TOP 10

“Qarabağ”ın imtahanla başlayan startı

Futbol
Tarix: 2019-09-19 13:29

Bu gün “Qarabağ” Avropa Liqasının qrup mərhələsində növbəti startına çıxır. Qurban Qurbanovun yetirmələri bu turnirin qalibi adını hamıdan çox qazanmış İspaniya “Sevilya”sını qəbul edəcək. Elə ancaq bu fakt rəqibin nə dərəcədə əzəmətli olmasından xəbər verir.

 

Onsuz da Filip Ozobiçin yoxluğundan əziyyət çəkən Azərbaycan çempionu əndulusiyalılarla matç öncəsi daha bir problemlə üzləşiblər. Oyundan oyuna artıran Mahir Emrelinin sıradan çıxması əlbəttə ki, böyük itki sayılır. Doğrudu, “Sevilya”da da Nolito komandasına kömək edə bilməyəcək. Amma rəqibin ehtiyat oyunçular skamyasına baxdıqda Nolito itkisinin ciddi fəsad verməyəcəyi aydın olur.

 

“Sevilya” ilə matçda nə qədər nikbin olmağa çalışsaq da, real qüvvələrin nisbəti müqayisəolunmazdı. Bu üzdən də müsbət nəticəyə ümid etmək üçün bu axşam  “Qarabağ”da büsbütün hər şey ideal alınmaqla yanaşı, ispanların da oyununun bacardıqları səviyyədə alınmaması şərtdi. Ancaq biz artıq bir oyuna yox, ümumiyyətlə, qrupa nəzər yetirməliyik. Bu formatda isə vəziyyət fərqli çalarlar alır.

 

Qrupumuzdakı digər iki komanda ağdamlılara tanışdı. Qurban Qurbanovun yetirmələri Lüksemburq “Düdelanj”ı ilə 2016-cı ildə üz-üzə gəlmişdilərsə, Kipr APOEL-i ilə baş tutan son qarşılaşmadan sonra futbolçuların “maykaları hələ qurumayıb”. 

 

Lüksemburq klubu hələ 3 il öncə çempionunuza “dişlərini qıcamışdı”. Doğrudu, onda iki oyunun nəticəsinə görə “süvarilər” 2:0 və 1:1-lə mərhələni adlayan tərəf olmağı bacarmışdı. Özü də səfərdə təmsilçimiz yalnız hakimin əlavə etdiyi 4-cü dəqiqədə Reynaldonun vurduğu qolla məğlubiyyətdən qurtulmuşdu. Əlbəttə ki, “Düdelanj" qrupda xal/xallar toplamaq əzmindədir və buna evdə daha çox ümid edəcək. Lakin çempionumuz üçün də bu matçlar olduqca böyük əhəmiyyət kəsb edəcək. Çünki ən azı reytinqinə görə qrupun ən zəif ilə matçlarda maksimal xal toplamaq çox vacibdi. 

 

Qrup ikinciliyi uğrunda əsas mübarizə “Qarabağ”la APOEL arasında gedəcək. İlk baxışdan həmin vəsiqənin taleyinə də məhz sözügedən iki matçda aydınlıq gələcək. Ancaq bizim qənaətimizə görə, məhz Lüksemburq çempionu ilə görüşlərdə daha çox xal toplayan komanda 1/16 final iştirakçısı olacaq. Çünki “Qarabağ”la APOEL-in gücü təqribən eynidi. Eyni zamanda, “Sevilya”dan da xal qoparmaq müşkül məsələdi. Deməli, “Düdelanj”la oyunda “fövqaladə vəziyyət” elan olunmalıdı. Kipr təmsilçisi ilə matçlarda isə “səfərbərlik”. Çünki “Düdelanj”dan maksimal xal alınsa, ümumi uğur üçün adalılarla görüşlərdə məğlub olmamaq bəs edəcək. Üstəlik, unutmayaq ki, Qurbanovun komandası son turda evdə Lüksemburq çempionunu qəbul edəcək.

 

Bəs bu axşam keçiriləcək matçda Qurbanov kimlərə güvənəcək? Bizim proqnoz belədi:

 

Asmır Beqoviç - Ailton Silva, Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev - Abdellah Zubir, Qara Qarayev, Riçard Almeyda, Miçel Madera, Hayme Romero - Maqaye Qeye.

 

Əlavə edək ki, “Qarabağ” - “Düdelanj” matçı saat 20:55-də start götürəcək.
 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB