TOP 10

"Keşlə" "40+ Liqası"ında mükafatçı yerlərə oynayacaq: "Ora çıxmamışıq ki, yalandan gəlib oynayaq, gedək"

Futbol
Tarix: 2019-09-21 17:00

"40+ Liqa"da "Keşlə"nin iştirak ərizəsində hamımız yer almışıq. Yəni mənimlə yanaşı, köməkçimlərim də komandada olacaq. Ancaq ilk matçda mən olmayacam. Çünki bazar günü Premyer Liqada "Neftçi"ylə matçımız var. Ola bilər ki, köməkçilərimdən bir-ikisi gedib oynasın. İmkan düşsə, boş vaxtımıza düşsə, mütləq özüm də oynayacam". Bu fikirləri Sport24.az-a açıqlamasında "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Ötən bazar start götürən "40+ Liqası"nın iştirakçıları da "Keşlə" də olacaq. Bu, əsas komandanın, futbol akademiyasının məşqçilərindən ibarət kollektiv olacaq. Ancaq Əhmədov "Keşlə" üçün turnirdə ilk matçda oynaya bilməyəcək. Çünki sabah saat 18:30-da "Neftçi"ylə "Bakcell Arena"da V turun qarşılaşması olacaq. Millimizin sabiq kapitanı həftədə 3 dəfə axşamlar futbol oynadığını diqqətimizə çatdırıb: "Bunlar dost-tanışlarladı. Aralarında tanınmış futbol adamları da var, deputatlar da, ümumiyyətlə, hər bir sahədən insanları var. Bu turnir isə daha çox maraqlıdı. Çünki vaxtilə bir yerdə oynadığın, komanda yoldaşı və ya rəqibin olduğun o qədər tanınmış simalar var.  Yaddan çıxmış kecmişi bir araya gətirirsən, onlar gündəmə gəlir. Çoxdandı çoxumuz bir-birimizlə görüşə bilmirik. İş baxımından çıxa bilmirsən. Bazaya gəlirsən, məşqlər, analizlər...Nəticədə çoxlarını uzun müddətdi görə bilmirsən. Ancaq belə oyunlar, belə turnirlər istər-istəməz hamımızı birləşdirir, yenidən gündəmə gətirir. Baxmayın, bizim də keçmişimiz adamın gözünün önünə gəlir. Gəlib oyuna baxanda xüsusi bir hissllər keçirirsən. Veteranlar çox oynayanda, görürsən ki, bir o qədər ajiotaj böyük olur, nəinki adi futbolda. Biz veteranların da bir-birimizi uzun müddət görməməyimizlə əlaəqdar belə oyunların təşkili daha məqsədəuyğundu".

 

48 yaşlı Əhmədov ötən mövsüm qapıçısı olan Davud Kəriminin təşəbbüsünü alqışlayaraq təşkilatçısı olduğu turnirdə nəticəyə oynayacaqlarını gizlətməyib: "Əlbəttə, nəticənin öz yeri var, gündəmə gəlməyin də öz yeri. Əsas odur ki, hər bir turnirin özünün ajiotajı, tələbi var. Biz də mükafatçı yerlər uğrunda mübarizə aparacağıq. Ora çıxmamışıq ki, yalandan gəlib oynayaq, gedək. Onsuz da hamımız həftədə 3 dəfə sağlamlağımız üçün futbol oynayırıq".

 

Məlumdur ki, turnirdə böyük futbol oynamışlarla yanaşı, futzalçılar da çıxış edir. Həmsöhbətimziin fikrincə, top qovanda, xüsusi seçilən olmur: "Hamımız oyunçuyuq. Meydança da bağlıdı. Böyük futbol oynayanlar üçün həmişə qapalı, yaxud kiçik ölçülü meydança həmişə çətin olur. Bu baxımdan futzal oynayanlar üçün daha rahat olur. Çünki fərqli-fərqli aspektlərdi, müxtəif oyunlardı. 11-11-ə başqadı, 5-5-ə və ya 6-6-ya başqa. Hər birində istər-istəməz hazırlıq prosesi, oyunun tempi fərqlidi. Hər halda, artıq biz də  xeyli vaxtdı dostlarla mini futbol oynayırıq. Ona görə düşünmürəm ki, topun, meydançanın ölçüsü kimi şeylər bizə çətinlik yaratsın".

 

Xatırladaq ki, Əhmədovun köməkçiləri sabiq futbolçular, keçmiş komanda yoldaşları - Zaur İsmayılov, Vadar Nuriyev, Mehman Babayev və Cəmaləddin Əliyevdi. 

 

 

MEHMAN SÜLEYMANOV

13 Noyabr 2019
12 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB