TOP 10

Bəhlul səhvini etiraf etdi, sarı vərəqəsinin səbəbini göstərdi: “Sərbəst yox, cərimə zərbəsi təyin etdikdə, şoka düşdüm”

Futbol
Tarix: 2019-10-14 10:00

Ötən axşam Avropa çempionatının seçmə qrup mərhələsində hakim qərəzi millimizin son dəqiqədə vurduğu təmiz qolun qeydə alınmasını əngəlləri. Bu da Macarıstan səfərindən əliboş dönməyimizi şərtləndirdi. Millimizin həmin başıbəlalı topunun müəllifi Bəhlul Mustafazadə oyundan sonra dopinq testindən də keçirildiyindən, stadionu sonuncu tərk etdi. Buna baxmayaraq, “Sabah”ın müdafiəçisi Budapeşt Hava Limanında Sport24.az-ın əməkdaşının suallarına cavab verməyə macal tapdı.

 

- Əvvəlcədən də bilirdik ki, oyunun ilk dəqiqələrində rəqib basqı edəcək. Çünki qrupdan çıxmaq uğrunda mübarizə aparırlar və əlbəttə ki, 3 xala ümid edirdilər. Qarşılaşma gözlədiyimiz məcrada keçdi. Təəssüf ki, Vətənə xalsız qayıdırıq, hərçənd, buna çox yaxın idik.

 

- Meydanda olarkən, öz oyununa qiymət verə bilirsən?
- Hansısa epizodda uğurlu çıxış etdikdə özümə də ləzzət edir. Ancaq bütövlükdə oyuna qiymət vermək üçün gərək soyuq başla 90 dəqiqəni yenidən izləyəsən. Belədə, detallı şəkildə hər bir anı dəyərləndirə bilirsən.


- Oyun ərzində 1 səhvin oldu. Qolla nəticələnməsə də, rəqib fərqlənməyə çox yaxın idi. Həmin anı necə xatırlayırsan?
- Elə bildim arxamda futbolçu yoxdu, çünki Pavel Paşayev də cinahıyla arxaya qaçırdı. Bəlkə də topu sağ yox, sol ayağımla uzaqlasdırmalı idim. Səhvimin fərqindəyəm. Bundan nəticə çıxarmalıyam.


- Hakimin əlavə etdiyi 3-cü dəqiqə...
- Özümə də qəribə gəldi. Əvvəlcə, elə bildim qolu ofsaytdan vurmuşam. Ancaq referi sərbəst yox, cərimə zərbəsi təyin etdikdə, şoka düşdüm. Axı, bilirdim ki, top əlimə toxunmayıb. Final fitindən sonra da baş hakimə yaxınlaşıb təkrara baxdıqda necə kobud səhvə yol verdiyini görəcəyini bildirdim.


- Qol qeydə alınmadıqdan sonra hakimə nə dedin ki, sənə sarı vərəqə göstərdi?
- Heç bir şey. Vərəqəni göstərərkən bildirdi ki, əllə qol vurduğuna görə, sənə rəsmi xəbərdarlıq edirəm.


- Növbəti oyun evdə Uelsə qarşı olacaq. Millimiz həmin Uelslə Kardifdə yetərincə uğurlu çıxış etmişdi. Macarlarla matçda yaşananları britaniyalılara qarşı oyunadək unuda biləcəksiniz?
- Nə gizlədim, pərt olmuşam. Bir xalımızı əlimizdən aldılar. Üstəlik, milli formada qol hesabımı da açmış olurdum. Ancaq növbəti oyunadək bu sarsıntını unutmalıyıq. Uelsə qarşı Bakıda çalışıb Kardifdəkindən də yaxşı oynamalıyıq.
 

 

 

CEYHUN ƏLİYEV, Budapeşt

19 Noyabr 2019
18 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB