TOP 10

Çin müdriklərindən Bordinə 7 bənddən ibarət məsləhət

Futbol
Tarix: 2019-09-23 11:18

Qədim çinlilər hər zaman fəlsəfi fikirləri ilə dünya xalqlarına örnək olardı. Ötən axşam “Neftçi”nin baş məşqçisi Roberto Bordinin “Keşlə”ylə matçdan sonra mətbuat konfransında səsləndirdiyi problemə məhz qədim asiya müdriklərinin deyimlərinə müraciətlə məlhəm axtardıq. İtaliyalı çalışdırıcı başlıca problem obrazında psixoloji gərginliyi göstərdi. Tam inandırıcıdı. Bəs, çinlilər bələdə, hansı dərmanı məsləhət görür? Əvvəlcə, gəlin çinlilərin bu 7 bənddən ibarət tövsiyələrinə diqqət yetirək:

 

1) - Yaşınızı unudun.
2) - Özünüzə qiyməti doğum tarixinizə uyğun verməyin.
3) - Düyü yeyin, çay için, əti tərəvəzin içində gizlədin.
4) - Böyrəyiniz isti, başınız soyuq olsun.
5) - Daim gülümsəyin, pis anları unudun.
6) - Yumşaqsınızsa, deməli, müdafiə olunmağı bacarmısınız; sakitsinizsə, deməli, yumşaqsınız; sağlamsınızsa, deməli, sakitsiniz.
7) - İnsanları sevin, kimləri ki sevmək mümkün olmur - onlara fikir verməyin.

 

Bəs, bu deyimlərin “Neftçi”nin baş məşqçisinə nə dəxli var? Var, özü də lap yaxından!

 

1 və 2) Yaş deyərkən çinlilər həyat təcrübəsini nəzərdə tutur.  Bordinin nümunəsində isə bu, baş məşqçi təcrübəsinə şamil edilməlidir. Baxmayaraq ki, italiyalının baş məşqçi karyerası elə də zəngin deyil, indiki məqamda o, özünü o qədər əmin aparmalıdır ki, yetirmələri də inansın ki, onun hər bir kəlməsi dünya şöhrətli mütəxəssis tərəfindən deyilir.

 

3) Burda çinlilər qocalmamağın sirrinə toxunur. Bordinli “Neftçi” ötən mövsüm ərzində çempionatda uzun müddət lider oldu. Cari avrokubok mövsümündə də yetərincə irəliləyişə nail oldular. Bordin həmin nəticələrin reseptinə bələddir. İndiki reseptində ola bilər, əvvəlkilərlə müqayisədə, hansısa inqrediyentlər dəyişdirilib. Deməli, 53 yaşlı çalışdırıcı əvvəlki “düyü və 3 bacı dolması”na qayıtmalıdır.

 

4) İndiki məqamda Bordin ən sadə yolla qələbə axtarmalıdır. Çünki “böyrəyinin isti, başının soyuq” olması üçün hazırkı məqamda ilk növbədə nəticə lazımdı. Baxımlı futbol isə sonranın işidi.

 

5) Bordinin kommunikasiya problemi də var. Meydandakı uğursuzluğu konfrans zalına da daşıyır. Media işçiləri ilə kəllə-mayallaq danışırsa, təsəvvür edin futbolçularla ünsiyyətdə necə problemlər yaşaya bilər?! Ən ağır vəziyyətdə gülümsəyərək verilən cavabla labirintdən çıxmaq mümkündü. Xırda detaldı? Əsla!

 

6) Bu bənd özünənəzarət deməkdi. Bordin ilk növbədə güzgüdə özünü izləməlidir və qüsurlarını aradan qaldırmalıdı. 

 

7) Bordin ətrafındakılara maksimum nəvaziş göstərməlidi - futbolçulara da, klub rəhbərliyinə də, jurnalistlərə də, azarkeşlərə də - çünki hazırkı durumda o, hədəfdə olan “əsas qəhrəman”dı. Kimlər ki, bu sayğıya hörmətsizliklə cavab verəcəklər, həmin adamlara ümumiyyətlə, fikir verməmək ən düzgün addım olar.

 

İnanmaq istəyərdik ki, çinlilərin məsləhətləri Bordinin “isti böyrək və soyuq baş”a qovuşmasına yardım edəcək.

 

 

CEYHUN ƏLİYEV
 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB