TOP 10

Balayev buraxdığı qolu şərh etdi, hakim qərəzinin növbəti matça mənfi təsir göstərməyəcəyini saydı: "Görüş 1:1 bitsəydi, bizim də futbolçuların zəhməti yerdə qalmazdı"

Futbol
Tarix: 2019-10-15 12:00

Milli komandamızın AVRO-2020-nin seçmə mərhələsində növbəti matçını Macarıstan yığmasıyla səfərdə keçirərək 0:1 hesabıyla uduzdu. Həmin yeganə qolu qapısında görən millimizin qolkiperi Emil Balayev Sport24.az-ın Budapeştdəki ezam olunmuş əməkdaşına müsahibəsinə görüşü dəyərləndirməklə başlayıb. 

 

- Bilirdik ki, Macarıstan yığması Xorvatiyaya 0:3 hesabıyla uduzandan sonra hardasa əsəbi idi. Və istəyəcək ki, bizimlə tam gücüylə oynayaraq matçı maksimum nəticəylə bitirsin. Fikrimcə, hakimin son dəqiqələrdəki hardasa qərəzli qərarı bizi bir az daha çox üzdü. Futbolçularımız sonadək döyüşdülər və axırda qol vura bildik. Lakin bunu hakim qeydə almadı. Meydanda olanda baş verəni dəqiq bilmək olmurdu. Amma matç bitdikdən sonra videotəkrarda hər şey açıq-aşkar görünürdü. 

 

- Səncə, bərabərlik oyunun ədalətli nəticəsi olacaqdımı? 

- Rəqibin şansları daha çox oldu, hesabda üstünlüklərini artıra bilərdi. Ola bilsin ki, elə çox qol imkanımız olmadı. Ancaq düşünürəm 1:1 bitsəydi, təbii ki, bizim də futbolçuların zəhməti yerdə qalmazdı. Fikrimcə, ədalətli bir nəticə olardı.

 

- Necə düşünürsən, niyə birinci hissədə rəqibin böyük ərazi üstünlüyü oldu? Statistika da göstərir ki, macarlar "çərçivə"yə 6 dəfə zərbə endirdikləri halda, biz bir dəfə də olsun bunu etməmişik. Komandada ilk yarı sindromu nə idi?

- Məncə, bunu təhlil etmək lazımdı. Bunu da baş məşqçi edəndən sonra bizə tapşırıqlarını verəcək. İradları da olacaqsa, bunu bildirəcək. Zənnimcə, ilk hissənin ortalarında hətta müəyyən müddət bəzi epizodlarda topu nəzarət edə bilirdik. Fikilərşirəm ki, ilk hissə bizim üçün o qədər də pis olmadı.

 

- Buraxdığın qolu da şərh etməyini istərdik. Bu zərbəni çıxarmağa şansın var idi?

- Düzü, ortaya gedən bir top oldu. Həmin an bir qarmaqaraşıqlıq oldu və topu görə bilmədim. Sonda qabağımda sıçrayanda gördüm. Amma fikriləşirəm ki, şanslar həmişə var. Fərq etməz nə qədər çətin və ya asan olsa da. 

 

- Bu hakim qərarı növbəti oyunadək komandanı psixoloji cəhətdən "sındırmayacaq"? Həmin vaxtaddək bərpa oluna biləcəksiniz?

- Bütün komanda yoldaşlarım peşəkar futbolçulardı və hər biri oyuna köklənməyi, motivasiya olunmağı özləri borc bilirlər. Düzdür, elə bir məqamlar ola bilsin kimlərəsə təsir göstərsin. Ancaq müəyyən bir müddət keçəndən sonra noyabradək növbəti matçlara hazırlaşmağımıza heç bir maneçilik törətməz. 

 

 

 

CEYHUN ƏLİYEV, Budapeşt-Bakı

12 Noyabr 2019
11 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB