TOP 10

Volkov "Qarabağ"a "meydan oxudu": "Məgər "Barselona"dı? Onunla oynamaq, qalib gəlmək də olar"

Futbol
Tarix: 2019-10-19 11:11

Premyer Liqamızda cari mövsümün ilk dövrəsini uğursuz keçirən "Qəbələ" ikinci dövrəyə evdə başlayacaq. Ancaq rəqib lider "Qarabağ" olduğundan, nəticə qazanmaq çox çətin olacaq. Hər halda, rəqib ilk dövrəni yüzfaizli nəticəylə başa vurub. Maraqlıdı, ötən mövsüm "Qarabağ"ı ölkə Kubokunda yarımfinalında vurduğu səfər qoluyla kənarlaşdıran "Qəbələ"nin gürcü legioneri Davit Volkov nə düşünür? 24 yaşlı sağ cinah yarımmüdafiəçisi iddialı açıqlamalarıyla diqəqt çəkdi.

 

- İkinci dövrəyə çox çətin sınaqla başlayırsınız. "Qarabağ" elə bir rəqibdir ki, nəinki xal almaq, ona demək olar qol da vurmaq olmur...

- Bir qol vuran olub - "Zirə".

 

- Bu, aydındı - ona cərimə zərbəsindən nail olub. Ümumi planda nəzərdə tuturam ki, "Qarabağ" hazırda çox güclüdü...

- Rəqibimizin gücü məlumdu. Hazırlığımız normal getdi. Yaxşı çalışmışıq ki, bu matçda qalib gələk. 

 

- "Qarabağ" üzərində qələbə qazanmağınız nə dərəcədə realdı?

- Nə, məgər "Qarabağ" "Barselona"dı? Onunla oynamaq, qalib gəlmək də olar. 

 

- Yaxşı, sualı belə qoyaq. Bugünkü gündə nəyin hesabına çempionatımızın liderini məğlub edə bilərsiniz?

- Bəli, "Qarabağ" çox güclü rəqibdi. Ancaq hamıyla oynamaq olar. "Qarabağ"ın futbolçuları da insanlardı, onların da bizim kimi iki ayağı var. 

 

- Əleyhinizə olan bir amil də var. Doğma meydanda oynasanız da, bir uğursuz sindrom var - Qəbələdə nəinki xal qazana, qol da vura bilmirsiniz. Bunu nəylə izah edərdin?

- Çempionata pis başladıq. Bilmirəm niyə belə oldu. Dəqiq səbəb deyə bilmərəm ki, Qəbələdə daim uduzmağımız, qol da vura bilməməyimiz məhz bununla əlaqədardı. Çalışacağıq ki, daha belə olmasın və "Qarabağ"la matçda nəhayət, xalımızı da alaq, qolumuzu da vuraq.

 

- "Qarabağ"ın artıq növbəti Avropa Liqasında çox çətin, eyni zamanda çox vacib qarşılaşması var. Ola bilər ki, gücünü "Qəbələ"yə qarşı çox sərf etməyərək daha çox APOEL-lə həmin matçı düşünsün?

- Yox, Onlar üçün oyunun fərqi yoxdu - hamısı peşəkar futbolçudu. "Qarabağ" çox böyük klubdu, geniş heyəti var. Belə olmayacaq ki, gücünü qoruyacaq və ya başqa nəsə. 

 

- Bir hücumameylli futbolçu kimi "Qarabağ"ın müdafiə xəttinə necə qiymət verərdin?

- Konkret bir mövqeni fərqləndirməzdin. Yaxşı oynasan, bütün komandalara qol vurmaq, nəticə qazanmaq olar.

 

- Müdafiə xəttinizdə itki var. Rasim Ramaldanov zədə üzündən yalnız qış fasiləsindən sonra sıraya dönə biləcək. Bu, nə dərəcədə ciddi itkidi?

- Bəli, Rasimin zədələnməsi bizim üçün böyük itkidi. Ancaq inanıram ki, onu əvəzləyən normal çıxış edəcək. Bütün futbolçularımız buna malikdi.

 

- "Qəbələ" Sənan Qurbanovun gedişindən sonra oyun planında dəyişdi, artıq xallar qazanmağa başladınız. Hazırda baş məşqçi əvəzi olan Elmar Baxşıyev ilk növbədə nəyi dəyişə bildi?

- Bilmirəm. Bu sualı baş məşqçimizə ünvanlamaq lazımdı.

 

- Hər halda, sən də komandadasan, əsas heyət üzvüsən və fikirlərin maraqlıdı...

- Başqa heç nə deyə bilmərəm.

 

- Cari mövsümdə çıxışına necə qiymət verərdin? Kənardan belə görünür ki, oyunun istənilən səviyyədə alınmır, qol hesabını da aça bilməmisən...

- Öz oyunumdan narazıyam.

 

- Nə çatmır ki, razı qalasan?

- Bu, artıq mənim işimdi. Daha çox çalışmaq lazımdı. 

 

- "Qəbələ"nin avrokuboklar zonasına düşmək uğrunda mübarizə aparmaq potensialı varmı?

- Bəli, bu potensiala malikik. Son pillələr komandamızın layiq olduğu yer deyil.

 

- Klubla müqavilən bu mövsümün yox, artıq bu ilin sonunda bitəcək. Müqaviləni uzatmaq haqda düşünürüsən, yoxsa artıq başqa təkliflərin var?

- Hələ bu haqda heç nə bilmirəm. Hazırda "Qəbələ"nin futbolçusuyam və çıxışımı davam etdirirəm. 

 

- Sənə yeni müqavilə təklfi etsələr, qalmaq istəyərsən?

- Sabah nəyin necə olacağını bilmirəm. 

 

 

 

MEHMAN SÜLEYMANOV

11 Noyabr 2019
10 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB