TOP 10

Üfüqdə görünən ümid: belə ola həmişə!

Futbol
Tarix: 2019-10-16 14:06

Ötən axşam 21 yaşlılardan ibarət milli komandamız Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində 5-ci oyununu keçirdi. Sumqayıtda baş tutan qarşılaşmada Milan Obradoviçin yetirmələrinin rəqibi İsveçrənin U-21 yığması idi. Bundan 3 gün əvvəl Fransadan 0:5 hesablı məğlubiyyətlə dönmüş gənclərimizdən hansısa fovqalnəticə gözləyən demək olar ki, yox idi. Nəinki nəticə, heç qrupun iki favoritindən biri ilə görüşdə hansısa normal oyunun sərgilənəcəyinə də inananlar olduqca az idi. Bunun da 2 başlıca səbəbi var idi. Əvvəla, İsveçrə evdə bütün komponentlərdə geri qaldığımız Gürcüstanı məğlub etmişdi. Belədə, biz nəyə ümid edə bilərdik ki? İkincisi isə Fransadan alınan böyükhesablı məğlubiyyət gənclərimizə həm mənəvi zərbə olmuşdu, həm də qısa zaman kəsiyində ardıcıl ikinci oyuna fiziki güclərinin yetəcəyinə inam minimum idi.

 

Oyunun startı da bu mülahizələrin doğru olduğunu göstərdi. Təşəbbüsə yiyələnən qonaqlar artıq 6-cı dəqiqədə Anton Krivotsyukun kobud səhvindən sonra hesabı aça bilərdilər. Lakin xoşbəxtlikdən top çərçivədən aralı keçdi. Maraqlıdır ki, görüşün 17-ci dəqiqəsində Dan Ndoye Kamran İbrahimovla təkbətək çıxdığı epizodda Obradoviçin yetirmələrini qoldan ilk təhlükənin səbəbkarı - Krivotsyuk xilas etdi.

 

Məhz həmin epizoddan sonra oyunun axarı dəyişməyə başladı. Ozancan Köçkünün iti bucaq altından qapı tirinin altına göndərdiyi zərbə Mauro Lustrinnelin yetirmələri üçün bir siqnal olmalı idi. Doğrudu, Antonio Racioppi əla seyv edərək barmaqlarının ucuyla topu qapı xəttindən çıxarmağı bacardı. Ancaq bu epizoddan sonra futbolçularımızda özünəinam hissi artdı. Bunda heç şübhəsiz ki, sumqayıtlı azarkeşlərin də böyük rolu oldu. Gənclərimizi irəli səsləyən fanatlar ilk yarının 2/3 hissəsinin arxada qalmasına 2 dəqiqə qalmış Doğukan Öksüzün baş zərbəsindən sonra ah çəkdilər. Top rəqib müdafiəçiyə dəyməsəydi, böyük ehtimalla hesab açılacaqdı. Ancaq bundan sonrakı epizodda sanki “Futbol Tanrısı” gənclərimizə belə bir mesaj göndərdi: “Yerdən göyə çıxsanız da, bu axşam sizin gününüz olmayacaq”. Bir göz qırpımında top əvvəlcə dirəyə, ardınca isə qapı çatına tuş gəlirsə, deməli, taleyinlə barışmalısan. Heç burda “vurmayana vurarlar” deyimi də uyğun gəlmir. Çünki uşaqlar meydanda canlarını qoymaqla yanaşı, axı, həm də zərbələri düzgun yerinə yetirirdilər. Xüsusilə, Hacıağa Hacılın 30-32 metrlikdən endirdiyi zərbənin qapı çatına dəydiyi anı unutmaq mümkün deyil.

 

Bu dəqiqələrdə qonaqların sıralarında bir xaos yaşanırdı: topu hara gəldi vuran isveçrəlilər çətin ki, belə bir durumda fərqlənmək haqda düşünürdülər. Gəl ki, futbolda kuryozları heç kəs ləğv etməyib. Ndoye iki futbolçumuzdan sıyrılaraq, qapıya heç bir təhlükə vəd etməyən zərbə endirməyə cəhd göstərdi. Kamranın bu zərbəni rahatlıqla dəf edəcəyi gözlənilsə də,  top yarımmüdafiəçinın ayağına yaxşı oturmadı və zərbə təsadüfən ötürməyə çevrildi. Nə yazıq ki, “mərmi” Bayraminin önünə düşdü və İbrahimovla təkbətək qalan “Empoli”nin futbolçusu topu tora qovuşdurdu.

 

Bundan sonra İsveçrə yığmasının tam təşəbbüsə yiyələnəcəyini, qolları sıralayacağını düşünənlər yanıldı. Bəli, gənclərimiz fasiləyədək qalan 10 dəqiqədə özlərini itirdilər. Bu da basadüşüləndi: sən təhlükəli epizodları sırala, əvəzində qapında məntiqsiz qol gör. İndi ümidlər qalırdı ikinci hissəyə. Obradoviç fasilədə yetirmələrini inandırmalı idi ki, bu rəqiblə başabaş oynamaq mümkündü. İrəliyə gedərək qeyd edək ki, serbiyalı mütəxəssis bunu bacardı.

 

İkinci hissənin debütü bir qədər sönük mübarizə şəraitində keçsə də, hiss olunurdu ki, bu “atəşkəs” müvəqqəti xarakter daşıyır. Matçın 61-ci dəqiqəsində Obradoviç 3 əvəzetməyə əl atdı: döyüşə Şakir Seyidov, Elvin Cəfərquliyev və Süleyman Əhmədov atıldı. Əgər Şakir matçın sonunadək meydanda özünü tapa bilmədisə, digər ikili millimizin oyununa rəng qatdı. Millimiz tribunaların dəstəyi altında yüksək pressinq tətbiq etməklə, “cütlü oyunlarda futbolçularımızın 2-ci qarşılaşmaya gücü qalmır” sindromunu da qırdılar. Obradoviçin yetirmələrinin bu csnfəşanlığı təhlükəni təhlükə dalınca gətirirdi. Ancaq son nöqtəni qoymaq heç cür mümkün olmurdu. Gah zərbə çərçivədən yan keçirdi, gah həlledici ötürmədə cüzi dəqiqlik çatmırdı, gah da Racioppi komandasını qoldan xilas edirdi. Bəli, hakimin əlavə etdiyi vaxtda rəqib qapısının torunu silkələmək mümkün oldu. Amma serbiyalı hakimlər briqadası həmin epizodda haqlı olaraq ofsayt qeydə aldılar. Son hücumda isə matçın sonlarına yaxın oyuna daxil edilmiş Rövlan Muradovun zərbəsindən sonra top qonaqların müdafiəçisinin açıq əlinə tuş gəldi. Penalti?! Yox, təəssüf ki, referinin fiti bu dəfə susdu və yığmamız qrupdakı 5-ci oyununda 4-cü məğlubiyyətini aldı.

 

Bəli, nəticə ürəkaçan olmadı, ancaq futbolçularımıza ən real qiyməti sumqayıtlı fanatlar verdilər. Meydanı tərk edən gənclərimizin ünvanına pozitiv şüarlar səsləndirən Sumqayıt publikası onları gurultulu alqışlarla yola saldı.

 

Yekunlaşdıraq. Cari seçmə tsikldə gənclərimiz ən yaxşı oyununu keçirdi. Bu cür futbol mütləq nəticə də verəcək. Yetər ki, hər matçda belə əzmkar, istəkli, pressinq tətbiq edən milli görək. Ruhdan düşmək lazım deyil, əksinə, bu matçdan sonra gənclərimizin gələcəyinə inanmaq, onlara dəstək olmaq lazımdı. Necə ki, final fitinədək onlara arxa duran Sumqayıt publikası bunu etdi. Uşaqlar hər qarşılaşmaya belə əhval-ruhiyyədə çıxsalar, üfüqdə görünən ümid onları çox gözlətməyəcək. Kaş ki, belə ola həmişə!

 

 

 

CEYHUN ƏLİYEV


 

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB