TOP 10

Amil əvvəlki Amildən də yaxşı olmağa çalışacaq: "Havanı bəhanə etmirəm, amma mövqe tutmaq çətin idi"

Futbol
Tarix: 2019-09-21 22:00

"Sumqayıt"ın futbolçusu Amil Yunanov Premyer Liqanın V turunda evdə "Sabah"ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra müsahibə verib. Hücumçu Sport24.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə əvvəlcə qələbəni şərh edib.

 

- Belə havada oynamaq çətindir. Son 3 matçda uduzmuşduq. Buna görə az da olsa, üzərimizdə təzyiq var idi. Şükürlər olsun, qələbə qazandıq. Əsas olan 3 xal idi, onu da əldə etdik.

 

- Öz oyununu necə şərh edərdin?

- Bəzi məqamlarda qol epizodlardan istifadə edə bilmədim. Havanı bəhanə etmirəm, amma mövqe tutmaq çətin idi. Belə görüşlərdə, sadəcə, vuruşmaq lazım idi. Vacib xallar qazandıq.

 

- "Sumqayıt"a ikinci gəlişindən sonra oyunun əvvəlki kimi alınmır. Bu, nə ilə bağlıdır?

- Ötən mövsüm "Keşlə"də son oyunlarda meydana çıxmadım ki, bu da öz təsirini göstərir. Yay təlim-məşq toplanışımız ağır keçdi. Amma artıq hər şey qaydasına düşür. Vəziyyətim yaxşılığa doğru gedirəm. Çalışacam ki, əvvəlki Amildən də yaxşı olum.

 

- "Keşlə"ni karyeranda geriyə addım saymırsan?

- "Sumqayıt"dakı son mövsümümdə 13-14 qol vurmuşdum. Ancaq "Keşlə"yə keçəndən sonra çıxışımda eniş oldu. Halbuki, pis başlamamışdım. Sonrası isə yaxşı olmadı. Mövsümün sonlarına doğru az şans qazandım. Bu amil məni geriyə atdı. İnanıram ki, vəziyyətdən çıxacağam.

 

- Qarşıdan "Sumqayıt"ı "Qarabağ"la çətin oyun gözləyir...

- Bilirsiniz ki, "Qarabağ" bu dəqiqə Azərbaycanın ən güclü komandasıdır. Onlara qarşı oynayanda istər-istəməz daha motivasiyalı olursan. Güclü komandalara qarşı oynamağı sevirəm. Bu, bizim üçün də yaxşıdır. Səfərdə oynasaq da, xal qazanmağa çalışacağıq.

 

 

 

MEHMAN SÜLEYMANOV

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB