbəyə bərabər bu heç-heçədən sonra heç kim "Qəbələ"yə barmaqarası baxmayacaq. Arzu edək ki, qəbələli azarkeşlər də doğma komandalarını heç olmasa ev matçlarında stadionda çılğın dəstəkləyəcəklər. Çünki 200 kilometrdən artıq məsafə qət edərək gələn "İmarət Tayfa"yla "Qarabağ Ordu" azarkeş qrupları "Qarabağ"a arenada elə bir dəstək verdilər ki, matçın meyda sahibinin "Qəbələ" olması heç hiss olunmadı.

 

 

 

MEHMAN SÜLEYMANOV, Bakı-Qəbələ-Bakı

19 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB