TOP 10

Hayme Romeronun “Sevilya” gözləntiləri: “Qrupdan çıxmaq şansımız var”

Futbol
Tarix: 2019-09-18 14:00

Sabah Avropa Liqasının qrup mərhələsi start götürür. Azərbaycan çempionu “Qarabağ” ilk görüşdə İspaniya Primerosunun lideri “Sevilya”nı qəbul edəcək. “Lalın dilini anası bilər” prinsipinə riayət edərək tribunanı Ağdam təmsilçisinə cari mövsümdən qoşulan ispan yarımmüdafiəçiyə verməyi qərara aldıq. Sport24.az-a verdiyi müsahibədə Hayme Romero sabahkı oyun barədə fikirlərini bölüşdü.


- “Sevilya”ya  - İspaniya klubuna qarşı oynamaq sənin üçün nə deməkdir?
- Bu, Avroliqanın qrupunda cari mövsümdə ilk oyunumuz olacaq. Bu baxımdan bizim üçün böyük önəm kəsb edir. Aydın məsələdir ki, komandamızdakı bütün ispanlar - mən, Miçel və Dani Kintanada həmyerlilərimizə qarşı oynamaq hansısa səthi də olsa, bir hiss oyadır. Ancaq böyük ölçüdə, bu, Avroliqada keçirəcəyimiz oyunlardan biridi. Məqsədimiz keyfiyyətli oyun göstərib, müsbət nəticə əldə etməkdir. Çünki əvvəldə qeyd etdiyim kimi, uğurlu start hər zaman çox önəmlidi.

 

- Bu komandanı səndən yaxşı tanıyan olmaz. Lopetegenin komandasının vizit kartına nələr daxildir?
- “Sevilya”nın İspaniyadan kənarda necə görünməsini deyə bilmərəm. Amma Vətənimdə bu komanda ölkənin böyük klubları sırasındadır. Düzdü, bəlkə də ölkə xaricində, elə Azərbaycanın özündə də, “Real” və “Barselona" daha əzəmətli görünürlər, amma İspaniyada “Sevilya” nəhənglərlə eyni sıradadı. Əbəs yerə deyil ki, Avroliqanın ən titullu komandasıdı. Bu rəqibə qarşı ehtiyatlı davranmalıyıq. Onlarla rəqabət apara biləcək komandamız var. Ümid edirəm, bəxt, uğur da tərəfimizdə olacaq. Müsbət nəticə qazanacağımıza inanıram.

 

- Nə vaxtsa “Sevilya”ya qarşı oynamısan? 
- Bəli, oynamışam bu komandaya qarşı. İndi fikrimi cəmləyəndə yadıma düşür ki, bir dəfə cəzalı olduğum üçün, bir dəfə isə zədə səbəbindən meydana çıxa bilməmişəm. Ancaq iki oyunumu xatırlayıram ki, meydanda olmuşam. Birinci halda “Osasuna”nın heyətində çıxış edərkən 1:2 məğlub olduq. İkinci dəfə isə “Qranada”nın şərəfini qoruyurdum və onda 0:1 uduzduq. Əlbəttə, “Sevilya” asan rəqib deyil və həmin matçlarda xal qazana bilməməyimizdə qeyri-adi bir şey yoxdu.

 

- Bu komandanın sıx təqvimə görə bir neçə əsas üzvünün Bakıdakı matçda ehtiyatda qalacağı gözlənilir. Çünki sabahkı qarşılaşmadan 3 gün sonra “Sevilya”nı Madrid “Real”yla İspaniya Primerosunda ciddi sınaq gözləyir. Həqiqətən rəqibinizin bir sıra aparıcı üzvü meydana çıxmasa, bu, “Qarabağ”ın qrupa uğurlu start götürməsinə nə dərəcədə təkan verə bilər?
- “Sevilya” böyük klubdur. Mövsüm start götürməmişdən məşqçilər korpusu bilir ki, onları sıx təqvim gözləyir və planlarını da elə qururlar ki, kollektiv buna hazır olsun. Bu klubun oyunçuları əsas və əvəzedici kateqoriyasına bölünmür. Müəyyən rotasiyalar hər zaman edilir və bunun nəticəsində kimlərsə daha az, kimlərsə daha çox oynamaq şansı qazanır. Ancaq bizə qarşı az oynayanlar da çıxsa, buna sevinməməliyik. Həmin komandaya məxsus bütün futbolçular önəmli fiqurlardı. Oyunçularının hər biri yüksək keyfiyyətə sahibdir. Buna görə də meydana az oynayan futbolçuların çıxmasını üstünlüyümüz saymaq sadəlövhlük olardı. 

 

- Futbol ictimaiyyətinin fikrincə, “Qarabag” tarixinin ən münasib qrupuna düşüb. Səncə, yazda çempionumuzu avrokuboklarda görə biləcəyikmi?
- İlk növbədə onu qeyd edim ki, Avroliqanın qrupuna yüksəlmiş komandaları zəif hesab etmək olmaz. Çünki əvvəlki mərhələlərdə  onlar yaxşı oyun nümayiş etdiriblər ki, buradək irəliləyə biliblər. Bu səbəbdən də rəqiblərimizi zəif hesab etmirəm. Ancaq onu da qeyd edim ki, qrupumuzdakı komandalarla mübarizə aparmaq olar. Şəxsi fikrimdi ki, qrupdan çıxmaq şansımız var və bu şansdan da maksimum istifadə etməyə çalışacağıq.

 

 

CEYHUN ƏLİYEV
 

14 Oktyabr 2019
13 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB