TOP 10

Millimizin oktyabr mənzərəsi: son səfər matçında qələbə

Futbol
Tarix: 2019-10-13 12:13

Azərbaycan milli komandası 1994-cü ildən UEFA bayrağı altında keçirilən turnirlərin iştirakçısıdı. Bu 15 ildə əsasən dünya və Avropa çempionatının seçmə mərhələsində iştirak edən millimiz ötən il UEFA Millətlər Liqasının debüt mövsümündə də qüvvəsini sınadı. Məhz bu turnirə görə budəfəki qitə birinciliyinin - AVRO-2020-nin tsikli fərqli oldu. O mənada ki, bu ilin martında başlayan seçmə mərhələ elə bu il də - noyabrda bitəcək. Halbuki, bunadək nə Avropa, nə də dünya çempionatında qrup mübarizəsi bir ildə başlayıb bir il də başa çatmışdı. Ona görə millimiz əvvəlki yarışlardan fərqli oktyabrı bir dəfə görəcək. 15 aylıq qrup mübarizələrində isə bu, 2 dəfə olurdu və adətən tək illərdə məhz oktyabrda seçmə mərhələni başa vururduq. Çünki noyabrda keçirilən pley-off matçlara heç vaxt vəsiqə qazanmamışıq.

 

Millimiz indiyədək oktyabrda 38 görüş keçirib. Bunlar həm tək, həm də qoşa qarşılaşmalar olub. Əslində, bu dəfə də 3-4 günə ardıcıl matçlarımız olmalı idi. Sadəcə, məsələ ondadır ki, qrupumuzda komanda sayı təkdi və ikinci dövrədə bir istirahətimiz məhz bu aya təsadüf etdi. Həmin boş günü boş keçirməyən millimiz Bəhreyn yığması ilə səfərdə yoldaşlıq görüşündə qüvvəsini sınadı və 3:2 hesabıyla qalib gəldi.

 

Yığmamız 1994-cü ildən başlayan seçmə mərhələlər tarixində yalnız bir ildə oktyabrda oyun keçirməyib. Bu da 1996-cı ilə aiddi ki, onda ilk rəsmi qələbəmizi qazanandan - İsveçrəni Tofiq Bəhramov adına Respublika stadionunda 1:0 hesabıyla məğlub edəndən sonra növbəti matçımızı 3 ay sonra keçirmişik. Ancaq bu, o demək deyil ki, həmin ildə millimiz oktyabrda bir araya gəlməyib. Əksinə, gəlib, Omana yollanaraq bu ölkənin yığmasıyla yoldaşlıq görüşü keçirib və 0:2 hesabıyla uduzub.

 

Millimiz bu ayda daha çox uğursuz nəticələrə malikdi. Təsadüfi deyil ki, 38 qarşılaşmanın 28-də meydanı məğlub tərk etmişik. Oktyabrda məğlubiyyət seriyamız startdan başlayaraq 11 oyunadək uzanıb və ilk xalı qazanmaq üçün 2004-cü ili gözləməli olmuşuq. Onda braziliyalı dünya çempionu Karlos Alberto Torres millimizin baş məşqçisi postunda Respublika stadionunda Şimali İrlandiyadan qolsuz bərabərliklə xal alıb. Bununla da nəhayət. ilk  dəfə oktyabrda qol buraxmamışıq. İlk 11 məğlubiyyət arasında millimizin 27 illik tarixində ən üzücü məğlubiyyətlərdən olan, "Vaduts faciəsi" kimi yadda qalan Lixtenşeynə 1:2 hesablı məğlubiyyət də var. Məlumdur ki, bu milli ilk rəsmi qələbəsini məhz onda qazanıb. 

 

Millimiz ilk dəfə ən yaxşı oktyabrı 2009-cu ildə keçirib. Bu, hazırkı ayda ilk qələbəylə yadda qalıb ki, həmin Lixtenşteyndən səfərdəki məğlubiyyətin əvəzini çıxa bilirik - 2:0. Bu, millimizin rəqib meydanında ilk rəsmi qələbəsi kimi tarixə düşüb. Bundan qısa müddət sonra yenə mərkəzi arenada 1 xal qazanılıb - bu dəfə Rusiyayla 1:1 hesablı bərabərliyə qalmaqla. Foqtsun dönəmində 1 il sonra oktyabrda ilk ev qələbəsi gəlib. Yenə məkan Respublika stadionu, məğlub edilən isə Türkiyə - 1:0. 

 

Millimizin oktyabrda ən uğurlu matçları ilk dəfə məhz Foqtsla olub. Onda yenə Bakıda oynasaq da, rəqibləri "Bakcell Arena"da qonaq etmişik. Şimali İrlandiyanı 2:0 hesabıyla məğlub edən Berti Foqtsun komandası ardından Rusiya ilə yenə 1:1 edib. Maraqlıdı ki, hər iki halda bizə 1 xalı Vaqif Cavadovun qolları qazandırıb. 

 

Ancaq məhz oktyabr da Foqtsun millidə son matçı olaraq qovulmasıyla nəticələnib. Bu, 5 il öncə Xorvatiyaya Osiyekdə 0:6 hesablı məğlubiyyətlə reallaşıb. Yeri gəlmişkən, millimizin daha 2 baş məşqçisi bu ayda postundan gedib. Şahin Diniyev 2007-ci ildə "Tofiq Bəhramov"da Serbiyaya 1:6 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib. Bu, millimiz evdə ən ağır rəsmi məğlubiyyətidi. Xorvatiyalı baş məşqçi Robert Prosineçki isə 2 il öncə seçmə mərhələni bu ayda Almaniyaya Kayzerslauterndə 1:5 hesablı məğlubiyyətlə başa vurub və onunla 2 ay sonra başa çatan müqavilə uzadılmayıb. Ancaq Prosineçkinin də hesabında uduzulmayan, 4 xal götürülən oktyabr matçları var. Yeri gəlmişkən, bu, millimizin seçmə mərhələrdə ən uğurlu startıdı. Təsadüfi deyil ki, ilk 3 oyundan sonra 7 xalla Almaniya ilə qrupda şərikli lider olmuşuq. 

 

Prosineçkini əvəzləmiş Qurban Qurbanov isə UEFA Millətlər Liqasında millmizlə debüt edib ki, bu marafon cəmi 3 aydan ibarət olub. Deməli, oktyabrda qoşa matçlar keçirilib ki, burda da ən yaxşı nəticə olan 4 xal qazana bilmişik. Özü də Qurban Qurbanovlu millimiz qələbəni səfərdə Farer adalarını 3:0 məğlub etməklə qazanır. Evdə isə Bakı Olimpiya Stadionunda Maltayla 1:1 hesablı bərabərliyə qalırıq.

 

Beləliklə, millimizin oktyabrda 5 qələbəsi, bir o qədər də heç-heçəsi var. Ancaq bu xalların heç birini tək oyunlarda qazanmamışıq. Yəni, bu, mütləq qoşa matçlarda olub. Deməli, statistika bu gün Macarıstan yığmasıyla Budapeştdəki matçda müsbət nəticə vəd etmir. Yeri gəlmişkən, macarlarla bu ayda bir dəfə görüşərək evdə darmadağın olmuşuq - 0:4. Vaqif Sadıqovun baş məşqçisi olduğu həmin komanda bundan 4 gün sonra Lixtenşteyndə uduzub.

 

Millimizin məhz 13 oktyabrdakı matçları da uğursuzluqla yadda qalıb. Bu matçlarda nəinki xal ala, qol da vura bilməmişik. Foqts da məhz 13 oktyabrın qurbanı olub. Millimiz oktyabrda son dəfə tək matçını 7 il öncə məhz Foqtsla keçirib və Rusiyaya "Lukjiniki"də 0:1 hesabıyla uduzub. 

 

 

Millimizin oktyabrda keçiridiyi rəsmi matçlardakı nəticələri

 

 

 

Milli komandamızın oktyabrda keçirdiyi rəsmi matçlar

1994-cü il

9. 12 oktyabr. Mielets. AÇ. Polşa – Azərbaycan 1:0

Baş məşqçi: Ağasəlim Mircavadov

 

1995-ci il

16. 11 oktyabr. Təl-Əviv. AÇ. İsrail – Azərbaycan 2:0

Baş məşqçi: Kazbek Tuayev

 

1997-ci il

36. 11 oktyabr. Sürix. DÇ. İsveçrə – Azərbaycan 5:0

Baş məşqçi: Vaqif Sadıqov

 

1998-ci il
44. 10 oktyabr. Bakı. AÇ. Azərbaycan – Macarıstan 0:4
45. 14 oktyabr. Vaduts. AÇ. Lixtenşteyn – Azərbaycan 2:1

Baş məşqçi: Vaqif Sadıqov

 

1999-cu il

55. 9 oktyabr. Bakı. AÇ. Azərbaycan – Slovakiya 0:1

Baş məşqçi: Əhməd Ələsgərov

 

2000-ci il

63. 6 oktyabr. Skopye. DÇ. Makedoniya – Azərbaycan 3:0
64. 11 oktyabr. Bakı. DÇ. Azərbaycan – Türkiyə 0:1

Baş məşqçi: İqor Ponomaryov

 

2001-ci il

74. 7 oktyabr. Stokholm. DÇ. İsveç – Azərbaycan 3:0

Baş məşqçi: İqor Ponomaryov

 

2002-ci il

84. 12 oktyabr. Helsinki. AÇ. Finlandiya – Azərbaycan 3:0

Baş məşqçi: Vaqif Sadıqov

 

2003-cü il

90. 11 oktyabr. Reco di Kalabriya. AÇ. İtaliya – Azərbaycan 4:0

Baş məşqçi: Əsgər Abdullayev

 

2004-cü il

102. 9 oktyabr. Bakı. DÇ. Azərbaycan – Şim. İrlandiya 0:0
103. 13 oktyabr. Bakı. DÇ. Azərbaycan – İngiltərə 0:1

Baş məşqçi: Karlos Alberto Torres (Braziliya)

 

2005-ci il

115.12 oktyabr. Kardiff. DÇ. Uels – Azərbaycan 2:0

Baş məşqçi: Vaqif Sadıqov

 

2006-cı il

122. 7 oktyabr. Portu. AÇ. Portuqaliya – Azərbaycan 3:0
123. 11 oktyabr. Brüssel. AÇ. Belçika – Azərbaycan 3:0

Baş məşqçi: Şahin Diniyev

 

2007-ci il

134. 13 oktyabr. Bakı. AÇ. Azərbaycan – Portuqaliya 0:2
135. 17 oktyabr. Bakı. AÇ. Azərbaycan – Serbiya 1:6

Baş məşqçi: Şahin Diniyev

 

2008-ci il

146. 11 oktyabr. Helsinki. DÇ. Finlandiya - Azərbaycan 1:0

Baş məşqçi: Berti Foqts (Almaniya)

 

2009-cu il

158. 10 oktyabr. DÇ. Vaduts. Lixtenşteyn - Azərbaycan 0:2
159. 14 oktyabr. DÇ. Bakı. Azərbaycan - Rusiya 1:1

Baş məşqçi: Berti Foqts (Almaniya)

 

2010-cu il

169. 8 oktyabr. AÇ. Vyana. Avstriya - Azərbaycan 3:0
170. 12 oktyabr. AÇ. Bakı. Azərbaycan - Türkiyə 1:0

Baş məşqçi: Berti Foqts (Almaniya)

 

2011-ci il

179. 7 oktyabr. AÇ. Bakı. Azərbaycan - Avstriya 1:4
180. 11 oktyabr. AÇ. İstanbul. Türkiyə - Azərbaycan 1:0

Baş məşqçi: Berti Foqts (Almaniya)

 

2012-ci il

190. 16 oktyabr. DÇ. Moskva. Rusiya - Azərbaycan 1:0

Baş məşqçi: Berti Foqts (Almaniya)

 

2013-cü il

200. 11 oktyabr. DÇ. Bakı. Azərbaycan - Şimali İrlandiya 2:0
201. 15 oktyabr. DÇ. Bakı. Azərbaycan - Rusiya 1:1

Baş məşqçi: Berti Foqts (Almaniya)

 

2014-cü il

209. 10 oktyabr. Palermo. AÇ. İtaliya - Azərbaycan 2:1
210. 13 oktyabr. Osiyek. AÇ. Xorvatiya - Azərbaycan 6:0

Baş məşqçi: Berti Foqts (Almaniya)

 

2015-ci il

218. 10 oktyabr. AÇ. Bakı. Azərbaycan – İtaliya 1:3

219. 13 oktyabr. AÇ. Sofiya. Bolqarıstan – Azərbaycan 2:0

Baş məşqçi: Robert Prosineçki (Xorvatiya)

 

2016-cı il

226. 8 oktyabr. DÇ. Bakı. Azərbaycan – Norveç 1:0

227. 11 oktyabr. DÇ. Ostrava. Çexiya – Azərbaycan 0:0

Baş məşqçi: Robert Prosineçki (Xorvatiya)

 

2017-ci il

234. 5 oktyabr. DÇ. Bakı. Azərbaycan - Çexiya 1:2
235. 8 oktyabr. DÇ. Kayzerslautern. Almaniya - Azərbaycan 5:1

 

Baş məşqçi: Robert Prosineçki (Xorvatiya)

 

2018-ci il

244. 11 oktyabr. UML. Farer adaları - Azərbaycan 0:3

245. 14 oktyabr. UML. Azərbaycan - Malta 1:1

 

Baş məşqçi: Qurban Qurbanov

 

 

 

MEHMAN SÜLEYMANOV

19 Noyabr 2019
18 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB