TOP 10

Tahir Gözəlin ən böyük arzusu: “İspanlara qarşı matçda İsmayıl İbrahimliyə daha çox şans tanımaq olardı”

Futbol
Tarix: 2019-09-21 10:47

“Məğlubiyyətə baxmayaraq, “Qarabağ” gözəl futbol sərgilədi. Deyərdim ki, bu, bütün Azərbaycanı qürurlandıran bir oyun oldu. Yaxşı oyuna baxmayaraq, nəticə ağır oldu. İlk topa qədər hər şey istədiyimiz məcrada davam edirdi. Cərimə zərbəsindən gələn qolda qapıçımızı günahlandıra bilmərik. Zərbə əla alınmışdı”. Bunu Sport24.az-a açıqlamasında Avropa Liqasının qrup mərhələsinin ilk oyununda İspaniya “Sevilya”sına 0:3 hesablı məğlubiyyətdən sonra “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl deyib.

 

Həmsöhbətimiz böyükhesablı məğlubiyyətdən sonra da komandasına güvənini gizlətməyib: “Qrupumuz ağırdı. Bunu “Düdelanj”ın səfərdə APOEL-i məğlub etməsi də göstərdi. Ancaq “Qarabağ” da zəif deyil axı! Mənim ən böyük arzum istedadlı azərbaycanlı uşaqlarımızı Avropaya tanıtmaqdı. Şəxsi fikrimdi, ispanlara qarşı matçda İsmayıl İbrahimliyə daha çox şans tanımaq olardı. Məsələn, 20 dəqiqə. Niyə tezdir ki, nəyi tezdir ki? Qoy, oynasın, bərkə-boşa düşsün, Avropaya adından söz etdirsin”.

 

Klub vitse-prezidenti ölkə daxilində rəqabətsizlikdən narahatlığını gizlətmədi: “Bu cür bizə də çətin olur. Bir tərəfdə Avropada mübarizə, istedadlı uşaqlarımızı tanıtmaq cəhdi, digər yandan da zəif çempionatımız. Bəli, bu gün “Qarabağ” bütün klublarımızdan üstündür. Bura tək sərgilənən futbolu daxil etmirəm, klubların büdcələri də “Qarabağ”dan kəskin şəkildə fərqlənir. Əlbəttə, daha rəqabətli çempionat istəyirik ki, futbolçularımız beynəlxalq arenada daha inamlı çıxış etsinlər”.

 

 

 

FƏRƏC ASLANOV

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB