TOP 10

Bəhreyn matçının görünməyən bucaqları

Futbol
Tarix: 2019-10-10 11:00

Ötən axşam milli komandamız Bəhreynlə səfərdə keçirdiyi yoxlama oyununda 3:2 hesablı qələbə qazandı. Əvvəldən də aydın məsələ idi ki, nəticə ən arxa planda dayanan məqsəd sayılırdı. Bu matç oktyabrın 13-də Macarıstan millisi ilə Budapeştdə baş tutacaq Avropa çempionatının seçmə qrup mərhələsi oyununa hazırlıq planının tərkib hissəsi idi.

 

İndi məsul oyun öncəsi baş repetisiyaya baxış keçirməyin əsl məqamıdır. Görmək istədiklərimizi görə bildikmi? Bəs, Nikola Yurçeviç necə, öz istədiklərini ala bildimi? Start heyəti nə dərəcədə optimal idi? Taktiki düzülüs macarlarla oyun üçünmü hesablanmışdı? Bəhreynin qapısına vurulan 3 qol hansısa suları durultdumu? Bəs, buraxılan iki qol nədən xəbər verir? Bütün bu və digər suallara təqdim etdiyimiz materialda yer verəcəyik.

 

Başlayaq start heyətindən. Fikrimizcə, xırda zədəsi olan və bu səbəbdən məcburiyyətdən ehtiyatda saxlanılan Qara Qarayev Budapeşt matçında start heyətində yer alacaq. Elə Təmkin Xəlilzadənin də oyuna sonradan yox, ilk dəqiqələrdən daxil ediləcəyini düşünürük. Qaranın Emin Mahmudovun əvəzinə ilk dəqiqələrdən oynayacağını düşünürük. Təmkinlə gəlincə... Burda artıq taktiki düzülüşə baş vurmalıyıq. Əgər Manamadakı matçda millimiz adət etmədiyi 4-3-3 sxemindən istifadə edirdisə, Macarıstanda “yalançı” 5-4-1 modelinə əl atılacağını düşünürük. Niyə “yalançı”? Çünki komandamız hıcum quranda sol cinah müdafiəçisi eyni xətt üzrə yarımmüdafiəçiyə çevriləcək və düzülüş 4-5-1 sisteminə transformasiya olacaq. Belədə, Xəlilzadə Şəhriyar Rəhimovun ötən axşamkı mövqeyində oynaya bilər. 

 

Millimizin vurduğu qolları xatırlayarkən, iki məqam diqqət çəkir: 


1) Hər 3 qol meydan sahiblərinin müdafiədə buraxdıqları səhvlərdən sonra vuruldu;


2) Hər üç halda milli futbolçularımız rəqibi yüksək pressinq məngənəsinə salmaqla, səhvə yol verməyə məcbur etdilər.


Aydın məsələdir ki, Bəhreyn və Macarıstan yığmallarının səviyyəsi eyni deyil. Ancaq biz eyni halı tək vurulan qollar zamanı deyil, oyunun gedişatında çox gördüksə, bu, bir şeydən xəbər verir: millimiz Budapeştdə zaman-zaman yüksək pressinqdən istifadə etməyi planlaşdırır. Bu abzasda buraxılan 2 qol məsələsinə də toxunaq. “Birinci skripka”yla oynayan millimizin müdafiə redutları top rəqibdə olarkən zaman-zaman sıxlıq yarada bilmirdi ki, bu da Macarıstanla oyunda müşahidə olunmayacaq. Çünki Budapeştdə komandamızın “2-ci nömrə”ylə oynayacağına şübhə etmirik.


İndi də diqqətimizi cəlb edən ən pozitiv məqam barədə. Künc zərbələri zamanı millimiz bir tək Vaqif Sadıqovdan qalan elementdən savayı heç vaxt heç nəylə öyünməyib. Dünən isə bir yeniliyə rast gəldik. Top yaxın küncə havalandırılırdı. Bunun ən üstün cəhəti nədi? Bu cür ötürmələr zamanı rəqib qolkiper “ofsayt”da qalır: mübarizə ancaq meydan oyunçuları arasında gedir. Ancaq top cərimə meydançasının mərkəzinə, yaxud qapının uzaq küncünə ötürüldükdə, mübarizəyə qapıçı da qoşulur. Nəzərə alsaq ki, onsuz da ortastatistik avropalı futbolçu bizimkilərdən ucaboydu, bu cür standart vəziyyətlər vaxtı fərqlənmək şansımız minimuma enir. İndiki halda isə Yurçeviçin gətirdiyi künc zərbəsi yeniliyi bizimkilər üçün olduqca əlverişlidir. 


Sonda nəticəyə də toxunaq. Yurçeviçin eksperimental heyəti Manamadan qələbəylə ayrıldı. Bütün hallarda, rəsmi oyuna 3 gün qalmış qazanılan qələbə düşərgəyə əlavə ruh yüksəkliyi gətirir. Elə fərdi qaydada da xeyli müddətdir qola həsrət qalan Ramil Şeydayevin fərqlənməsi pozitiv faktordur. Digər tərəfdən Təmkin Xəlilzadə də ardıcıl ikinci oyunda qol vurdu ki, bu da cinah oyunçumuza əlavə stimuldur. Bütün qeyd etdiklərimizin Macarıstanla oyunda nə dərəcədə faydalı olacağını isə zaman göstərəcək.

 

 

CEYHUN ƏLİYEV
 

11 Noyabr 2019
10 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB