TOP 10

Fariz Nəcəfov limitin azaldımasını mütləq saydı, yeni baş məşqçi məsələsindən danışdı: "Sənan Qurbanov lazımi ab-havanı yarada bilmədi"

Futbol
Tarix: 2019-09-15 11:30

“Qəbələ”nin prezidenti Fariz Nəcəfov Azərbaycan Premyer Liqasının IV turunda “Sabah”la oyundan sonra Sport24.az-a müsahibə verib. Klub rəhbəri ilk qələbədən, yeni baş məşqçi məsələsindən və digər məqamlardan danışıb. 

 

- Komandanız nəhayət ki, 4-cü turda həm qol vurdu, həm də qələbə qazandı.

- Axır ki qələbə qazandıq. Amma qələbədən daha çox məni sevindirən oyunumuzun inkişaf etməsidir. İkinci sevindirici məqam isə akademiyamızın yetirmələrinin meydanda sayının artması və qolu da elə öz yetirməmizin vurmasıdır. Səhv eləmirəmsə, meydanda akademiyamızın 7 yetirməsi vardı - 6-sı bizdə, biri də “Sabah”ın heyətində. Əlbəttə, qələbə hər zaman xoşdu. İndi bu ab-havanı qoruyub saxlayamalıyıq.

 

- Elmar Baxşıyev qısa zamanda komandada nəyi dəyişdi?

- İnanmıram ciddi nəyisə dəyişsin. Əlbəttə, təzə baş məşqçi olanda hər kəs özünü göstərmək istəyir. Komandadakı hər kəs başa düşürdü ki, bu gün qələbə qazanmaq bizim üçün çox vacib idi.

 

- Bu qələbədən sonra düşünmədiniz ki, Sənan Qurbanovun gedişi gecikmiş addım idi?

- Belə hesab etmirəm. Bizim klubda atılan addımlar, təyinatlar hamısı mövcud vəziyyətə uyğun olur. Onsuz da xaricdən yeni məşqçi gətirməyə büdcəmiz imkan vermir. Bizə hazırkı məqamda komandanı tanıyan məşqçi lazımdı. Üstəlik, Sənan Qurbanov da məşqçi kimi klubumuzda kifayət qədər təcrübə qazanmışdı. Mən Sənana inanıram. Düşünürəm ki, gələcəkdə ya başqa komandada, ya elə nə vaxtsa “Qəbələ”nin özündə uğur qazanacaq. Görünən odur ki, o, lazımi ab-havanı yarada bilmədi.

 

- Komandanın “Sabah”la oyundakı qələbənin ardını gətirməsi, uğurlu çıxışı Elmar Baxşıyevin vəzifəsinin qarşısındakı “müvəqqəti” sözünü silə bilər?

- Sözün açığı, məşqçi məsələsi ilə bağlı çox danışmaq istəmirəm. Çünki bu məsələ klubda təsisçilər tərəfindən müzakirə olunur. Baş məşqçi məsələsi ilə bağlı qərar verməmişik, axtarışlarımız davam edir.

 

- Əvvəlki illərlə müqayisədə büdcə azaldılıb. Hazırkı “Qəbələ”nin hədəfi nədir?

- Hədəf akademiyanın uşaqları ilə yaxşı oynamaqdır. İstəyirik ki, işimizin bəhrəsini görək. Bugünkü büdcə ilə çempionluq, avrokuboklar uğrunda mübarizə aparmağımız real deyil. Ehtiyat oyunçular skamyamız çox zəifdir. Təsəvvür edin, əsas heyətdən 2 nəfər zədələnsə, necə çətin vəziyyətlə üzləşərik.

 

- Qeyd etdiniz ki, işimizin, akademiyamızın bəhrəsini görmək istəyirik. Yəqin ki, Uels və Xorvatiya ilə oyunlarda millimizin heyətində özünü ən yaxşı tərəfdən göstərən Bəhlul Mustafazadənin timsalında işinizin bəhrəsini gördüz...

- Əlbəttə. Bəhlulun millidəki inamlı oyunu sevindiciri haldı. Düşünürəm ki, gələcəkdə bunu başqalarının da timsalında görəcəyik.

 

- “Qəbələ”nin büdcəsinin azaldılması akademiyanın fəaliyyətinə təsir göstərib?

- Yox, sevindirici haldır ki akademiya tam sürətlə işinə davam edir.

 

- Son zamanlar çempionatdakı legioner limiti məsələsi yenidən gündəmə gəlib. Ölkənin aparıcı klubunun rəhbəri kimi sizin limitlə bağlı fikirləriniz necədir?

- Mən bu məsələni 5 ildi israrla qabardıram. Limit bizə lazım deyil. Belə götürək, limit hansı klublara sərf eləmir? “Qarabağ”a, “Neftçi”yə, bir sözlə, iddialı klublara. Hazırda “Qəbələ”nin heyətində əvvəlki illərdəki kimi legionerlərin sayı çox deyil. Amma bu məqam da mənim fikrimə təsir etmir. Eybi yoxdu, qoy bizə qarşı çempionatda 10 legionerlə oynasınlar, amma limit azaldılmalıdır. Avropada uğur qazanmaq istəyiriksə, mütləq bu addım atılmalıdır.

 

- Yəni limit tam götürülməlidir?

- Tam yox, amma böyük ölçüdə azaldılmalıdı. Bu məsələ geniş müzakirə olunmalıdır. Mən demirəm birmənalı şəkildə aradan götürülsün. Xeyr. Amma azaldılması mütləqdi.

 

- Legioner limitinin azaldılması fikrinə qarşı çıxanlar bunu yerli oyunçuların inkişafına mane olacağını bildirirlər...

- Bəzən deyirlər ki, limitə görə hansısa futbolçular üzə çıxıb. Məncə, həmin futbolçular təbii yolla üzə çıxsalar, daha yaxşı olar. Baxıram “Sabah”a, heyətdəki yerli futbolçuların əksəriyyəti “Qəbələ”də də oynayıblar. Bu o deməkdir ki, futbolçu qıtlığı var. Bu gün bir komandanın vəziyyəti pisləşir, digəri yaxşılaşır. Yerli futbolçular dərhal maliyyə durumu yaxşılaşan komandaya üz tuturlar. Az sonra həmin komandada maliyyə azalan kimi başqa bir kluba keçirlər. Yəni demək olar ki, eyni futbolçulardı və bir-bir klubları dəyişirlər.

 

MEHMAN SÜLEYMANOV

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB