TOP 10

Namaşko buraxdığı son dəqiqə qolunda şansının olduğunu etiraf etdi: "Bu cür qarşılaşmadan sonra özümüzə qarşı daha da tələbkar olmalıyıq ki..."

Futbol
Tarix: 2019-10-20 14:05

“Keşlə” “Sabah”la matçda qələbəni son dəqiqədə əldən versə də, İqor Ponomaryovun hazırladığı kollektiv yetərincə qol epizodu yaratdı. Bir neçə halda bəxt “Keşlə”nin üzünə gülsə də, bəzi məqamlarda Stanislav Namaşko komandasının dadına çatdı. Sport24.az-a verdiyi müsahibədə “Keşlə”nin qolkiperi həm buraxdığı qoldan danışdı, həm nəticədən.

 

- Yaranmış fasilə komandanıza belə təsir etmişdi?
- Xeyr, elə deməzdim. Fikrimcə, vurduğumuz qoldan sonra müdafiəyə oturduq, ərazi üstünlüyünü rəqibə verdik. Buna baxmayaraq, dözürdük. İsti-isti şərh etmək bir qədər çətindi. Ancaq düşünmürəm ki, fasilədən sonra nələrsə dəyişdi.


- Bəs ikinci 45 dəqiqədə daha çox müdafiəyə oturmağınız necə, bu, baş məşqçinin tapşırığı idi, yoxsa hesab təzyiq göstərirdi?
- Məşqçimiz belə tapşırıq verməmişdı - bu, dəqiqdi. Çünki oyun üslubumuz belə deyil ki, müdafiədən oynayaq, bu görüş də istisna təşkil etmirdi. Hələ ilk yarıda hesabı açdıqdan sonra daha çox müdafiəyə diqqət yetirməyə başlamışdıq. Düşünürəm ki, bu, şüuraltı səviyyədə baş verdi. Əlbəttə, bütün uşaqların yerinə danışa bilmərəm, amma zənnimcə, bu, psixoloji məqam idi. 


- Nəticə ədalətlidi?
- Yaradılan qol epizodlarına görə nəticəni ədalətli adlandırmalıyam. Çünki “Sabah” topa daha çox nəzarət edirdi, qol şansları var idi. Bizim də şanslarımız oldu. Başlıca üzücü məqam - qolu matçın sonunda buraxmağımızdı. Ancaq qarşılaşmanı bütövlükdə götürdükdə, bərabərlik - ən ədalətli nəticədi. Bütün hallarda, son dəqiqədə buraxılan qol adama pis təsir edir.


- Azərbaycan futbolunda bu cür hallara çox nadir hallarda rast gəlmək olar. Bəs sənin praktikanda son dəqiqə qoluyla qaçırılan qələbə çoxmu olub?
- Dəqiq deyə bilmirəm, amma elə bir hal yadıma düşmür. O yadıma düşür ki, “Şerif”in qapısı qoruduğum vaxt biz son dəqiqə qolu ilə avrokubokda mərhələ adlamışıq. Ancaq əksi... yox, yadıma düşmür.


- Buraxdığın qol epizodunu da şərh etməyini istəyərdik. Zərbə anını görürdünmü, reaksiya verə bilərdinmi? Bəlkə nəsə mane oldu? Yoxsa zərbəni dəf etmək şansın yox idi?
- Desəm ki, şans yox idi, düz olmaz. Çünki qolkiper qapıdadırsa, qol vurularkən hər zərbə zamanı onun şansı olur ki, bunun qarşısını alsın. Epizodun təkrarına baxmaq, oyunun təhlilini aparmaq lazımdı. İndiki məqamda cavabı konkretləşdirə bilmərəm. 


- Son dəqiqədə buraxılan qol növbəti turlarda psixoloji sarsıntıya səbəb ola bilərmi?
- Bütün komandanın əvəzinə danışa bilmərəm. Zənnimcə, belə bir hal yaşanmamalıdı. Biz sadəcə, bu oyundan düzgün nəticə çıxarmalıyıq. Bu cür qarşılaşmadan sonra özümüzə qarşı daha da tələbkar olmalıyıq ki, hesabda öndə olanda, oyunun gedişatından asılı olmayaraq, daha diqqətli oynayaq.

 

 

 

CEYHUN ƏLİYEV
 

11 Noyabr 2019
10 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB