TOP 10

Başımıza kül səpməyək, və ya Hər şey yaxşı olacaq!

Futbol
Tarix: 2019-09-20 11:00

Gözlənilən baş verdi. “Qarabağ” yox, Azərbaycan Premyer Liqasının bütün klublarının yığma komandasını yaratsaydıq da, ötən axşam İspaniya Primerosunun lideri ilə bacarmaq mümkün deyildi. 

 

İndi hamı kimin zəif, kimin bacarığından aşağı səviyyədə oynaması barədə danışır. Azərbaycan çempionunun hücum potensialının əsas yükü kimlərin üzərinə düşür? Abdullah Zubir, Hayme Romero, Riçard Almeyda, Mahir Emreli. Mahir zədə səbəbindən oyunda yox idisə, ispan, fransız və braziliyalı start heyətində yer almışdı. Ancaq “süvarilər” sözügedən futbolçuların klonlarından ibarət “11-lik” formalaşdırsaydı da, ustalıq səviyyəsindəki astronomik fərq yenə də “Sevilya”nın tərəfində olacaqdı. Bax, buna görə də meydanda nə Hayme, nə Zubir, nə də Almeyda görünürdü. Futbolun yazılmayan qanunu var: “Hər komanda rəqib imkan verdiyi qədər oynayır”. “Sevilya” isə təmsilçimizi bütün komponentlərdə üstələyirdi. Bir tək istəklə isə çox nadir hallarda müsbət nəticə əldə etmək mümkün olur. 

 

Xulen Lopeteqinin yetirmələrinin üstünlüyünü şərtləndirən birinci amil daha sürətli düşüncə qabiliyyətinin olması idi. Abbas Hüseynovun Tomaş Vatsliklə təkbətək çıxdığı epizodda hamı cinah müdafiəçimizi qınadı. Epizodu xatırlayaq. Abbas topu sinəsi ilə əla ram etmişdi, qalırdı yaxın məsafədən uzaq küncü dəqiq nişan almaq. Hüseynovun düşünmə bacarığının rəqibindən aşağı olması qərar verməsini yarım saniyəlik yubatdı və bu, “Sevilya”nın müdafiəçisinin onun başının üstünü kəsdirməsi üçün kifayət etdi. 

 

Yuxarıda qeyd etdiyimiz epizod hücumla bağlı idisə, müdafiədə də eyni ssenari idi. Yəni, “Qarabağ” ansamblından kimisə ayırıb “zəif bənd” kimi göstərmək düzgün deyil. Kollektiv şəkildə rəqib komandamızdan aşkar üstün idi ki, bu da yekunda tabloda öz əksini tapdı. Bəli, hesab 0:1, 1:3, yaxud 0:5 də ola bilərdi. Ancaq “Sevilya” Bakıdan 3 xalla ayrılmağa gəlmişdi və şans ancaq möcüzəyə idi.

 

İndi başımıza kül səpmək vaxtı deyil. Əksinə, əsas rəqiblərlə oyuna hazırlaşmaq lazımdı. Bəli, “Düdelanj” səfərdə APOEL-i məğlub etməklə böyük sensasiyaya imza atdı. Ancaq bu nəticəyə əslində sevinmək lazımdı. Ötən gün sizlərə təqdim etdiyimiz yazıda “Qarabağ”ın Lüksemburq təmsilçisindən 6 xal alacağı təqdirdə, 1/16 finala yüksələcəyini proqnozlaşdırmışdıq. Elə indi də dediklərimizin üstündə dayanırıq. Eyni zamanda, APOEL-i “Düdelanj”dan daha güclü komanda sayırıq...Ağdamlıları isə hər ikisindən. Yetər ki, Qurban Qurbanovun drujinası oyuna maksimal konsentrasiya olsun. Çünki “Qarabağ” həm təcrübə, həm də futbolçularının fərdi keyfiyyəti baxımından bu iki komandadan geri qalmır. 

 

3 oktyabrda çempionumuzu Lüksemburq səfəri gözləyir. Necə olacaq? Hər şey yaxşı olacaq, lap əla!

 

 

CEYHUN ƏLİYEV
 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB