TOP 10

Qol vura bilməməyi Qurbanovu narahat edir, buna düşərli "Bakcell Arena"da son qoyacağına ümid bəsləyir: "Eyforiyada olmamalıyıq"

Futbol
Tarix: 2019-09-15 14:18

Cari çempionatda ilk 3 tura əsasən yüzfaizli nəticə göstərən "Qarabağ"dan sonra ən yaxşı komandalardan biri "Keşlə" oldu. Ardıcıl səfər qələəbləriylə 6 xal toplayan Tərlan Əhmədovun yetirmələrini fasilədən sonra turnir cədvəlində "qonşusu"yla - "Səbail"lə duel gözləyir. Bu matçla bağlı "Keşlə"dən müsahib kimi Ruslan Qurbanovu seçdik. Axı, bu həftəiçi ad günü olan təcrübəli hücumçu ötən mövsüm məhz "Səbail"də çıxış edərək ordan əks düşərgəyə gəlib. 

 

- Bu ikihəftəlik fasilə komandanızı ritmdən salmayacaq? Çünki qələbələri sıralayaraq yüksəlişdə idiniz...

- Fasilədən sonra ilk matça ciddi hazırlaşmışıq. Başa düşürük ki, bizi ciddi rəqiblə sınaq gözləyir. "Səbail" yaxşı komandadı, ona hörmət edirik. Düşünürəm ki, çempionatda ikihəftəlik fasilə yalnız xeyrimizə oldu. Üzərində işləməli olan şeylər vardı. Baş məşqçimiz Tərlan Əhmədov bizə bunlar haqda məlumat verdi. "Səbail"ə qarşı yalnız qələbəyə oynayacağıq. Düşümürəm ki, yaxşı qarşılaşma olacaq.

 

- Ardıcıl qələbələrə görə eyforiyada olmayacaqsınız ki? Xüsusilə son turda Qəbələdə 4:0 hesablı darmadağınızdan sonra...

- Eyforiyada olmamalıyıq. Əskinə, hər tura son matç kimi çıxmalıyıq. 

 

- Hazırkı "Səbail"i sən oynadığın ötən mövsümkü komandayla necə müqayisə edərdin?

- Fikrimcə, mən oynadığım vaxtdakı oyun planına sadiq qalacaqlar. "Səbail"ə uğurlar arzulayıram.

 

- Keçmiş komandası Ruslan Qurbanovla müqaviləni uzatmayaraq yollarını ayrdı. Bu baxımdan sənin üçün prinsipial görüş olacaq?

- Yox. Hansısa xüsusi bir motivasiya yoxdu. Hər bir matça necə çıxmışam, özümü yaxşı tərəfdən göstərməyə, komandam üçün faydalı olmağa çalışmışamsa, bu dəfə də elə olacaq. Belə götürəndə, "Səbail"ə heç bir incikliyim yoxdu. Əksinə, ona qarşı oynamaq xoş olacaq.

 

- "Keşlə"də özünü necə hiss edirsən? Yeni komandana tam adaptasiya oldunmu?

- Bəli. Çox yaxşı kollektivimiz var. Bütün futbolçular - həm yerlilər, həm də legionerlər ümumi dil tapdılar. Belə mehriban komandada adaptasiya olunmaq çətin deyildi. Böyük bir ailəyik. 

 

- Ancaq yeni klubunda hələ də qol hesabın aça bilməmisən. Ümumiyyətlə, çoxdandı qol vurmursan. Səbəbini nədə görürsən?

- Elə məni də bu, narahat edir. Ola bilər ki, bəxtim gətirmir. Yəqin ki, bununla bağlıdı. Hərçənd, məşqlərdə bunun üzərində işləyirəm. Ola bilər ki, gələn oyunlarda qol vuracam. 

 

- Bir mövqedə çıxış etmirsən. Səni yarımmüdafiənin hər iki cinahına qoyurlar, hətta mərkəz hücumçusu mövqeyinə də. Bəlkə bunun da təsiri var?

- Baş məşqçinin lazım bildiyi hər mövqedə çıxış etməyə hazıram. Mənim üçün mövqe dəyişikliyinin problemi yoxdu. 

 

- "Keşlə"də ilk qolunu məhz "Səbail"ə vursan, bunu xüsusi qeyd etməyi düşünürsən?

- "Səbail"də prezidentdən tutmuş sıravi işçiyədək hər bir insana hörmət edirəm. Qol vursam, xüsusi bayram etməyəcəm. Sakit tərzdə qeyd edəcəm, vəssalam. 

 

- Stadionuzun qazonu dəyişdirildiyindən hələ ki rəqiblərinizi başqa arenalarda qəbul edirsiniz - ilk turda "Dalğa Arena"da, bu dəfə "Bakcell Arena"da. Bunun sizə hansısa təsiri var, yoxsa ən yaxşısı elə təbii otda oynamaqdı?

- Bəli, dediyinizlə tam razıyam. Yaxşı olardı ki, həmişə belə imkana malik olardıq. "Bakcell Arena" gözəl stadiondu.

 

- Üstəlik, sənə doğma. Uzun illər "Neftçi"də burda oynamısan, qollar vurmusan...

- Bəli, uzun illər orda top qovmuşam. Uğurlu oyunlarım çox olub. Ümid edirəm ki, bu dəfə belə olar, yenə fərqlənərəm.

 

- Qələbə şansınızı necə dəyərləndirirsən?

- Tərlan müəllimin dediyi bütün tapşırıqarı meydana yerinə yetirməyimizdən çox şey asılı olacaq. Proqnoza gəlincə, qoy, güclü qalib gəlsin.

 

- Xorvatiya ilə matçdan əvvəl rəqibin düşərgəsində olaraq keçmiş komanda yoldaşların Miyo Çaktaş və Dario Melnyakla görüşdün. Maraqlıdı, Bakıdakı xal itkisindən sonra onlarla əlaqən oldumu? Nəticəylə bağlı sənə bir şey yazdılarmı?

- Miyoyla "Hayduk"da bir yerdə oynamışıq. Yaxşı futbolçudu, həmin ildə çempionatın bombardiri oldu. "Rubin"də də çxış edib. Milliyə çağırıldığını eşidəndə, sevindim. Bu, birinci dəfə deyil ki, dəvət alır. Dario da yaxşı futbolçudu. İndi karyerasının proqress dövrüdü, Türkiyə Super Liqasında çıxış edir. Özü də elə-belə oynamır, qol da vurur. Hər ikisi yaxşı da insandı. Onlarla Bakıda görüşmək xoş idi. Qərara gəldim ki, keçmiş komamda yoldaşlarıma baş çəkim. Otellərinə getdim, oturduq, qəhvə içdik, söhbətləşdik, keçmişdəki müxtəlif hadisələri yada saldıq. Hər ikisinə uğurlar arzuladım. Yaxşı ki, millimiz bizi pis vəziyyətə qoymadı. Dünya ikincisiylə heç-heçə etdik, hətta qalib gələ də bilərik. Millimizə görə çox sevinirəm. Yaxşı oyunla nəticə qazandıq. Təəsüf ki, matçdan sonra Çaktaş və Melnyakla görüşə bilmədim. Oyunadək söhbətdə belə fikir söyləmişdim ki, futbolçularımızdan heç kəs təslim olmayacaq. Onlar da bunu başa düşürdülər. 

 

 

 

MEHMAN SÜLEYMANOV

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB