TOP 10

Elşad Əhmədov mətbuat konfransında istefa verməyi düşündüyünü etiraf etdi: "Ola bilər ki, seleksiyada hardasa boşluqlarımız oldu"

Futbol
Tarix: 2019-09-16 21:00

Günün əsas xəbəri "Sabah"da baş məşqçiylə bağlı verilən qərar oldu. Belə ki, bu postdan ayrılan Elşad Əhmədov klubda işini prezidentin müşaviri kimi davam etdirəcək. Əsas komandada baş məşqçi əvəzi isə əvəzedici heyətin baş məşqçisi Rövşən Babayev təyin olundu. Əhmədov dəyişikliklərlə bağlı Sport24.az-ın suallarını cavablandırıb.

 

- Axırıncı turda "Qəbələ"yə evdə 0:1 hesabıyla uduzduğunuz oyundan sonra mətbuat konfransında sanki hadisələrin belə axar alacağını gözləyirdiniz, göz önünə gətirirdiniz. Bildirdiniz ki, rəhbərliklə görüşünüz olacaq, nə deyəcəklər, onu da həyata keçirəcəyik. Görüşünüz necə keçdi? 

- Siz jurnalistlərin yanına gələndə, ola bilər beynimdən keçirdi "istefa verirəm" deyim. Ancaq bu, rəhbərliyə qarşı hörmətsizlik çıxardı. Çünki onlara bu fikrimi söyləməmişdim. Ancaq mətbuat konfransına gələndə, beynimdə bu söz vardı. Ancaq qərar verdim ki, birincisi rəhbərliyə deyim, sonra mətbuata açıqlansın. Matçın ertəsi klubun prezidenti Maqsud Adıgözəlovla görüşərək söhbət etdim. Söylədim ki, burda heç kimdə günah yoxdu, 4 matça 2 xal varsa, deməli, bunun günahkarı mənəm. Mən də belə vəziyyətə görə həqiqətən narahatam ki, nəyisə düzəldə bilmirəm. Komandanın uğursuz nəticəsinə görə kimdəsə günah axtarmaq lazım deyil. İstefa verirəm və yaxşı olardı ki, qəbul edəsiniz. Onlar da məsləhətləşmədən sonra ən yaxşı variantın bu olduğu diqqətimə çatdırdılar. Maqsud müəllim keçən mövsüm komandada olmuş, komandanı yığan bir insan kimi mənə klubda qalıbı işləməyi təklif etdi. Dedi ki, bunu istəyərsənsə, bizə də xoş olar. Bu işin klub prezidentinin müşaviri olması qeyd olundu. 

 

- Yeni işinizdə üzərinizə düşən əsas vəzifələr, öhdəliklər nələr olacaq?

- Maşallah, Maqsud müəllimin o qədər işləri var ki, bunları təkbaşına çatdırmaq olmur. Sənədləşmədən nəzarətə qədər çox iş var. Hələ ki konkret aramızda söhbət olmayıb ki, Elşad müəllim müşavir oldu, bu işlərə baxacaq. Bununla bağlı söhbətimiz olacaq. Hələ ki baş qarışıqdı, özünüz də bilirsiniz ki, vəziyyət belədi. İndi gündəmdə olan yeni baş məşqçi məsələsidi. Bu bir həftə ərzində yeni işimlə bağlı aramızda söhbət olacaq. Bundan sonra biləcəyik ki, nə işləri görəcəm. 

 

- Yəqin ki, analizlər edirsiniz. Nələr alınmadı sizdə? Niyə belə oldu ki, komanda 4 turda bir qələbə belə qazana bilmədi?

- Klub biz məşqçilər, futbolçular üçün hər bir şərait yaradıb və bundan heç bir narazılıq yoxdu. Ola bilər ki, seleksiyada hardasa boşluqlarımız oldu. Bunu azərbaycanlı futbolçularla bağlı demirəm. Ola bilər ki, legionerlərdə oldu. Bu da çox yox, az fazlə. Komandanı mehriban kollektiv kimi görmək istəyirdim. Ancaq tam istədiyim mehriban kollektiv alındıra bilmədim, bu işdə boşluq gördüm. Özümdə bunu analiz etdim. Yəni, hamı bir-birinə yansın, hamı bir-birinə istədiyim kimi köməkliyi etsin, hardasa bununla bağlı boşluqları hiss elədim. 

 

- Bəs, komandada psixoloji gərginliyi?

- Deməzdim ki, psixoloji gərginlik vardı, ancaq oyunları udmadıqca bunlar əmələ gəlir. 4 oyuna 1 qələbə olmayandan sonra gərginlik olası bir şeydi.

 

- Ötən mövsüm komandanın debüt ili idi, nəticə qarşıya qoyulmamışdı, hardasa bir rahatlıq vardı. Ancaq indi vəziyyət fərqlidi. Çünki komanda 3 il qaydasına görə artıq avrokuboklarda iştirak etmək hüququna malikdi. Belə olan halda, nəticənin mütləq olmasıyla bağlı özlüyünüzdə bir gərginlik hiss edirdinizmi ki, uğursuzluq olsa, işininizi itirə bilərsiniz?

- Yox. O gərginlik heç ağlımdan keçmirdi. Amma ən azından məsuliyyət hiss edirdim ki, bu, keçən mövsümkü iş deyil. Yəni, yekunda elə xal yığmalıyıq ki, axırda bizə söz gəlməsin. Bəli, məsuliyyət vardı, ancaq gərginlik deyilən bir şey yox. Klub prezidenti də bizə o şəraiti yaratmırdı ki, nədəsə bir gərginlik olsun. Elə bir şey hiss etmirdik.

 

- Yəni, bunadək də istefa verməklə bağlı ağlınızdan bir şey keçmirdi? Ya ilk turlarda, ya da keçən mövsümüm gedişində...

- Yox. Elə bir şey heç ağlımdan keçməmişdi. Onu bilmək istəyirsinizsə, ağlıma da gəlməzdi ki, "Qəbələ"ni uda bilmərik. Bu komandanı da uda bilmiriksə...Bununla "Qəbələ"ni aşağılamaq istəmirəm ki, zəifdi. Ancaq indiki heyətimizə görə "Qəbələ", "Keşlə"dən evdə 3 xal götürə bilmiriksə, deməli, günah özümdədi, başqa heç kimdə deyil. 

 

- Əsas komandanın baş məşqçi postu müvəqqəti olaraq əvəzedici komandanızın baş məşqçisi, "Sabah"a birgə gəldiyiniz, ötən mövsüm köməkçiniz olan Rövşən Babayevə həvalə olunub....

- Mənə deyilmişdi, xəbərim vardı. İndiki vaxtda bu təyinat gözlənilən, başadüşüləsi idi. "Neftçi"də 2 il öncə iki oyunluq baş məşqçi məni qoymuşdular, həmin vaxt əvəzedici komandanın baş məşqçidi idim. Əsas komandada baş məşqçi gedişi olanda, məcburiyyətdən əvəzedici komandanın çalışdırıcısı gətirilir.

 

- Sizcə, yeni baş məşqçi təyinatı nə vaxta gözlənilir? Və ən maraqlısı, bu kim olacaq - yerli, yoxsa əcnəbi mütəxəssis?

- Bunu dəqiq bilmirəm. Bu məsələnin təfərrüatına varmamışam, rəhbərliklə söhbət etməmişəm. Yalan deyərəm.

 

- "Sabah"da baş məşqçi dönəminizi qısaca necə xarakterizə edərdiniz? Uğurunuz nə oldu, ürəyinizdə qalan nə?

- "Sabah"da 1 il işlədik, ilk mövsümdə Premyer Liqada yerimizi qoruduq. Bu mövsümə gəlincə, 3 futbolçumuz milli komandada oynadı. Onun özü bir uğur idi. Ən azından ötən mövsüm yetirmələrimiz Şakir Seyidovu, Emil Qasımovu üzə çıxararaq Premyer Liqada oynatmağı hardasa uğurumuz saymaq olar. Uğursuzluğa gəlincə, əlbəttə, komandanı avrokuboklara çıxaran yeri tutmağını, buna hazır olmasını reallaşdırmağı istərdim. Ancaq alınmadı.

 

- Yeni vəzifə sizə darıxdırıcı gəlməyəcək? Hər halda, funksioner yox, məşqçisiniz, özü də PRO katerqoriyalı. Yoxsa, bir müddətlik fasilə götürməyi daha məqsədəuyğun saydınız?

- Məni az-çox tanıyırsınız, məsuliyyətli olduğuma görə bəlkə də özümdə son oyunlarda hardasa gərginlik vardı. Fasilə götürüb soyuq başla fikirləşməyə vaxt lazım idi. Rahatlaşmaq da lazımdı.

 

MEHMAN SÜLEYMANOV

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB