TOP 10

Üç günlük Budapeşt - görünən və görünməyən, duyulan və duyulmayan

Futbol
Tarix: 2019-10-15 16:16

Millimizin AÇ-2020-nin seçmə qrup mərhələsindəki növbəti səfər qarşılaşması Macarıstanda baş tutdu. Budapeşt. 146 yaşlı şəhərin saqqalına yalnız müxtəlif yerlərdən dən düşüb. Tarixi binalarını qoruyan şəhər müasir tikililərlə sintez yaratmağı bacarıb. Əlbəttə, 3 günə Budapeşti gəzib qurtarmaq olmaz, ancaq bir neçə saat da yetər ki, bu şəhərə vurulasan. Bu, subyektiv fikirdi və məsələn, ortastatistik avropalı bu sətirlərin müəllifi ilə yəqin ki, razılaşmayacaq.

 

Niyə?

Şəhərin hər yeri qaynayır, özü də tək axşamlar yox, sutkanın istənilən saatında. Belədə, ön plana Budapeştə baş vuran insanın təmsil etdiyi region ön plana çıxır. Çılğın qafqazlı üçün Budapeşt doğma diyara çevrilirsə, soyuq skandinaviyalıya Dunay çayının sahilində yerləşən bu gözəl şəhər yapışa bilməz. Məsələn, 2016-nın noyabrında milliylə Çexiyanın Ostrava şəhərində olduqdan sonra oranı “Ölü şəhər” adlandırmışdım. Bu da təbii ki, subyektiv fikir idi, bir qafqazlının subyektiv fikri. Qaranlıq küçələr, axşam saatlarında azərbaycanlılardan başqa canlılara rast gəlmirsənsə, buranı yalnız qəbirstanlıqla müqayisə edə bilərsən.

 

“Müqəddəs İvan”, və ya 5 avroya günah yuyulan məkan

Macarıstan paytaxtı zahiri görünüşünə görə sanki “Köhnə qitə”nin hər şəhərindən bir cizgi götürüb. İstər tarixi tikilər olsun, istərsə də müasirliyin çalarları. Şəhərin ən hündür nöqtəsi isə Gellert təpəciyidi. Adı təpəcikdi ha, əslində isə şəhər içində dağdı. Ən uca nöqtədə isə 14 metr hündürlükdə əlində palma budağı olan, azadlıq rəmzini təcəssüm edən qadın heykəli.

Hə, əziyyət çəkib belə bir zirvəyə çıxmısansa, mütləq Gellert mağarasına da baş çəkməlisən. Giriş pulludur, amma jurnalist vəsiqəsini təqdim etdikdən sonra kassadakı yoldaşlar preyskurantı nümayiş etdirərək, adambaşı 2 avro (4 manat) ödəməli olduğumuzu bildirilər. “Report”dan olan həmkarım Elşən Məmmədovla xeyli zəngin tarixi olan mağaraya daxil oluruq. Bu mağaranın ikinci adı da var - “Müqəddəs İvan”. Rəvayətə görə həmin İvan mağaranın yaxınlığındakı gölün şəfqətli suyu ilə insanları müalicə edirmiş. Tarixçilər ehtimal edir ki, bu, palçıq vannaları olub. 1926-cı ildə dini xeyir-dua ilə açılışından sonra bu məkan kilsə və monastır kimi fəaliyyət göstərib. İçəridə xeyli insan var idi. Hər kəs sakit formada hansısa ikonanın qarşısında əyləşib inancına dua edirdi.

Diqqətimizdən bir nurani rahibə də qaçmadı. Ancaq onun nə iş gördüyünü öyrənmək mümkün olmadı. Əvəzində daha bir qaranlıq 3 kvadratı əhatə edən bağlı otağa rast gəldik. Buranın adı “etiraf otağı”dı. Günahlarını yumaq istəyən inanclı katolik həmin otağın qarşısında əyləşir və Müqəddəs ataya əməllərini nəql edir. Qısası, 5 avroya bütün gunahlarınızı yuya bilərsiniz...

 

 

Diqqət! Fırıldaqçı-ruminlar!

Budapeştin daha bir rənginin adı - fırıldaqçılardı. Şəhərin mərkəzinə doluşmuş rumıniyalı fırıldaqçıların əllərində istənilən brend məhsuluna rast gələ bilərsiniz. Təbii ki, ancaq adı brenddir, içi isə... Başqa sözlə, yolunuz Budapeştdə düşsə, səyyar satıcılar gördünüzsə, özünüzü lal-karlığa vurun.

 

Macarıstan paytaxtı şopinq aludəçiləri üçün heç də əlverişli məkan deyil. Seçim -  məhdud, qiymət - əlverişsiz. Ancaq gəzməyi sevənlər üçün də, müxtəlif mətbəxlərin təamlarından dadmağı xoşlayanlar üçün əsl cənnətdir! Hə, bura mütləq yaşıllıqları da əlavə edərdim. Havanın təmizliyi də məhz bundan qaynaqlanır.

 

 

“Milli Dəstə” və oğurlanan xal

İndi də gedək stadiona. Macarıstan Futbol Federasiyası bos tribunaları tək 15 minlik uşaq ordusu ilə doldurmamışdı, bura səsgücləndirici və vuvuzelalar da əlavə olunmuşdu. İnanmıram ki, tribunalara 30 min macar yığısaydı belə aura yaratmaq mümkün olardı. Bəli, səsgücləndiricidən istifadə etmək qadağandır, amma fakt faktlığında qalır ki, meydan sahibləri bu addımı atdı.

 

 

Bəs bizimkilər?

İki yüzə yaxın azərbaycanlı fanatı bayrağı altına toplamağı bacarmış “Milli Dəstə”nin əksər üzvləri Azərbaycan bayraqları ilə silahlanmışdı. Dəstək isə... Bu uşaqların hər biri 90 dəqiqə ərzində susmadı; komandamız tək hesabda deyil, bütün oyun komponentlərində geri qaldıqda da, özlərini itirərək, həyəcanı boğa bilməyəndə də futbolçularımıza dayaq durdular. “Milli Dəstə”nin 11 nəfərdən ibarət milli dəstəmizə güvəni heç 90-cı dəqiqədə də tükənmədi. Bax, bu vəhdət idi həmin qolu gətirən. Oyunun böyük hissəsini boz keçirən futbolçularımız bu dəstəyin qarşılığını hakimin (buna hakim demək mümkündürsə) əlavə etdiyi 3-cü dəqiqədə verdilər. Rəqib qapısı ağzında ilk real təhlükə qolla nəticələndi. Hə, Dennis Yohan Hiqler qolumuzu qeydə almadı. Hollandiyalının Budapeşt küçələrində turistlərə dəyərindən qat-qat baha qiymətə stadıqları mallarla fırıldaq gələn rumınlarla qohumluğunun olub-olmamasından xəbərim yoxdu, amma fakt budur ki, rumınlar fırıldaqla turistlərdən pul oğurladılar, referi də millimizin xalını oğurladı.

Nə gizlədim, hollandiyalı referi qolumuzun qeydə almadığı an bircə arzum var idi - kaş kimsə ona fiziki təsir göstərəydi! Əlbəttə, soyuq başla bunun nə dərəcədə absurd fikir olduğunun fərqinə varırsan. Amma həmin an...

 

Bəli, qol qeydə alınmadı, ancaq macarlar da, hamı da nəyin necə olduğunu gördülər. Elə bu səbəbdən idi ki, milli futbolçuları paltardəyişmə otağından təqribən 1 saatdan sonra çıxdılar. Üzgün idilər, amma bir faktı unutmayaq, bu heyətdə gənc simalar çoxluq təşkil edir. Hansılar ki, növbəti tsikllərdə hələ öz sözlərini deyəcəklər! Növbəti? Yox, hələ qarşıda daha iki oyunumuz var. Hansılarda ki, əlavə reytinq xalları da toplamaq mümkündü, növbəti seçmə tsikllərə də təcrübə yığmaq vacibdi. Bu milliyə, bu komandaya, bu uşaqlara sahib çıxmaq isə hər bir azərbaycanlının borcudur!..

 

Hələliksə, təyyarə bizi Bakıya aparır. Səhər saat 5-də Vətənə yetişirik. Qarşıda bizi Uels yığması gözləyir. İnanaq...

 

 

 

CEYHUN ƏLİYEV, Bakı-Budapeşt-Bakı

12 Noyabr 2019
11 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB