TOP 10

IV turun mənzərəsi: “Bir atlı və 7 piyada”

Futbol
Tarix: 2019-09-17 11:09

Azərbaycan Premyer Liqasında arxada qalan IV tur da gərgin mübarizəyə səhnə oldu. Baş tutan 4 oyunun heç birində heç-heçə qeydə alınmadı.

 

Turun açılış matçında üz-üzə gələn “Sumqayıt” - “Zirə” matçını diskvalifikasiya səbəbindən kənardan izləməli olan meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovun komandası ardıcıl 3-cü məğlubiyyətlə barışmalı oldu. Maraqlıdı ki, qarşılaşmada hər 3 qolu “Zirə”nin futbolçuları vursa da, qonaqlar minimal fərqlə qalib gəldilər. Artıq 5-ci dəqiqədə Xulio Sezar Rodriges Mexti Djenetovun səhvindən sonra top qapı xəttindən çıxdığına görə təyin edilən künc zərbəsindən sonra hesabı açdı. Bundan 11 dəqiqə sonra “Sumqayıt”ın dadına Tellur Mütəllimov çatdı. “Zirə”nin müdafiəçisinin avtoqolundan sonra düşünmək olardı ki, azarkeşləri “qol yağışı” gözləyir - axı, ilk 16 dəqiqədə 2 qol vurulmuşdu! Ancaq qalan 74 dəqiqəyə 1 qol sığışdırmaq oldu. Final fitinə 2 dəqiqə qalmış Şaffik Tiqrudja “Zirə”yə 3 xalı gətirən qola imza atdı. Fikrimizcə, cərimə meydançasındakı qarışıqlıqda fransalı yarımmüdafiəçinin əllə oyununu hakimlər briqadasının görməməsi daha kiçik qəbahətdir, nəinki iranlılar - Peyman Babai və Mehdi Şərifinin qapının içərisindən topu çərçivəyə göndərməməsi. 

 

“Qəbələ”nin Masazırdan qələbəylə dönəcəyini proqnozlaşdıranlar yanılmadılar. Əyalət təmsilçisinin məşqçilər korpusundakı dəyişiklik oyunçuları silkələdi. İndi “Sabah”da eyni situasiyadı. Maraqlıdı, Premyer Liqanın ən gənc komandasını növbəti turda meydana kim çıxaracaq? Hər halda, indi çempionatda qələbə üzünə həsrət qalan yeganə klub “Sabah”dı. Hərçənd, heyətinə görə, komanda turnir cədvəlinin üst sıralarında qərarlaşmağa layiqdi.

 

“Keşlə” - “Səbail” matçına meydan sahibləri “ənənəvi mərəz”lə başladılar: yarıyuxulu ehtiyatlı oyun. Bu, 2 və 3-cü turlarda fəsad verməsə də, bu dəfə fasiləyə 2 top fərqiylə geridə yollanmalarını şərtləndirdi. İkinci hissədə “Keşlə” geridönüş edə bilərdi. Amma dəfələrlə əldə edilən qol şanslarının yalnız birindən istifadə edən Tərlan Əhmədovun komandası “Səbail”in 2-ci pilləyə yüksəlməsinin qarşısını ala bilmədi.

 

Turun mərkəzi görüşündə isə “Qarabağ” qələbə seriyasını davam etdirməyi bacardı. Qurban Qurbanovun komandası “Neftçi”ni 2:0 məğlub etdiyi matçda qol epizodları az olmadı. Lakin meydan sahiblərinin bəzi hallarda “pijonluq” etmələri fərqin daha böyük olmasına imkan verməməsi ilə yanaşı, “ağ-qaralar”ın da bir neçə dəfə Asmır Beqoviç səddində ilişmələri qeyd olunmalıdı. Bosniyalı əlcək sahibi də komandasının dadına çata bilməyəndə top tir və dirəkdə partladı. Ancaq oyun komponentlərinə gəlincə, ağdamlılar layiqli qələbə qazandıqları qeyd olunmalıdı.

 

P.S. Düz 25 il əvvəl Avropa çempionatının final mərhələsində 8 komanda iştirak edirdi. İki turdan sonra iki qrupa bölünən komandalardan yalnız Fransa yığması mütləq nəticəylə yarımfinala vəsiqəni təmin etmişdi. Digər 7 yığma isə şanslarını qoruyurdu. Həmin vaxt “Sovetski sport”da belə başlıqlı bir məqalə çıxmışdı: “Bir atlı və 7 piyada”. Nə demək istəyirik? Turnir cədvəlinə bir baxın.
 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB