TOP 10

"Göyəzən"in baş məşqçisi Region Liqasının üstünlüklərindən danışdı, rəqiblərinə tövsiyəsini etdi, mesajını göndərdi: "Final mərhələsinə çıxacağıq"

Futbol
Tarix: 2019-10-13 14:36

1978-ci ildə "Damcılı" adıyla yaradılan, "Göyəzən" kimi məşhur olan komanda. Qazaxın rəmzinin adını daşıyan təmsilçisi SSRİ çempionatının II liqasının 9-cu zonasında çıxış etdi, müdtəqillik dönəmində ilk milli çempionatımızdan mübarizəyə uzun illər qatıldı, sonra I Diviziona düşdü, son 3 ildəsə həvəskarların çempionatı sayılan Region Liqasında oynayır. İndi onun baş məşqçisi keçmiş kapitanı Elxan Muradovdu. 49 yaşlı mütəxəssis Sport24.az-ın əməkdaşıyla söhbətdə bir sıra mətləblərdən danışıb. 

 

- Yeni mövsümə hazırlığınız necə gedir?

- Mövsümə hazırlığa avqustun son 10 günlüyündə başladıq. Məşqlərə bir az gec başlamağımızın səbəbi az futbolçunun olması idi. Hər halda, onlar maddi dolanışqlarını təmin etmək üçün hərəsi bir yerdə işləyirlər. Həmişə bizdə mövsüm öncəsi müraciətlər olur. Çünki I Divizion da başlayır, orda oynaya bilməyənlər Region Liqasına üz tuturlar. Heyətimiz əsasən qazaxlı-ağstafalı futbolçulardı. Region Liqasında qeydiyyatdan keçəndən sonra iştirakımız dəqiqləşdi. 3-cü ildir çıxış edəcəyik. İlk mövsümdə Mingəçevir "Energetik"indən az xal fərqiylə geri qalaraq final mərhələsindən kənar düşdük. İkinci mövsümdə həlledici mərhələyə çıxdıq və Qusar "Şahdağ"ı finala gedən yolumuzu kəsdi. Şəxsən özümə görə deyirəm ki, bu turnirdə çıxış etmək mənə çox xoş gəlir.

 

- İlk növbədə hansı planda?

- Matçlarda azarkeşlərin sayına görə. Stadionlarda bu qədər çox adam görəndə, özüm də məəttəl qaldım. I Divizionda bu qədər azarkeş olmur, nəinki Region Liqasında. Özü də gəlib doğma komandanı çılğın dəstəkləyirlər. Adi yoxlama matçı keçirirsən, tribunalarda nə qədər adamın cəmləşdiyini görürsən. Komanda bir az irəli gedəndə, lap çox dəstək göstərirlər. Futbol da azarkeşlər üçün oynanılır. Region Liqası ardıcıl 3-cü mövsüm keçiriləcək. Ən çox onu istəyərdim ki, bu turnirdə iştirak edən komandalar gənclərə çox üstünlük versinlər. 35-40 yaşlı futbolçunu oynatmaqdansa, gənclərə daha çox şans verilsin. Bunu bütün komandalara arzu edirəm. Bəli, 2-3 "ağsaqqal" oynaya bilər, ancaq qalanlarında yaş həddi əsasən gənclər olsa, daha yaxşı olardı. Burda əsas məqsəd futbolçu oynatmaq, yetişdirməkdi. 

 

- Region Liqası klublarnın transferlərinə nəzərə alasq, aralarında hətta Premyer Liqada oyun təcrübəsi olanları da görmək mümkündü...

- Keçən mövsüm final mərhələsində çıxanda gördük ki, rəqiblərimiz "transfer pəncərəsi" açılanda "qoca"ları yığdılar. Nəticədə gücləndilər, ancaq biz heç kimi cəlb etmədik. Gördüyünüz kimi, komandamızda nə qədər gənc futbolçu var. Az sayda yaşlılar olur ki, digər futbolçular onların təcrübəsindən istifadə edə bilsinlər. Region Liqasında oynamaq o demək deyil ki, get, hər il çempion ol, 10 min pul mükafatını götür. Şəxsən mənim bu turnirə bağlı baxış bucağım fərqli olduğundan, belə şeyi xoşlamıram. 

 

- Onda sualı belə qoyaq ki, Region Liqasında əsas məqsədiniz nədi? Futbolu Qazaxda yaşatmaq...

- Ancaq futbolu doğma rayonumuzda yaşatmaq istəyirik. Futbolu dağıda da bilərik, bu, asandı. Ancaq bir şeyi qurmaq, onu qorumaq, yaşatmaq isə çətindi. Burda həvəskar səviyyədə futbol oynamaq istəyənlər çətindi. Özü də qonşu bölgələrdən də gələnlər var. Çünki bu ətrafda Region Liqası təmsilçisi yalnız Qazaxdı. Hətta Tovuzda I Diviziondakı təmsilçisi olan "Turan Tovuz"a düşə bilməyənlər gəlib bizdən bəhrələnirlər, heç olmasa bu komandada oynamaqla irəli gedə bilərlər. Məşq ayrı şeydi, oyun ayrı şey. Fikir verirsiniz, Region Liqasında ildən-ilə inkişaf edir, maraq artır. Buna görə təşkilatçılara təşəkkürümüzü bildiririk. AFFA-nın belə bir turniri keçirmək təşəbbüsünü çox bəyənərək dəstəkləyirəm. Bütün iştirakçılara uğurlar arzulayıram. Bircə istəyim odur ki, gəncləri daha çox oynatsınlar. Bizdə "ağsaqqal" kapitan Arzuman Nəsibovdu, 30 yaşı var. Komandamızda orta yaş həddi 22-23-dü, 16-17 yaşlı futbolçularımız da var. 

 

- Seleksiya işlərini necə aparırsınız?

- Deyim ki, harasa gedib seleksiya işi aparırıq, hardasa futbolçu götürmürük. Çünki bunun üçün o dərəcədə maliyyə imkanımız yoxdu. Futbolçular özləri bizə müraciət edirlər, tələbat da var. Onlar içərisindən seçim edirik. Bizə lazım olanları, oynaya bilərləri götürürük, qalanlarını yola salırıq. Məsələn, bu il bizə ən azı 15 nəfər "Göyəzən"də oynamaqla bağlı müraciət etmişdi. Yaşlılardan da müraciət edən olub, ancaq onlara tam şəkildə "yox" demişik. İstəyirik ki, heyətimiz əsasən yerli - gənc qazaxlı, ağstafalı futbolçulardan təşkil olunsun. 

 

- Bu heyətlə yarışda gücünüz nəyə çatar?

- Məncə, final mərhələsinə çıxacağıq. Rəqiblərimzi güclənsə də, güclənməsə də, çalışacağıq ki, finala çıxaq. Qarşımıza bunu məqsəd qoymuşuq. Bilirsiniz, bizdə rəhbərlik həmişə deyib ki, futbolunuzu oynayın, sizi dəstəkləyirik. Rəhbərliyimizi də qınamıram, nə qədər gücü çatır, kömək edir. "Göyəzən"in sponsoru "Turan Bank"dı. Daim dəstəkləyib, qidalanma, nəqliyyat, səfər xərcləri ilə bizi həmişə təmin edib. İdman geyimləri, inventarları, toplarla da AFFA təmin edib, sponsorumuz da köməyini göstərir. Çalışacağıq ki. rəhbərliklə futbolçuların məvacib məsələsini də həll edək. Bizdə elə uşaqlar var ki, hardasa işləyirlər, 500-600 manat maaş alırlar, onları həftəlik məşqlərini 3 günə salırıq. İşlədiklərinə görə icazə veririk ki, bütün məşqlərdə iştirak etməsinlər. Futbolçularımıza kiçik məvacib də olsa verilir. 

 

- "Göyəzən"in əfsanəvi futbolçularından biri, kapitanı olmuş Elxan Muradov komandanın yaxın gələcəkdə peşəkar səviyyəsini qayıtmasını real sayırmı?

- Futbol ilk növdədə sağlamlıqdı, idmandı. Gənclərə sağlam həyat tərzini aşılayırıq, pis vərdişlərdən uzaq olurlar. "Göyəzən"in olması Qazaxda futbolda yaşadır. Biri gəlir oyunumuza baxır, biri də uşağını bura gətirmək istəyir. Bunlar işimizin nəticəsidi, sevindirici haldı. Ancaq mən də istəyərdim ki, keçmiş "Göyəzən"in imici qayıtsın. Hamı bunu istəyərdi. Ancaq real danışsaq, indiki büdcə buna heç imkan vermir. Tək "Turan Bank"la iş bitmir ki...O, Qazaxda güləşə də baxır, çox yerlərə maddi dəstək göstərir. Bizə indiki vəziyyətdə Region Liqasında iştirak sərf edir. Komandamın futbolçularına, büdcəyə baxram və bilirəm ki, bu imkanlarla gedib I Divizionda çox çətinlik çəkəcəm. Hər komanda gəlib sənə 9-10 qol vura, bunun mənası nədi? Hərə bir söz danışacaq. Biri də var ki, eyni gücə olan komandalarla qarşılaşasan, biləsən ki, heç olmasa futbol oynayırsan. Yalandan I Divizionda oynadım, xeyri nədi? 

 

- Və sonda hələ SSRİ dövründən tikilən, uzun illər milli çempionatımızın da oyunlarını qəbul edən Qazax şəhər mərkəzi stadionunun durumunu necə qiymətləndirərdiniz?

- Böyük əraizisi olan stadionumuz var. İşlərin, üzləşdiyimiz çətinliklərin öhdəsindən stadionun işçiləriylə birgə özümüz gəlirik. Lazım olanda, fəhləlik də edirik. Meydançaya baxmasaq, çoxdan məhv olardı. Burda köhnədən drenaj sistemi var. Yağış, qar yağanda qəti su qalmır, hamısı çəkilib gedir. Suvarma sistemini də bu il çəkdilər, qazon getdikcə daha da yaşıllaşır.   

 

 

 

MEHMAN SÜLEYMANOV

19 Noyabr 2019
18 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB