TOP 10

AFFA-nın I vitse-prezidenti Budapeştdən xalla qayıdacaqlarına inanır: "Uğurlu nəticə millimizin gələcəyi üçün əlavə katalizator və stimul olacaq"

Futbol
Tarix: 2019-10-13 10:00

"Hər oyundan müsbət nəticə gözləyirik - qələbə, heç olmasa heç-heçə. Söhbət tək toplanan xallarda deyil, həm də sərgilənən oyundadır. Uelsə məğlub olsaq da, yaxşı oynadıq. Xorvatiyaya qarşı bundan da yaxşı oynadıq və bərabərliyə imza atdıq. Nəhayət, bir neçə gün öncə Bəhreyni məğlub etdik. Hesab edirəm ki, bu qələbə futbolçularımıza psixoloji inam verəcək. İndi biz psixoloji cəhətdən hazırıq”. Bu fikirləri Sport24.az-ın Budapeştə ezam olunmuş əməkdaşına açıqlamasında AFFA-nın I vitse-prezidenti Rauf Əliyev bildirib. 


Onun fikriincə, millimiz AVRO-2020-nin seçmə mərhələsində bu axşam qonağı olacağı Macarıstan yığmasından çəkinməli deyil: "Əlbəttə, bu rəqib zəif komanda deyil. Ancaq o dərəcədə əzəmətli olduğunu da demək düz deyil. Macarlardan qorxmalı deyilik. Xorvatiyadan aldıqları məğlubiyyətdən sonra xal ehtiyatlarını artırmaq ucun ikiqat əzmlə döyüşəcəklər. Ancaq bizim komanda da döyüşə hazırdı. Sadəcə, çıxıb meydanda döyüşmək, can qoymaq lazımdı. Bugünkü oyunda uğurlu nəticə millimizin gələcəyi üçün əlavə katalizator və stimul olacaq".

 

Əliyev hesab edir ki, Azərbaycan yığması üçün komanda ruhunu nümayiş etdirmək olduqca vacib olacaq: "Bəhreyndən sonra elə oynamalıyıq ki, burdan da xalla ayrılaq. Bəli, seçmə mərhələni uduzmuşuq və bu, bizi sevindirmir. Çünki ildən ilə millimizin böyük turnirlərin final mərhələsinə yüksəlməsinə səy göstəririk. Təəssüf ki, hələ alınmır. Ancaq bu gün gənc komandamız var. Özünüz də görürsünüz ki, nə qədər perspektivli oyunçumuz yetişir. Özü də tək U-21-də yox, daha aşağı yaş qruplarında da. İndi hər şey futbolçuların özlərindən asılıdır. AFFA hər cür şərait yaradır, amma onlar bunun qarşılığında yaxşı oyun gostərməsələr, nəticə olmayacaq".

 

AFFA rəsmisinin sözlərinə görə, Macarıstan yığmasının fanatsız tribunalar önündə çıxış etməsi millimizin xeyrinədir: "Əla stadionları var, 30 minə yaxın tamaşaçı tutumuna malikdi. Azarkeşləri daim aktiv olurlar. Ancaq bu gün macar futbçular ciddi dəstəkdən məhrum olacaqlar. Bu, lehimizə işləyən faktordur".

 

I vitse-prezident rəqibdən əzmkar oyunu gözləyərək bunu anlaşılan sayır: "Aydın məsələdir ki, macarlar Xorvatiyada aldıqları məğlubiyyətə görə ikiqat əzmlə döyüşəcəklər. Müəyyən mənada hirsli olacaqlar. Futbolçarımız buna hazır olmalıdı. AVRO-2020-yə getmək uğrunda amansız mübarizə gedir. Slovakiya, Macarıstan və Uelsin qrup ikincisi olmaq üçün təqribən bərabər şansları var".

 

Əliyevdən sonda matçla bağlı proqnozu da soruşduq: "Mənim proqnozum? Ümid edirəm ki, yığmamız Vətənə 1 xalla dönəcək".
 

 

CEYHUN ƏLİYEV, Budapeşt

19 Noyabr 2019
18 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB