TOP 10

Olimpiya kateqoriyalı hakim: “Hacı Əliyevin fəndi 4 xalla qiymətləndirilməli idi” - VİDEO

Güləş
Tarix: 2019-09-19 13:01

“Son saniyələrdə yaranmış mübahisəli epizodun təkraını 15-20 dəfə izlədim. Hakimlər Hacı Əliyevin lehinə 4 xal verməli idilər”. Bunu Sport24.az-a açıqlamasında Olimpiya kateqoriyalı hakim İntiqam Əliyev bir qədər öncə sərbəst güləş üzrə dünya çempionatında həmyerlimiz Hacı Əliyevlə rusiyalı Hacımurad Rəşidov arasındakı görüşdə hakimlərin şimallının lehinə çıxardıqları qərarı şərh edərkən deyib.
 

Təcrübəli hakim fikrini bu cür əsaslandırdı: “Hücumda olan güləşçi Hacı idi. Rusiyalı idmançı isə fəndə düşdüyünü anlayaraq “brauli” adlanan əks-fənd işlətmək istəyir. Ancaq məsələ burasındadır ki, Rəşidov hər iki kürəyi üstə döşəyə çırpılır. Bu da Əliyevin lehinə qərar vermək üçün tam əsas verir. Rusiyalı yerə yıxılarkən ən azı bir dirsəyini yerə qoya bilsəydi, hakimlərin qərarına haqq qazandırmaq olardı. Hacının ilk cəhdində ədalət təmsilçiləri düzgün qərar verirlər: həmyerlimiz rəqibinin arxasına keçsə də, Rəşidov ayağa qalxır və belədə, xal verilməməlidir. Ancaq ikinci cəhddə rusiyalı Hacının ayaqlarını ona dolaşdırmasından sonra döşəkdən kənara çırpılır. Hacımuradın “brauli” cəhdi isə düzgün icra olunmur. Çünki iki lopatkası   üstünə düşür. Bu da artıq azərbaycanlı pəhləvanın xeyrinə 4 xal deməkdi”.


Mütəxəssis daha bir neçə maraqlı məqama toxundu: “İlkin qərar azərbaycanlı pəhləvanın lehinə olsa da, yenə yanlışlıq var  idi. Çünki hakimlər bu fəndi 2 yox, 4 xalla qiymətləndirməli idilər. Ancaq 4 xal verilmirsə, döşəkdən kənara birinci Hacı çıxır və belədə, hakimlərin 1 xal qərarı düzgündü. Lakin qeyd etdiyim kimi, həmin epizod Əliyevə 4 xal verilməsi ilə qiymətləndirilməli idi”.


Təcrübəli hakim Dünya Güləş Birliyinin təlimatçılarının rusların etirazını müsbət dəyərləndirmələrinə, habelə Azərbaycan tərəfinin yenidən etiraz etməsinin nə dərəcədə faydalı ola biləcəyina dair də fikirlərini bölüşdü: “İnanmıram ki, yenidən etiraz etməklə nəyəsə nail olmaq mümkün olsun. Çünki təlimatçılar videotəkrara baxıblar və öz son qərarlarını bildiriblər. Yenidən etiraz edilsə belə, epizoda eyni adamlar baxacaq”.


Maraqlıdı, Hacı Əliyevin hakimlərin qərarına etdiyi etiraza görə, onu hansısa cəza gözləyə bilərmi? Axı, Olimpiadaya vəsiqə verən daha 2 lisenziya xarakterli turnir var və Azərbaycanlı pəhləvan ordan vəsiqəni təmin edə bilər: “Hacı Əliyev diskvalifikasiya olundu. İnanmıram ki, onun diskvalifikasiyası növbəti yarışlara da şamil olunsun. Doğrudu, bu sualın cavabı Nizam-İntizam Komissiyasının qərarından sonra verilə bilər. Ancaq Beynəlxalq Güləş Birliyi də istəməz ki, Hacı Əliyev kimi bir usta pəhləvan Olimpiadadan kənar qalsın”.

14 Oktyabr 2019
13 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB