TOP 10

Əhmədov Sezar və Bayramlıya görə narahatdı: “Belə bir şans yaranıbsa, bunu dəyərləndirmək istəyirik”

Futbol
Tarix: 2019-10-19 09:41

Bu gün 2 həftəlik fasilədən sonra Azərbaycan Premyer Liqasının II dövrəsinə start verilir. Turun maraqlı qarşılaşmaları sırasında “Keşlə” - “Sabah” görüşü də var. Maraqlıdır ki, çempionat öncəsi əksəriyyət bu komandaların turnir cədvəlinin müxtəlif qütblərində qərarlaşacağını proqnozlaşdırırdı ki, indiki durum da məhz belədi. Sadəcə, hamı “Sabah”ı avrokubok zonasında, “Keşlə”ni isə autsayderlər sırasında görürdü. Sport24.az-a verdiyi müsahibədə “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov həm fasilədəki hazırlıq proqramından danışdı, həm rəqib düşərgədən, həm də komandasının problemlərindən.

 

- İki həftəlik fasilə yüksələn qrafik cızan “Keşlə”yə mənfi təsir göstərməyəcək?
- Bu sualın cavabını axşamkı matçın final fitindən sonra biləcəyik. Məni narahat edən məqam Sezar Meza Kollinin zədəli olması və Tural Bayramlının düşdüyü durumdu. Tural U-21-in düşərgəsində oynamayıb, üstəlik müəyyən məşqlərə də qatıla bilməyib. Eyni zamanda, U-21-in ikinci oyununda adının iştirak ərizəsinə salınmaması da ona bir qədər psixoloji sarsıntı yaşadıb. Sezar isə zədə səbəbindən meydana çıxa bilməyəcək. Ancaq biz yenə də maksimum nəticəyə oynamağa çalışacağıq. Digər məsələlər qaydasındadı və meydana 3 xal üçün çıxacağıq.


- Fasilə zamanı “Qaradağ Lökbatan”la matçda qeydə alınan 1:1 hesablı bərabərliyin səbəbi eksperimental heyətlə oynamağınız idi, komandanızın yüklənməsi yoxsa..?
- Həmin oyunda nəticə bizi maraqlandırmırdı. Açığı, bu cür oyunlara futbolçuları maksimum motivasiya da etmək mümkün deyil. Şiddətli külək var idi və bu amil də komandaların ustalıq səviyyəsini bərabərləşdirirdi. Nəhayət, həmin matçdan əvvəlki 3 günü uşaqları xeyli yükləmişdik. Bu cür nəticə, oyna görə futbolçuları qınamıram.


- İqor Ponomaryovun gəlişi “Sabah”da nəyi dəyişib?
- İstənilən komandada məşqçi dəyişikliyi daxildə bir canlanmaya səbəb olur. “Sabah”da isə bu, tək əhval-ruhiyyədə deyil, həm də oyun stilində müşahidə olunur. 


- İlk dövrdən sonra 2-ci pillədə qərarlaşmaq üzərinizdəki təzyiqi artırmır?
- Startda fikirləşirdim ki, komandanın oturuşması, futbolçuların oyun fəlsəfəmə uğunlasması üçün zamana ehtiyac duyulacaq. Bu, gözlədiyimdən tez baş verdi. Ancaq indi hansısa uğurdan danışmaq tezdi. Biz yolun başlanğıcındayıq. Əsas odu, finişə avrokuboklara vəsiqə verən yerlərdən birində çataq. Bunun üçün işimizi aparırıq. Belə bir şans yaranıbsa, bunu dəyərləndirmək istəyirik. 


- Müsahibələrinizdə dəfələrlə qeyd etmisiniz ki, bu, hələ istədiyim “Keşlə” deyil. İlk dövrdən sonra da fikrinizdə qalırsınız?
- Bəli, bu gün də eyni fikirdəyəm. İstədiyim komanda hələ tam formalaşmayıb. Bunun üçün zamana ehtiyac var, həmin zaman da məndə yoxdu. İdeal komandanı formalaşdırmaq ümumiyyətlə, mümkün deyil. Ancaq istədiyimi tam görmək üçün hər mövqeyə 2 futbolçu lazımdı. Çünki həm rəqabət, həm də rotasiya üçün seçim olmalıdı.


- Əksər Azərbaycan klublarında belə bir “mərəz” müşahidə olunur: çempionatın gedişatında bir neçə uğurlu oyundan sonra böyük bir arxayınçılıq yaranır və bunun nəticəsi acınacaqlı olur. Eyni halla futbolçularınızın üzləşəcəyindən narahat deyilsiniz?
- Məşqçi hər zaman futbolçusunu motivasiya edir. Ancaq biz nə qədər bunu etsək də, futbolçunun özünün oyuna köklənməsi, yanaşması da var. Əlimizdə 24-25 futbolçu var. Ceyhun Muxtarlı zədə səbəbindən bizimlə təlim-məşq toplanışında belə, iştirak edə bilməyib. Ziya Əzizlini limitə uyğun futbolçu kimi gətirmişdik. Bir müddətdən sonra ayağında çat əmələ gəldi. Daha sonra əl barmağı sındı. İndi də öd kisəsində daş aşkarlanıb və əməliyyat masasına uzanmalıdı. Elə futbolçularımız var ki, ailə problemlərinə görə tam potensialını aça bilmir. Sualınıza cavab olaraq onu bildirim ki, futbolçularımızın eyforiyaya qapılacagına inanmıram. Çünki 3 xallıq sistemdə 1 məğlubiyyət belə, səni neçə-neçə pillə aşağıya ata bilər. Ancaq futbolda üç nəticənin hər biri qeydə alına bilər. Hər halda, ikinci dövrənin ilk oyununda 3 xal qazansaq, bu, bizə qarşıdakı matçlara da əlavə motivasiya verəcək.
 

 

 

CEYHUN ƏLİYEV

11 Noyabr 2019
10 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB