TOP 10

Hayme Romero: “Bunun nəyi pisdi?”

Futbol
Tarix: 2019-09-14 10:10

Futbolçu yeni komandaya gəldikdə adaptasiya üçün zamana ehtiyac duyur. Lakin istisna hallar da olur ki, belələrinin sırasına Hayme Romeronu da qoşmaq olar. Sport24.az-a danışan ispaniyalı yarımmüdafiəçi əvvəlcə qarşıdan gələn “Neftçi”ylə oyun barədə fikirlərini bölüşdü:

 

“Komanda yoldaşlarımdan eşitmişəm ki, “Neftçi” çempionluq mübarizəsində əsas rəqiblərimizdən biridi. Bu cür oyunlar hər zaman ajiotaj doğurur. Hər bir futbolçu kimi, belə bir qarşılaşmada iştirak etməyi çox istəyərdim. Ancaq əlbəttə ki, seçimi baş məşqçimiz edəcək”.

 

Maraqlıdı ki, arxada cəmi 3 tur qalsa da, “süvarilər” “Neftçi”ni artıq 5 xal qabaqlayır. Digər tərəfdən də “Qarabağ”ı cümə axşamı “Sevilya” ilə ağır qarşılaşma gözləyir. Görəsən, bu faktorlar, “ağ-qaralar”la matçı arxa plana keçirmir? Haymeni dinləyək: “Beşxallıq fərq bizə heç bir arxayınçılıq gətirmir. Qətiyyən belə bir fikirlə razılaşmıram. Bəli, biz 5 xal öndəyik, amma nəzərə alaq ki, hələ çempionatın əvvəlidi. Həm də rəqib qələbə qazansa, xal fərqi 2-yə enəcək. Ancaq digər tərəfdən baxsaq, qalib gələcəyimiz təqdirdə fərqi 8-ə yüksəldəcəyik. Bunun nəyi pisdi? Bax, buna görə də nə arxayınlaşırıq, nə də “Neftçi”yə qarşı matçı arxa plana keçiririk. Meydana çıxıb, qələbə qazanmaq istəyirik”.

 

“Qarabağ”ın 3 tura maksimal xal toplaması futbol ictimaiyyətinin bəzi nümayəndələrində komandanın cari mövsümdə çempionatda ciddi rəqabətlə üzləşməyəcəyini iddia etməsinə təkan verib. Ancaq Romero belə fikirlə razılaşmır: “Mövsümün əvvəlidi, indi hansı çempionluqdan, hansı asan missiyadan danışmaq olar? Bizi qarşıda uzun marafon gözləyir. Düzdü, yaxşı komandamız var, çempionatda da əla start götürmüşük - arxadakı 3 turda maksimum xal toplamışıq. Mövsümün gedişatında istənilən komanda “qara zolağ”a düşə bilər. Çempionatda xeyli oyun var və deməli, enişli-yoxuşlu yol qaçılmazdır. Hər bir komanda xal itirə bilər, itirəcək də. İndidən qızıl medal, çempionluqdan danışmamalıyıq, fikrimiz ancaq götürdüyümüz tempi qorumağa yönəlməlidi”.
 

05 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB