TOP 10

Ponomaryov 2-ci qələbəsini qazanmaq əzmindədi: "Yəqin ki, dekabrın sonunadək komandanın başında olacam"

Futbol
Tarix: 2019-10-18 15:41

"Sabah"da yeni məşqçi məsələsi hələ də açıq qalır. Bu, millinin oyunları ilə əlaqədar Premyer Liqamızda yaranan ikihəftəlik fasilə müddətində də həllini tapmadı. Komandaya müvəqqəti baş məşqçi təyin olunan, eyni zamanda klubun Müşahidə Şurasının üzvü olan İqor Ponomaryovla həm bu məsələ, həm də qarşıdakı oyun, fasilə müddətində hazırlıq prosesi haqda danışıq. 59 yaşlı mütəxəssis Sport24.az-a müsahibəsinə elə bu haqda fikirləriylə başladı.

 

- Əlbəttə, ikihəftəlik fasiləni tam heyətlə keçirə bilmədik. Həm zədəlilərimiz vardı, həm də 6 futbolçumuz millilərdə idi - 3-ü əsas, 3-ü də U-21 yığmasında. İstənilən halda, futbolçular işlərinə çox ciddi yanaşdılar. Bir sınaq matçımız oldu - öz aramızda ikitərəfli oyun keçirdik. Bu, bizə ona görə vacib idi ki, hazırda komandamızın hansı səviyyədə olduğu görək. Gəncləri də sınaqdan keçirdik, əvəzedici heyətimizdən futbolçular cəlb etmişdik. Ümumilikdə, komandada vəziyyət normaldı. Sabahkı matça hazırlığımızı ciddi şəkildə davam edirik.

 

- Bu fasilə şəxsən sizin üçün göydəndüşmə oldu. O mənada ki, heç 1 ay deyil qəbul etdiyiniz komandayla daha yaxından tanış ola bildiniz, çatışmazlıqları aradan qaldırmaq üçün vaxtınız oldu...

- Bu, birmənalı belədi. Hələ ki tanışlıq dönəmi gedir. Hər gün futbolçularla daha yaxşı tanıyır, hazırlıq durumları haqda daha çox şey öyrənirsən. Bilirsən ki, kimdirlər, potensialları necədi, geniş informasiya əldə edirsən. Futbolçularımızın hamısı normal vəziyyətdədi, yaxşı oynamaq, millidə də özlərini göstərmək istəyirlər. Hansılar ki millidə təmsilçilərimizdi. 

 

- Ötən turda iki aparıcı futbolçunuz zədə üzündən oynamadı - kapitan Ruslan Abışovla vitse-kapitan Cavid İmamverdiyev. Onların son durumları necədi?

- Cavid hələ ki komandaya kömək etmək vəziyyətində deyil. Rusan isə sağalıb, artıq sıraya dönüb. Buna görə də itkimiz də var, qayıdanımız da.

 

- Şəxsən siz ilk dəfə "Keşlə"ylə qarşılacaqsınız. Bayılda qonağı olacağınız bu rəqibi necə xarakterizə edərsiniz?

- Hesab edirəm ki, "Keşlə" yetərincə balanslaşdırılmış komandadı. Yaxşı futbolçuları var, üstəlik, turnir cədlində yuxarıda - hazırda 2-ci pillədə qərarlaşıb. Ciddi rəqiblə qarşılaşacağıq. Yenə deyirəm ki, hazırda Azərbaycan çempionatında hamıdan fərqlənən yeganə komanda "Qarabağ"dı. Qalan 7 komanda isə təxminən bərabər səviyyədədi. 

 

- Bu, eyni zamanda müəllim-tələbə dueli olacaq. Hər halda, "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov milli komandamızı çalışdırdığınız vaxtda futbolçunuz, kapitanınız olub. Bu da görüşə bir rəng qatır...

- (gülür) Şadam ki, işlədiyim futbolçulardan Tərlan Əhmədov, Qurban Qurbanov baş məşqçi işləyirlər, Rəşad Sadıqov uğurla iş başındadı. Bunu görmək xoşdu. 

 

- "Sabah"a qələbə çox vacibdi, çünki yenə son pillədə qərarlaşıb. Turnir cədvəlində "Qarabağ"ın ən yaxın izləyicisini məğlub etmək şansınız nə dərəcədə yüksəkdi?

- Bu, futboldu, top yumru, meydança düzdü (gülür). Yaxşı oynamağa hazırıq. İstəyirik 3 xal götürək. Komanda rəhbərliyim altında 2 oyun keçirib. Bunun birində "Səbail"ə evdə 3:0 hesabıyla qalib gəldik, ikncisində isə lider "Qarabağ"a səfərdə 0:2 hesabıyla uduzduq. Təbii ki, bu rəqib tam başqa səviyyəlidi. İndi bilirik ki, "Qarabağ" özündə nəyi təcəssüm etdirir, bunu  öz oyunumuzda gördük. Oyun baxımından prinsipcə, stabil getdiyimizi düşünürəm. Balanslı oyun göstəririk, yavaş-yavaş xalar da yığacağıq. 

 

- "Sabah"ın baş məşqçisi hələ də açıq qalır. Hər halda, siz eyni zamanda klubun Müşahidə Şurasının üzvüsünüz. Bu yöndə da fikirləriniz maraqlıdı...

- Bələ, məsələ hələ ki açıqdı. Klubda bunun üzərində işləyən insanlar var. Baxaq görək gedişat necə olacaq.

 

- Belə gedişlə qış fasiləsinədək "Sabah"ın "sükanı arxası"nda olacaqsınız...

- Yəqin ki, dekabrın sonunadək komandanın başında olacam. Hələ ki bu vəzifəyə heç kim tapmayıblar, işimi davam etdirirəm. Yeni baş məşqçi tapılanda, onda tam başqa söhbət olacaq. 

 

- Bəlkə heç kim tapılmadı, siz də normal işləyirsiniz, elə mövsümün sonunadək "Sabah"da baş məşqçi oldunuz. Yoxsa şəxsi planlarınıza görə bu, alınmır?

- Bəli, doğru qeyd etdiniz ki, şəxsi işlərim var və hər şeyi nizamlamaq lazımdı. 

 

 

 

MEHMAN SÜLEYMANOV

15 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB