TOP 10

“Səbail”ın şıltaq kapitanı: baş məşqçi qətiyyət göstərəcəkmi?

Futbol
Tarix: 2019-09-15 10:16

“Səbail”in ehtiyatda oturan kapitanı Eltun Yaqublu Bakı Olimpiya Stadionundakı məşqi şəxsi avtomobilində keçmək istəyib. Hər halda maşını ilə  meydana çıxan tunelədək gəlməsi belə yarıgülməli-yarıağlamalı şərh yazmağımıza əsas verir. Ərköyün futbolçunun bu hərəkəti ona nisbətən baha başa gəlib. “Sportinfo”ya bunula bağlı açıqlama verən Bakı Olimpiya Stadionunun mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva məşq zamanı bir daha heç bir futbolçunun stadionun ərazisinə şəxsi avtomobillə daxil olmayacağını vurğulayıb. O, Yaqublunun maşınının qara siyahıya salındığını da dilə gətirib. Ancaq biz məsələyə fərqli prizmadan yanaşmaq istəyərdik.

 

Bu hadisəni klubun baş məşqçisi görübmü? Bu cür hərəkətdən sonra Yaqublu məşqə buraxılıbmı? Komanda yoldaşlarına örnək olmalı kapitan bu hərəkəti ilə daxili nizam-intizama hansı formada “töhfə” verib? Baş məşqçi Aftandil Hacıyev Eltunun ciddi cəzalandırılması üçün klub rəhbərliyinə müraciət edibmi? Bu suallar toplusuna cavab tələb olunmur. Hər şey üzdədi və bir - 3 hərfdən ibarət cavabı var yox!

 

Aydın məsələdir ki, Yaqublu bu həddə bir günə çatmayıb. Məşqçilər korpusu onun şıltaqlıqlarına göz yuma-yuma belə vəziyyətin yaranmasında elə futbolçu qədər gunahkardı. Ancaq klub rəhbərliyi də “ofsayt”da qalmamalıdı. Vaxtında “ərköyün kapitan”a yeri göstərilsəydi, indi belə eybəcər vəziyyət yaranmazdı. 

 

Sabah buna bənzər intizamsızlıqlar təkrarlandıqda, nə məşqçilər korpusu, nə də klub idarəçiləri təəccüblənməməlidi. İntizamsızlığın axırı isə mütləq və mütləq özünü nəticədə büruzə verəcək. Yerlilər bir yana, legionerlər bu cür məsələlərə çox həssas yanaşırlar. Sabah məsələn, Yevgeni Koçuk məşqi yarımçıq tərk etmək eşqinə düşsə, təəccüblənməyin...

 

Biz ənənəvi olaraq tənqid etməklə kifayətlənmirik. Yaranmış vəziyyətdə hansı addımların atılmasını da qələmə alırıq. Yaqublu böyük məbləğdə pul cəzasına məruz qalmalı, habelə əvəzedici komandaya göndərilməlidir. Bunu istənilən futbol klubunun “əlifba”sı tələb edir. Olacaqmı belə bir şey? Bax, bu sualın cavabını bir klub rəhbərliyi bilir, bir də baş məşqçi. Ancaq görünən budu ki, dediklərimiz olmasa, “Səbail” çökəcək.

 

Bəli, bu gün “Keşlə”ylə baş tutacaq oyundan sonra Aftandil Hacıyev “Eltun səhvini başa düşdü, klub rəhbərliyindən də, komanda yoldaşlarından da üzr istədi” tipli açıqlamayla futbolçusunun üstünə qanad sərə bilər. Belə olacağı təqdirdə, Eltuna qarşı ən sərt cəza tətbiq edilməsə, “Səbail” əmin addımlarla turnir cədvəlinin alt sıralarına doğru yuvarlanacaq. Bax, onda büdcənin azaldılması bəhanədən başqa bir şey olmayacaq. Çünki futbolçu məşqçinin qabağında “at oynadırsa”, intizamsız komanda nəticə verə bilməz! Burda pul-para rol oynamır, ön plana məşqçı qətiyyəti/qətiyyətsizliyi keçir. Bizdən demək/yazmaq, qərarı “Səbail”dəki məsul şəxslər verəcək...əgər versələr.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB