TOP 10

Həşimov "Zirə"də köməkçilər götürməkdə üzləşdiyi problemdən danışdı: "Abasovdan xeyir-dua almadım, bunu etmək bir az düz gəlməzdi də..."

Futbol
Tarix: 2019-10-11 16:00

"Zirə" Premyer Liqada yaranan fasilə müddətində baş məşqçi postunda dəyişiklik etdi. Belə, ki, son 1 ildə komandanı çalışdıran Samir Abasov istefaya göndərilərək yerinə keçmiş məşqçi Zaur Həşimov gətirildi. Köhnə-yeni klubuyla cari mövsümün sonunadək müqavilə imzalayan 38 yaşlı Həşimov Sport24.az-ın suallarını cavablandırıb.

 

- Artıq rəhbərlik sizi komandaya təqdim edib və məşqlərə də başlamısınız. Ümumi vəziyyət necədi?

- Bildiyiniz kimi, hələ məndən qabaq "Zirə"nin qarşısına Avroliqaya çıxmaq məqsədi qoyulub. Bu da komandanın heyətinə, seçilən futbolçularına, rəhbərliyin dəstəyinə görədi. İşə başlayanda da rəhbərliyə təşəkkürümü bildirdim ki, mənə etimad göstəriblər. Mən də çalışacam ki, bunu maksimum dərəcədə doğruldum. Ona görə bu addımı inamlı atdım ki, heyətdə istər yerlilər, istər gəlmələr olsun, elə futbolçular yığışıb ki, "Qarabağ"la "Neftçi"ni çıxmaq şərtilə mübarizə aparmaq olar. Bu komandaları heyətinə görə fərqləndirdim. Məşqlər ümumilikdə qaydasında gedir.

 

- Demək olar Premyer Liqada baş məşqçi kimi debüt edəcəksiniz, təcrübəniz yetərincə deyil. Bu, sizə çətinlik yaratmayacaq?

- Bax, bu sual mənə artıq tez-tez verilir. Özümü təcrübəsiz saymıram. Bəli, adlarını bildiyiniz təcrübəli mütəxəssislər kimi də deyiləm. Amma əvvəl-axır hardasa addım atmaq lazımdı da. Bizim kimi gənc məşqçilərə imkan yaradılıb, rəhbərlik tərəfindən dəstək verilib ki, bu yaxşı haldı. Bizim də üzərimizə düşən bu etimadı layiqincə doğrultmaqdı.

 

- Onda digər sual ortaya çıxır. "Zirə" sizə nə qədər tanış olsa da, bu komandanı siz qurmamısınız. Bu, amil, mövsümün gedişində baş məşqçi postuna gəlmək əl-qolunuzu bağlamır?

- Ona görə əvvəl qeyd etdim ki, "Zirə"nin heyəti mənə bu addımı atmağa inam verdi. Bəli, komandanı mən qurmamışam. Ancaq bugünkü gündə sərəncamımda olan futbolçular yaxşı nəticələr uğrunda mübarizə aparmağa həqiqətən layiqdirlər. Buna görə də tərəddüddə deyiləm. 

 

- Bəs meydançada, məşq prosesi nəyi göstərir? Futbolçuların fiziki, psixoloji durumları necədi?

- Fiziki durumlarının bərbad olduğunu deməzdim. Çünki ən azı axırıncı oyunda - "Qəbələ"ylə matçda buna şahid oldum. Həmin görüşdə "Zirə"ni rəqib olaraq analiz etmişəm. Bizimlə sonadək mübarizə apardılar. Uzatma dəqiqələrində də görürdük ki, hücumlar edirlər, qələbə topunu curmaq istəyirlər. Fiziki durum bərbad, pis olsaydı, futbolçularda o güc çatmazdı. "Zirə"nin hazırkı fiziki durumuna yanaşmam belədi. Psixloloji duruma gəlincə, futbolçulara baxanda, lap pis də deyil. Ancaq yüksək səviyyədə əhval-ruhiyyə də yoxdu. Orta deyərdim. Biz də çalışacağıq ki, müəyyən yanaşmalarla, futbolçularla fərdi söhbətlərlə yavaş-yavaş nələrəsə nail olaq. Onlar bilsinlər ki, biz nə istəyəcəyik. Baxmayın da, baş məşqçi dəyişiləndə yeni gələn meydanda başqa şey istəyir, meydandan kənarda başqa şey. Hələ ki bu baxımdan daha çox ona çalışacam ki, futbolçular mənə uyğunlaşsınlar. 

 

- Maraqlıdı, sələfiniz Samir Abasovla əlaqə yaradaraq nəyisə soruşmağı, məsləhətləşməyi lazım bilmisiniz, yoxsa buna ehtiyac görməmisiniz?

- Samirə dünən zəng vurdum, ümumi danışdıq. Bilrisiniz ki, həmişə millət, xalq olaraq bir-birimizə hörmətlə yanaşmışıq. Bu, istənilən sahədə belədi. Mən də ona görə Abasovu telefonla yığdım və ümumi danışığımız oldu. Onunla neçə il başqa-başqa klublarda bir yerdə olmuşuq, "Sumqayıt"da da birgə olmuşuq. O sözü dedim ki, nəsə lazım olsa, sənə vuracam. Samir də heç bir problem olmadığını dedi. Məni də təbrik etdi, təyinatıma sevindiyimi diqqətimə çatdırdı. Onun da səmimiyyətinə tam inanıram. Nəsə lazım olsa, Abasova müraciət edə bilərəm. Amma hal-hazırda, yaxın gələcəkdə inanmıram ki, elə bir şey olsun.

 

- Bir baş məşqçinin yerinə başqası gələndə, halallıq, xeyir-dua almaq məsələsindən də danışırlar. Bunu etdinizmi? Ümumiyyətlə, bunu vacib sayırsınız?

- Samirdən xeyr-dua almadım. Bunu klubun prezidenti verdi, uğurlar arzuladı, arxamda olduqlarını dedi. Bunu əvvəlki baş məşqçidən almaq bir az düz gəlməzdi də. Sadəcə, o, komandanı məndən qabaq yığmışdı və bu heyətin olmasına görə təşəkkürümü bildirdim.

 

- Sizin baş məşqçi gəlişinizlə sizə də çox yaxşı yanış olan, vaxtilə birgə işlədiyiniz Rçard Qadzenin transferi reallaşdı. Bu qanalı hücumçunun hazırkı durumu necədi?

- Qadzeni son dəfə görəndə, indiki formasından daha yaxşı idi. Həmin vaxt birbaşa Hindistan çempionatından gəlmişdi, hazır vəziyyətdə idi. İndisə hiss olunur ki, bir az ağırdı, çəkisi artıqdı. Düzdür, dünən cəmi bir məşqimiz olub. Ancaq Qadzenin bacarığına bələdəm. Sadəcə olaraq, 4 aydır oynamır, sonuncu dəfə mayda meydana çıxıb. Buna görə forma yığması baxımından bir az problemlər olacaq. Yəqin ki, bu yaxın 20 gündə müəyyən qədər də olsa formaya düşər. Ancaq yox, zədə alsa, özü də məşqlərə yanaşmada səhvə yol versə, boşluqlar etsə, bir az çətin olacaq. 

 

- Sizə qədər həll olunan bu transfer "Zirə"yə nə dərəcədə faydalı ola bilər?

- Bu iş elədir ki, komandada nə qədər çox futbolçu olursa, baş məşqçi üçün bir o qədər həm yaxşıdı, həm də çətin. Ona görə çətindir ki, bir də görürsən, iki futbolçu birdən yaxşı formadadı. Seçim qarşısında qalırsan, bilmirsən, nə edəsən, hansı futbolçunu oynadasan. Ona görə yaxşıdır ki, zədə, cəza olur və komandada rəqabət yaratmaq baxımından əladı. Bu üzdən Riçardın formaya düşməsi vacibdir ki. mənim üçün də yaxşı olsun, özü üçün də, komanda üçün də. Bugünkü duruma görə futbolçu kimi var, ancaq istifadə, güvənmək üçün olmaz, çünki komandanın ziyanına ola bilər.

 

- İndi ən aktual məsələlərdən biri köməkçilərinizin kim olacağıdı. Köhnə heyətdən yanız qapıçılarla işləyən Anar Niftəliyev qalıb ki, onunla "Zirə"də əvvəl də birgə çalışmısınız...

- Belə götürəndə, məşqdə tək deyiləm.  Akademiyamızda çalışan Rəşad Hüseynovla bir yerdəyik, mənə kömək edir. Əvvəl U-19 komandasında idi. Bu mövsüm isə əvəzedici komandamızda Kamen Vasilyevin köməkçisi idi. Köməkçi seçimində həddən artıq çətinlik var. Sözün əsl mənasında belədi. Deyim ki, konkret adlar var, onun üzərində işləyirik, belə bir şey də yoxdu. Bəli, istədiyim məşqçilər var ki, onlarla birgə çalışmağı arzulayıram. Ancaq hamısı başqa klublarda iş başındadı. Bax, bu, hazırda bizim üçün aktual problemdi, özü də böyük problemdi. Konkret ad da yoxdu. İstədiyim 2 nəfər var, iş başındadır,lar, onlara dəymək, onları yerlərindən tərpətmək də düzgün çıxmaz. Həmçinin adları da çəkmək. İşləməsəydilər, deyərdim. 

 

- Sabah keçmiş komandanızla yoxlama matçı keçirəsəksiniz...

- Açığı, "Qəbələ"ylə oyun təklifi birinci mənə gəlmişdi. Onda hələ "Qəbələ"də idim. "Zirə"dən məni yığdılar ki, oktyabrın 12-nə oyun planlaşdırırıq, bu tarix sizin üçün boşdudurmu. Bu, hələ "Neftçi"ylə oyundan sonra oldu. Baxdım ki, "Qəbələ"nin proqramına uyğundu, razılaşdım ki, 12-i oynayaq. Sonra 19-u matçımızdı, bir həftəlik tsiklə giririk. Özümün razılaşdırdığı matçdər ki, qismət belə gətirdi indi əks tərəfdə olacam.

 

- "Qəbələ"dən söz düşmüşkən, ordan ayrılmaq nə dərəcədə çətin oldu?

- Baş menecer Zaur Əzizovla görüşdüm, bugünlərdə prezident Fariz Nəcəfovla da görüşməliyəm. Aldığım təklifi ormal qarşıladılar, hiss elətdirdilər k, onlar üçün də gedişim təsirlidi. Bunu komandadan ayrılanda hiss edirsən ki, "Qəbələ" sənin üçün artıq doğmalaşıb. Orda ola-ola işə başın qarışır, buna diqqət yetirmirsən. Məşqdən qabaq komandayla, futbolçularla da normal görüşdüm və normal ayrıdlıq. 

 

 

 

MEHMAN SÜLEYMANOV

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB