TOP 10

“Ulduzlar döyüşü” başladı: ilk turda 48 qol!

Futbol
Tarix: 2019-09-16 12:00

Ötən gün “ASK Arena”nın mini-meydançasında ölkəmizdə ilk dəfə olaraq “40+ Liqa” turniri start götürdü. Mübarizə aparacaq 8 komanda 2 dövrədən ibarət yarışda qüvvəsini sınayacaq. Turnirin açılış mərasimində futbol veteranları İsgəndər Cavadovla Oqtay Abdullayev iştirakçılara öz ürək sözlərini çatdırdılar. Elə bu tandem də iştirakçıların alqış sədaları altında topa ilk toxunuşu etdi. Bundan sonra isə turnirin ilk oyununa start verildi.

 

“BravoDent” - “Veteran” matçında ikincilər favorit kimi göstərilirdi. Bu da əbəs yerə deyil. Heyətində Hüseyn Məhəmmədov, Ədahim Niftəliyev, İlham Yadullayev, Əli Abışov, Elmir Xankişiyev, Mahmud Qurbanov, Zaur Ramazanov kimi müxtəlif dövrlərdə Azərbaycan çempionu olmuş ustaları cəmləyən “Veteran” oyunun əvvəlində “soyuq duş altına” düşdü. İlk 10 dəqiqədən sonra tabloda “BravoDent”in 3:0 hesablı üstünlüyü əks olunurdu.

 

Hə, həmin anlarda 10 minlərlə azarkeşin sevimlilərinin meydandakı gərginliklərinə baxmağa dəyərdi. Lakin təcrübə sonda sözünü dedi. Bir-birindən gözəl kombinasiyalar quran ustadlar layiqli qələbə qazandılar. Xüsusilə, Elmir Xankişiyev və Mahmud Qurbanovun hiyləgər gedişləri yaddaqalan oldu. Əli Abışov isə bütün hücumlarda son nöqtə qoyan simaya çevrilmişdi. Hər halda, “Veteran” komandasının vurduğu 10 qolun tən yarısını məhz Abışov vurdu.

 

Günün 2-ci qarşılaşmasında “Sport24.az” “Baktelekom”la qüvvəsini sınadı. Komandamızın debütdəki ərazi üstünlüyü tezliklə hesabda da əksini tapdı. Rəqib qapısına vurulan 4 cavabsız topdan sonra “rabitəçilər”in rabitəsi işə düşdü. Doğrudu, rəqibimizin ardıcıl 2 qoluna eyni sayda dəqiq zərbəylə cavab verdik. Ancaq bundan sonra əks-hücumlarda fərqlənən “rabitəçilər” fərqi minimuma endirdilər. Əsl trilleri xatırladan bu mübarizədə sonda “Sport24.az” 9:8 hesablı qələbəni bayram etdi. Maraqlıdır ki, bu oyunda “Baktelekom”un heyətində Əkbər Əlizadə 5, turnirdə yeganə media orqanının komandasından isə Azər Mehdiyev 6 qola imza atdılar.

 

Günün son qarşılaşmasında tanınmış futbol meneceri Səbuhi Səfiyarlının topladığı “Old Stars” “Qardaşlar” komandasını sınağa çəkdi. “Köhnə ulduzlar” bu matçda rəqibinə şans tanımadılar. Anar Qaraxançallının benefisi kimi yadda qalan görüş 14:4 hesabı ilə başa çatdı. Anar isə bu qarşılaşmada 6 qola imza atdı.

 

“Pioner Arena” - “Keşlə” görüşü isə texniki səbəbdən təxirə salınıb.

 

İlk turdan sonra bombardilərin yarışmasında ikihakimiyyətlikdi: “Old Stars”ın qoleadoru Anar Qaraxançallı ilə “Sport24.az”da eyni missiyanı üzərinə götürmüs Azər Mehdiyev hərəyə 6 qol vurublar. Onların ən yaxın izləyiciləri Əli Abışov (“Veteran”) və Əkbər Əlizadə (“Baktelekom”) hərəyə 5 dəfə rəqib komandanı meydanın mərkəzinə dəvət ediblər.

 

“40+ Liqa”nın ilk turunda ən yaddaqalan məqamlara gəlincə, bu, açılış oyununda “Veteran”ın qapısını qoruyan Hüseyn Məhəmmədovun qol vurması və “Sport24.az”-ın qolkiperi Azər Əliyevin turnirin ilk qırmızı vərəqəsinə “layiq görülməsi”di.

 

Əlavə edək ki, növbəti turun oyunları bazar gününə planlaşdırılıb.

 

 

14 Oktyabr 2019
13 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB