TOP 10

"40+ Liqa"da mübarizə qızışır: "Veteranlar"dan növbəti əzmkar qələbəylə vahid liderlik, "Qusik"dən növbəti qol

Futbol
Tarix: 2019-09-23 15:20

Ötən gün “40+ Liqa”da II turun qarşılaşmaları keçirildi. Turnirin əsas favoritlərindən sayılan 3 komanda yollarına itkisiz davam etdi.

 

Turun açılış matçında “Baktelekom” “Keşlə”ylə qarşılaşdı. İlk oyunda olduğu kimi, bu dəfə də “rabitəçilər”in iştirakı ilə keçən görüşdə azarkeşlər bolqollu oyuna şahidlik etdilər. İlk turda 8:9 məğlub olan “Baktelekom” rəqib komandanın lideri Tərlan Əhmədovun yoxluguna rəğmən, bu dəfə də “ağ bayraq” qaldırdı - 6:8.

 

Günün ikinci qarşılaşmasında heyətində futzal tariximizin ən parlaq simaları olmuş Mahir Eyniyev, Ağatahir Əzimov, Allahverdi Babayev, Müslüm Hüseynov, Zeynal Zeynalov kimi oyunçuların yer aldığı “Pioner Arena” “Qardaşlar” kollektivini darmadağın etdi - 14:1.

 

Günün ən gərgin matçı “BravoDent”lə “Sport24.az” kollektivləri arasında keçdi. Müxtəlif səbəblərdən oyuna cəmi 6 komanda üzvümüz gəlmişdi ki, bu da matçı əvəz olunmadan keçirməyimizi şərtləndirdi. Məhz fiziki cəhətdən yorğunluq yekunda “həkimlər”in lehinə işləyən həlledici məqam oldu. 2:1 hesabı ilə qalib gələn “BravoDent” turnirdə ilk qələbəsini qazandı.

 

Günün son görüşündə “Veteranlar” “Old Stars”la qüvvəsini sınadı. İlk yarıda hesabda 3 dəfə önə çıxan “köhnə ulduzlar” fasiləyədək əsl ulduzlara müqavimət göstərməyi bacardı - 3:4. Ancaq ikinci hissə bütünlüklə “Veteranlar”ın diqtəsi altında keçdi və final fiti onların 9:4 hesablı qələbəsini rəsmiləşdirdi. Məğlublarda keçmiş hücumçu Xaqani Məmmədov debütünü het-triklə qeyd etdi. 

 

Bu tur da maraqlı məqamlarla yadda qaldı. Xüsusilə, son görüşdən qeyd olunası anlar var. Hesab 6:4 “Veteranlar”ın xeyrinə olarkən, İlham Yadullayev ikinci sarı vərəqə alaraq, komandasını azlıqda qoydu. Həmin 3 dəqiqə kəsiyində “Old Stars” nəinki fərqi minimuma endirə bilmədi, hətta qapısında 2 cavabsız top gördü. Hesab 8:4 olduqdan sonra zarafatından qalmayan Zaur Ramazanov üzünü oyunu kənardan izləməli olan İlham Yadullayevə tutaraq “sən qoymursanmış ki bizi qol vurmağa” deməklə ətrafdakıların təbəssümünə səbəb oldu. 

 

Bu oyunda daha bir ənənə davam etdi. İlk görüşdə olduğu kimi, “Veteran”ın qapıçısı Hüseyn Məhəmmədov yenə də qol vurdu. Maraqlıdı, "Qusik" ləqəbli Azərbaycanın ən titullu qapıçısı növbəti turda qarşılaşacaqları çempionluq yolunda əsas rəqibləri sayılan “Pioner Arena”yla matçda da rəqib qapısına tərəf irəliləməyə cürət edəcək?

 

İki turdan sonra “Veteranlar” vahid lider olsalar da, itirilən xallara görə “Pioner Arena” və “Keşlə” ilə ilk pilləni bölüşürlər. Turlar ötdükcə isə gərginlik durmadan artacaq.

 

1. Veteranlar      2 2 0 0 19-7     6
2. Pioner Arena  1 1 0 0 14-1    3
3. Keşlə               1 1 0 0   8-6    3
4. Old Stars        2 1 0 1 18-13   3
5. Sport24.az    2 1 0 1 10-10   3 
6. BravoDent     2 1 0 1  5-11    3
7. Baktelekom   2 0 0 2 14-17   0

8. Qardaşlar      2 0 0 2   5-28  0
 

 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB