TOP 10

Anar Salmanov sayılmayan qolumuzu şərh etdi, VAR-ın olmamasına təəssüfləndi: "Baş hakimin epizodu dəqiq görməsi mümkün deyildi, assissenti kömək edib, o da səhv qərar"

Futbol
Tarix: 2019-10-14 19:59

AVRO-2020-nin seçmə mərhələsində Macarıstan - Azərbaycan matçıyla bağlı əsas müzakirə mövzusu hollandiyalı baş hakim Dennis Hiqlerin 90+3-cü dəqiqədə kobud səhvə yol verərək təmiz qolumuzu saymaması oldu. Bununla bağlı AFFA Hakimlər Komitəsinin üzvü, sabiq FİFA referisi Anar Salmanova tribuna verdik. Artıq daxili yarışlarda hakim-inspektor kimi fəaliyyət göstərən 39 yaşlı beynəlxalq dərəcəli hakim bir çox detalları incələdi. 

 

- İlk olaraq həmin epizodu necə şərh edərdiniz?

 - Hamı bu səhvi gördü. Hakim özü də etiraf edibsə, deməli, bu, səhvdi, qurtardı getdi. Sadəcə, kobud səhvdir ki, nəticəsində bizim komanda xalsız qaldı. 

 

- Konkret epizodu dəyərləndirsək, burda yan xətdəki köməkçisi baş hakimə kömək etmədi? Belə demək olarmı ki, kömək etmək əvəzinə hər şeyi korladı?

- Bizlər epizoda televizordan baxırıq. Hesab edirəm ki, həmin vaxt meydanda olsaydım, bir baş hakim kimi mənə həmin epizodu qiymətləndirmək çətin olardı. Yəqin ki, yan xətt köməkçisi ona qulaqcıq vasitiləslə ilə epizodla bağlı qərarını deyib. Futbolçumuz (Bəhlul Mustadazadə-müəllif) qolu qarnıyla var, ancaq sağ əlin hərəkəti var. O hərəkəti baş hakim istəsə belə, görə bilməz. Çünki futbolçunun gövdəsi onu bağlayır. Belə deyə bilərəm. Lakin yan xət hakimi üçün açıq epizod idi. Sadəcə, hər birimiz insanıq, gövdəylə gedəndə əl hərəkəti də var, elə bilirlər ki, əllə vurulub. Belə bir məqamda düzgün qərar vermək lazım idi. Çünki komanda axırıncı dəqiqələrdə qol vurur, onu da ləğv edir.  Hesab edirəm ki, həmin epizodda çox diqqətli olmaq lazım idi. Təəssüfləndiricidir ki, belə olmadı. Səhvə yol verdilər və komandamız xaldan məhrum oldu.

 

- Belə bir kobud səhvə görə hakimi karyerası baxımından ağır cəza gözləyə bilərmi?

- Elə hakim var elə oyun verirlər ki, onu yoxlasınlar. O da belə ciddi səhv edir və bu, karyerasına təsir edə bilər. Ancaq yenə də dəqiq bir şey deyə bilmərəm. Hakim-inspektor kimi yanaşmada təbii ki, onun qiyməti aşağı olacaq. Ancaq karyerasına nə dərəcədə təsir edib-etməyəcək, bunu UEFA Hakimlər Komitəsi bilər, biz bilə bilmərik.

 

- Bu epizodda yan xətt hakimin qiyməti daha aşağı olmalıdı. Çünki o, daha çox məsuliyyət daşıyır...

- Mən də onu demək istəyirəm ki, bu epizoda kim cavabdeh şəxsdirsə, kim qərar verirsə, o, məsuliyyət daşıyır. İstəyir yan xətt hakimi olsun, istəyir baş hakim, fərqi yoxdu. Əslində, sonda məsuliyyət baş hakimin üzərindədi. Sadəcə, burda köməkçisinin vasitəçilyi varsa, təbii ki, məsuliyyəti o daşıyacaq. Ancaq bilmirik ki, onlar arasında kommunikasiya vasitəsilə nə söhbət olub. Bunu bilmərik, eşitmirik axı. Yalnız işarə olsa, bunu görə bilərik. Hakim-inspektor da onlarla nə danışıb, onu da bilə bilmərik. Nəticədə gördüyümüz nədi - hakimlər komandası səhvə yol verib. 

 

- Şəxsi fikrim belədir ki, güclü yığma qol vursaydı, belə kobud səhvə yol verməzdilər. Bununla razısınız?

- İnanın ki, yox. Buna səmimi cavab verirəm. Azərbaycan mənim canımdı, fəxrimdi. Mən özüm də azərbaycanlı balasıyam. Sadəcə, peşəkar cəhətdən danışsaq, şəxsi fikrim belədir ki, yan xətt hakim kömək edibsə, ora girməyi düzgün deyil. Baş hakim epizodu görməsə belə...Bilirsiniz, güclü-zəif komanda söhbəti deyil. Macarıstan - Azərbaycan oyunu idi,  hesab 1:0 idi, komandamız qol vurur. Hakim də səhvini etiraf edib, bunu oxudum. 

 

- Bəli, bu faktdı, əməkdaşımız Budapeştdə oyundan sonra bu haqda xəbəri yerləşdirib...

-  Buna bir söz demirəm. Hakim etiraf edibsə, deməli bilir ki, səhv edib də. Ancaq onu deyə bilmirəm ki, hansı hakimin səhvini nəzərə alaraq üzrxahlıq edib. Yəni burda baş hakim, yoxsa köməkçinin səhvini nəzərdə tuturmuş. Görürük ki, qolu ləğv edən baş hakimdi. Amma daxildə deyə bilmərik ki, qolu kim ləğv edib - baş hakim, yoxsa yan xətdəki köməkçisi. Səhv olanda, güclü-zəifə baxmır. Sadəcə, bir şeyi deyə bilərik ki, təəsüflər olsun burda VAR sistemi yoxdu.

 

- Elə buna toxunmaq istəyirdim ki, VAR-ın yeri necə göründü, onun yoxluğu öz sözünü deyir. Hesab etmirsiniz ki, artıq millilərin seçmə mərhələ matçlarında da bunun tətbiqi aktuallaşır?

- VAR var, sadəcə, final mərhələrində olur. Çox güman ki, yaxın gələcəkdə bu matçlarda da tətbiq olunacaq. Yadınızdadırsa, "6-lıq" sistemi - qapı arxasında hakimlər də vardı, o, olsaydı belə, onu görəcəkdi. Çünki onun üçün epizod daha aydın olacaqdı. Yenə deyirəm ki, mənim milli komandam, Azərbaycanımdı, unun hamısını başa düşürük. Ancaq yekun nəticə budur ki, ya bu baş hakim, ya da köməkçisi kobud səhvə yol verib. 

 

- Maraqlıd, bu hollandiyalı hakimi tanıyırsınız? Onunla nə vaxtsa UEFA-nın seminarlarında yolunuz kəsişibmi? 

- Səmimi deyirəm ki, ilk dəfə bu hakim haqda eşitmişəm. Hollandiyalı hakimlərdən Deni Makkelini tanıyıram. Elit kateqoriyalı hakimdir, mənimlə turnirlərdə olub. Ancaq bu hollandiyalı hakim səhv etmirəmsə, 2014-15-ci ildə FİFA referisi dərəcəsi alanlardındı. Onu tanımıram. 

 

- Maraqlıdı, bu kobud səhvlə bağlı komitənizin avtsriyalı sədri Fritz Ştuxliklə söhbətiniz olubmu?

- Yox. Bizimlə müzakirə edilməz. Həm də Ştuxlik hazırda Bakıda deyil. O, U-21-lərin rəsmi oyununda hakim-inspektor idi. Ola bilər ki, hakimlərimiz arasında müzakirə edilib. Amma harasa çıxarılsın, iclasda müzakirə edilsin, belə bir şey yoxdu. 

 

- Bu səhvlə bağlı UEFA-ya şikayət etməyimiz mümkündü?

- Bilirsiniz, biz də hakim olmuşuq, biz də səhv etmişik. Hakimin səhvinə görə oyunun nəticəsi ləğv olunmur. Adicə yaxın keçmişi yada salaq. Çox təəssüflər olsun ki, "Qarabağ"ın Avropa Liqasının qrupunda "İnter"lə Bakıdakı matçında çexiyalı baş hakim Miroslav Zelinka necə səhvə yol vermişdi. Nəyə nail ola bildik...Təəssüf hissi keçirdik, doğrudan pis olduq. Çünki bir nəfərin səhvi komandamızın növbəti mərhələsinə çıxmasını qoymadı. Amma heç nə ləğv olunmadı, düzdümü?

 

- Bəli. Növbəti mərhələyə "Qarabağ" yox, "Dnepr" çıxdı... 

- Anar Salmanov da, Əli də, Vəli də çıxıb avrokuboklarda oyunlar idarə edəndə səhvlərimiz olur. Düzdür, hakim o səhvlərə yol verməməlidi ki, xətasından topu xəttini keçsin yaxud keçməsin. Belə şeylərə diqqətli olmaq lazımdı. Yenə də bu, səhvdi, heç nə edə bilmərik. Nəticə də ləğv oluna bilməz - bu, qanundu. Ancaq çox kobud səhvdi. Mən özüm çox pis oldum. Birincisi, milli komandamıza görə. Orda olmasaq da, hər birimiz televiziya vasitəsilə baxırdıq, ürəyimiz yanırdı. Çünki milli komandamızdı, canımızdı, Azərbaycanımızdı. İkinci də başa düşürsünüz, bir tərəfdən də özümü hakimin yerinə qoyuram. Bəli, azarkeş kimi milli komandamıza azarkeşlik edirik. Ancaq özümü hakim yerinə qoysaq, şəxsi təcrübəmlə əlaqadardı ki, məncə, baş hakimin görmə bucağı o epizodu dəqiq görməsi üçün mümkün deyildi. Çox güman ki, ona yan xətt hakimi kömək edib. Bu da səhv qərar olub.

 

- Bizim üçün əsas təəssüfedici odur ki, həmin hakim nə qədər üzr istəsə də, bunun bizə heç bir faydası yoxdu - qatar getdi, xalımız qaytarılmayacaq....

- Üzr istədi, nə istədi, faktiki olaraq komandamız xal itirdi. Söhbət bundadı. Yenə deyirəm ki, o hakimin bu səhvini dəstəkləmirəm. Bundan sonra nə, necə olacaq, bunu UEFA Hakimlər Komitəsi biləcək. Təbii ki, xal itirən bizim komanda oldu.

 

 

 

MEHMAN SÜLEYMANOV

19 Noyabr 2019
18 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB