TOP 10

"Düdelanj"ın sürpriz qələbəsi Arif Əsədovun fikrini dəyişdirməyib: "Qarabağ" "Sevilya"ya qarşı düzgün oynayırdı, "Atletiko"yla matçdakı mənzərəyə şahid ola bilərdik"

Futbol
Tarix: 2019-09-20 16:16

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində yeni mövsümə məğlubiyyətlə başlayacağını gözləmək olardı. Qurban Qurbanovun komandası evdə çıxış etsə də, rəqib çox güclü, İspaniya Primerosunun hazırkı lideri "Sevilya" idi. "Qarabağ"ın Tofiq Bəhramov adına Respublika stadionunda 0:3 hesabıyla uduzduğu matçı dəyərləndirmək üçün mütəxəssis olaraq komandanın sabiq kapitanı, millimizin məşqçisi Arif Əəsdovu seçdik.

 

- "Qarabağ"ın Primeronun hazıkrı lideriylə görüşü hansı mənzərəni ortaya qoydu?

- Bilirdik ki, "Sevilya" öz çempionatının lideri kimi Bakıya gəldiyindən bizə çox çətin olacaq. Bir sıra aparısı futbolçuları oynamasa da, bu komandanın potensialı göz qabağındadı. Matça gəlincə, düşünürəm ki, "Qarabağ" oyunu düzgün qurmuşdu və bu sonadək olsaydı, nəticə mümkün idi. İlk qola kimi düzgün oynayırdıq. "Sevilya"nın ərazi üstünlüyü var idi, amma qol vurmaqda hardasa çətinlik çəkirdi. Sadəcə, hesabın açılması "Qarabağ"ı məcbur elədi ki, açıq futbol oynasın. Bu zaman rəqibə daha rahat oldu və sürətli əks-hücumlarda 2 qol da vurdu. Qolsuz bərabərlik bir az da uzansaydı, "Atletiko"yla Bakıdakı matçdakı mənzərəyə şahid ola bilərdik. Yəni, rəqib get-gedə əsəbiləşə bilərdi, gərginlikdə olacaqdı və bu zaman da oyunları pozulacaqdı, meydanda istədiklərini edə bilməyəcəkdi. Ancaq vurulan ilk qol ispanlara rahatlıq gətirdi və bu zaman bir az da arxayın oynamağa başladılar.

 

- Tanışmış, bəstəboy hücumçu Çiçarito gözəl zərbəsindən elə gözəl qol vurdu və uzaq "doqquzluğ"a göndərdiyi topu Asmir Beqoviç kimi hündürboylu, təcrübəli qapıçı da çıxara bilmədi...

- Ona görə deyirlər ki, qiymətli futbolçu belə yerdə görsənir. Komanda oyundan qol vura bilməyəndə, standart vəziyyətlər ön plana keçir. Bu zaman Çiçarito, Ronaldo, Messi kimi ulduz futbolçular səhnəyə çıxırlar, fərdi ustalıqlarını nümayiş etdirirlər. Onlar komandanı arxasınca apara bilən liderlərdi. Çiçarito dünənki oyunda lazımı anda lazımı qol vurdu və bundan sonra komandası xeyli rahatlaşdı, hər şey qaydasına düşdü. Həmin qolda Beqoviçi günahlandırmaq olmaz. "Canlı sədd"i düzgün qurdu, zərbəyə də tullandı. Sadəcə, elə ustaqlıqla vurmuşdu ki, o topu çıxarmaq mümkün deyildi.

 

- Həmin cərimə zərbəsini Miçel Madera etdi, digər qolda da onun səhvi vardı. Təcrübəli ispan yarımmüdafiəçiyə belə matçda, üstəlik, həmyerliləriylə görüşdə ümidlər böyük idi. Ancaq o, komandanı çətin vəziyyətdə qoyan xətaları ilə yadda qaldı. Bir futbolçunu məğlubiyyətdə günahlandırmaq nə dərəcədə düzgün olardı?

- Məğlubiyyətdə bir nəfəri günahlandırmaq olmaz ki, hər şey onun səhvindən oldu. Rəqib o qədər güclü idi ki, "Qarabağ"ın aparıcı futbolçularının da oyununu görə bilmədik. Məsələn, götürək Abdullah Zubiri. Digər matçlarda görürdük ki, o, fərdi oyun keyfiyyətləri ilə rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaradır, komandanı arxasınca daşıyırdı. Ancaq bu dəfə onu görmədik. Yaxud irəli tək hücumçumuz olan Maqade Qeye meydanda görünmədi. "Qarabağ" bu oyunda daha çox kompaktlığa üstünlük verdi ki, müdafiədə rəqibə boşluq verməsin, əks-hücumda öz xoşbəxtliyini axtarsın. "Sevilya"ya qarşı belə oynamaq lazım idi. Deyək ki, taktika düzgün deyildi, yox. Sadəcə, hər şeyi ustalıq səviyyəsindəki fərq müəyyənləşdirdi.

 

- Zədəli Mahir Emrelinin yeri görünürdümü?

- Əlbəttə, belə görüşlərdə ki kompakt oynayırsan, rəqibi 1-ci, 2-ci zonada qarşılayırsan, topu ələ keçirəndə səndə sürətli futbolçular olmalıdır ki, hücumu tamamlasın. Elə Millimizin Xorvatiya yığmasıyla son matçında da belə epizodlar olmuşdu, eyni mənzərə yaşanırdı və bu zaman Mahir kimi sürətli futbolçunun faydasını görmüşdük. Rəqibi sürətli əks-hücumda yaxalayanda belə futbolçulara ehtiyac yaranır. Xayme Romero də sürətli futbolçudu və Emreliylə ikisi çətinlik yarada bilərdilər. Ancaq tək Romeronun ümidinə qalanda, başqa sürətli ön xətt oyunçun olmayanda çətinlik çəkirsən.

 

- "Qarabağ"ın yerli futbolçuları - hansılar ki əksəri millimizin üzvləridi - belə güclü rəqiblə matçda meydanda it-bat olmamışdılar?

- Yox. Düşünürəm ki, hər biri öz səviyyəsində oynadı. Deyəsən ki, hansısa potensialından zəif çıxış etdi, yox, belə şeyi görmədik. Məsələn, Maksim Medvedev, öz mövqeyində çıxış etməsə də, əlindən gələni etdi. Hiss olundu ki, arxada Maksimin olmasıyla rəqibin hücumlarının dəf edilməsi fayda görürdük. Onunla müdafiənin mərkəzində çıxış edən Bədavi Hüseynovun qayıtması sevindirir. Düzdür, zədədən sonra tam yüfaizli hazır olmasa da, yavaş-yavaş, oyundan-oyuna formasına düşür.  Qara Qarayevlə Riçard Almeyda da əsas heyətdə çıxış etdilər, Deyim ki, pis deyildilər, əllərindən gələni etdilər. Mahirin zədəli olması bir az narahat edir.

 

- Yeri gəlmişkən, onun hazırkı durumuyla maraqlanmlsınız? Sağalması millinin növbəti rəsmi matçınadək uzanmayacaq ki?

- Bu işlə millimizin həkimi məşğul olur. Hələ vaxt var. Yəqin ki, inşallah, oyunadək bərpa olunar.

 

- "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun bu matçda ehtiyatda qalması sizin üçün gözlənilməz olmadı?

- Əlbəttə, zədəylə bağlı idisə, itki idi. Komandanın belə oyunlarda belə təcrübəli futbolçuya, kapitanına böyük ehtiyacı olur. İnanmıram ki, Sadıqov başqa səbəbdən əsas heyətə düşməsin, sərəncamında Rəşad kimi mərkəz müdafiəçisi ola-ola Maksimi həmin mövqedə oynadasan. Yəqin, nəsə problem varmış ki, Sadıqov oynamırdı. Ümumiyyətlə, fikrimcə, "Qarabağ"ın mərkəz müdafiəçisi mövqeyinə transferə ehtiyacı var. Özünüz də görürsünüz ki, Rahil Məmmədov zədə üzündən yoxdu, Rəşad da olmayanda, çətinliklər çəkirlər. Məncə, "Qarabağ"a həmin mövqeyə mütləq bir legioner lazımdı. Bunun yeri görünür.

 

- Səmimi olsaq, qrupumuzda digər nəticəni gözləyirdiniz?

- Əlbəttə, "Düdelanj"ın Kiprdə qələbə qazanması məni təccübləndirdi. Ancaq eyni zamanda bir daha göstərdi ki, Lüksemburq komandası düşündüyümüz kimi zəif deyil. Qrupa düşüblərsə, deməli, nəyinsə hesabına, hansısa keyfiyyətləri var ki, bu komanda sürpriz edir. Sübut olundu ki, "Düdelanj"la da heç də asan olmayacaq. Ancaq onun udması "Qarabağ"ın xeyrinədi, nəinki ziyanına.

 

- Hansı planda?

- Məncə, 2-ci yer uğrunda mübarizəni yenə "Qarabağ"la APOEL aparacaq. Bu mənada kiprlilərin evdə 3 xal itirməsi təmsilçimiz üçün müsbətdi.

 

- Ancaq bir arzuolunmaz reallıq da var. "Düdelanj" "Qarabağ"a da qalib gəlir və 6 xalla 2-ci yerə gözlənilmədən əsas namizəd olur...

- Belə sensasiya ola bilər. Ancaq düşünmürəm ki, bu nəticə olacaq. Məncə, "Qarabağ" Lüksemburqdan xal gətirəcək.

 

- 1 yoxsa, 3? Sizcə, indiki məqamda Lüksemburq klubundan 1 xal da almaq bizə sərf edir?

-  Fikrimcə, marafon hələ uzundu. Əsas odur orda uduzmayasan ki, rəqib 6 xalla böyük üstünlük qazanmasın. Lüksemburqdan 1 xal almaq da hardasa pis nəticə deyil. Sonra evdə APOEL-də matçda qazandığın qələbəylə 2-ci yer uğrunda mübarizədə şanslı olacaqsan. 

 

- Siz də hesab edirsiniz ki, kiprlilərlə qoşa oyunlarımız 2-ci yerin müqəddəratını böyük ölçüdə həll edəcək?

- Bəli. Ona görə də "Düdelanj" APOEL-dən onun meydançasında 3 xal götürübsə, deməli, bizim də ordan xal qayıtmağımız həm mümkündü, həm də müsbət olardı. Bu zaman iki rəqibini onun meydanında büdrətmiş olursan. Kiprdəki matçda epizodlara baxdım, meydan sahibləri çox intizamsız oynayırdı. Hücuma gedirdilər, arxada çox böyük boşluqlar buraxırdılar. Rəqib də bundan istifadə edərək 4 qol vurdu. "Qarabağ" bu qarşılaşmadan nəticə çıxararaq düzgün oynayar.

 

- Püşkdən sonra axırıncı pillədə "Düdelanj"ın olacağı göstərilirdisə, ilk turdakı nəticələrdən sonra fikirlər birmənalı dəyişilib. Bəs sizdə necə? Necə hesab edirsiniz, 2-ci yer mübarizəsində "Qarabağ", APOEL və "Düdelanj"ın şansları eynidi?

-  Məncə, birinci turdan sonra nəsə demək düzgün deyil. Burda hər zaman təsadüflər də ola bilər. İkinci turdan sonra mənzərə aydınlaşacaq. "Qarabağ" Lüksemburqdan arzuolunmaz məğlubiyyətlə dönsə, onda artıq "Düdelanj" 2-ci yerə favorit olacaq. Ancaq yenə də əsas mübarizənin "Qarabağ"la APOEL-in arasında gedəcəyini görürəm.  

 

 

 

MEHMAN SÜLEYMANOV

 

 

 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB