TOP 10

Bir zəfərin sirri

Futbol
Tarix: 2019-09-10 17:00

“Sən düzgün/əzmkar oyna, nəticə mütləq gələcək” - futbol dahiləri belə deyib. Bu deyim 100 ildən sonra da qüvvədə qalacaq. Millimiz Uelsdə həm düzgün oynamışdı, həm də əzmkar. Qrup mərhələsinin ilk oyununda Zaqrebdə Xorvatiyaya qarşı olduğu kimi. Təəssüf ki, hər iki halda ağıllı futbol sərgiləyən komandamızın xal ehtiyatı dəyişməz - “0” qalmışdı. Ancaq götürülən xətt dəyişmədi. Bəli, bəzi ifaçılar fərqli idi, bəli, oyun sxemlərində müəyən dəyişiklik var idi, amma ana xətt - iki eşelondan ibarət müdafiə redutları, kompakt oyun, ən minimal ötürmə sayı ilə topu hücuma çatdırma - bütün bunlar millimizin yeni simasını formalaşdırır...

 

Xorvatiya ilə oyun dəhşətli yuxu kimi başladı. Əgər bir komanda - Azərbaycan - topu meydanın mərkəzinə  daşıya bilmirsə, bu, faciədi! Amma dünya vitse-çsmpionlari ilə matçın ilk 20-25 dəqiqəsi məhz bu axarda getdi. Riçard Almeydanın yoxluğunda dirijor çubuğu Cavid Hüseynova həvalə olunmuşdu ki, təcrübəli yarımmüdafiəçi sadəcə, belə templə ayaqlaşa bilmirdi. Amma Cavidin oyun ərzində liderlik xüsusiyyətləri - hansı ki, tribunadan görünmür - daim komanda yoldaşlarını toparlaması, müdafiəyə sıxılanda irəli atılması - funksional hazırlığının aşağı olmasını kompensasiya edirdi. Buna baxmayaraq ilk iyirmi dəqiqə yalnız Emil Balayevin inanılmaz seyvləri Modriç və dostlarını hər qol epizodundan sonra başlarını tutmasını şərtləndirirdi. Doğrudu, Uelsdə ən zəif bənd olan Anton Krivotsyukun qapımıza gətirdiyi penalti zərbəsi qarşısında “Tobol”un qolkiperi də əlacsız idi, amma digər epizodlarda onun etdiklərinə ən böyük ən böyük əlcək sahibləri də ayaqda əl çalardı!

 

Komandamızın sol cinahının da “axsaq” olması, baş məşqçi Nikola Yurçeviçi fasilədə yerdəyişmələrə, habelə əvəzetmələrə əl atmağa sövq etdi. Pavel Paşayevi əvəzləyən Təmkin Xəlilzadə Şəhriyar Rəhimovun movqeyinə atıldı, Rəhimov isə Krivotsyuku müdafiənin mərkəzinə göndərdi. Bundan sonra komandamızın oyunundakı rəngarənglik nəzərəçarpacaq dərəcədə artdı. Əgər ilk yarının son 15 dəqiqəsində keçmiş Yuqoslaviyanın tərkibinə daxil olan ölkənin yığmasının ərazi üstünlüyünü öldürməklə yanaşı, hücumlarımız sağ cinah və mərkəzdən gedirdisə, ikinci 45 dəqiqədə sol cinah da işə düşdü. Doğrudu, Kardifdə titanik iş görən Mahir Emreli fasilədən sonra artıq bir qədər yorğun idi. Ancaq kompensasiya olaraq Təmkin öz cinahını parça-parça edirdi. Şeydayev isə yorulmaq bilmirdi. Hər reydindən sonra belə təəssürat yaranırdı ki, artıq tükənib. Amma 90 dəqiqənin tamamını qeyd edən fitdən sonra daha bir hissə oynamalı olsaydılar, Şeydayevin gücü buna da çatardı.

 

Bu matçda daha bir xoş məqam qeyd olunmalıdı. Sən demə Qara Qarayev ancaq “qara iş”i deyil, “ağ iş”i də bacacrırmış. Onun ara ötürmələri ötən gecə ən yüksək qiymətə layiq idi. Təbii ki, ənənəvi “qara iş”i də öz yerində.

 

Çoxları belə bir mülahizə irəli sürür ki, Emin ilk dəqiqələrdən meydanda olsaydı, daha effektiv oyun izləyərdik. Ancaq məsələyə futbol aspektindən yanaşaq. Mahmudov hazırda Caviddən yaxşı formadadır. Oyun üslubları, start sürətləri də təxmini eynidi. Amma ölçü meyarı tək bu olmamalıdı axı. Onun daha yaxşı hazır olmasını Yurçeviç də bilirdi. Ancaq əlində “gizli kozır” saxlamalı idi. Emin oyuna daxil olarkən, xorvatiyalı futbolçular 60 dəqiqə idi ki, tər tökürdü. Başqa sözlə, onların fiziki durumu, ümumi potensiallarının 66 faizi artıq xərçlənmişdi. “Neftçi”nin yarımmüdafiəçisi isə oyuna 100 faizli enerjiylə daxil olmuşdu. Belədə, əlbəttə ki, qalan 30 dəqiqədə Mahmudov daha effektiv olacaqdı, nəinki onun vizaviləri. Statistika da dediklərimizin sübutudur. Uelslə matça da, Xorvatiyaya qarşı da yığmamız ikinci hissənin ortalarında fərqlənir. Bu da xorvatiyalı mütəxəssisin futbolçularımızı düzgün təhlil etməsindən qaynaqlanır. O, anlayır ki, yetirmələrinin gücü iki hissə hücum etmək, rəqib meydanında pressinq tətbiq etmək üçün yetərli deyil. Belədə, rəqibin yorğun vaxtı ən münasib zamandır ki, həmin dəqiqələrdə də  komandamız təşəbbüsə yiyələnir.

 

İlk yarıda Maksim Medvedev Bəhlul Mustafazadəylə müdafiənin mərkəzini “betonlayırdı”sa, fasilədən sonra “Qarabağ"ın müdafiəçisi doğma - sağ cinahına keçdi Bu da millinin kapitanının bir neçə dəfə cinahla irəliləməsini şərtləndirdi ki, yenə də Yurçeviçin yerdəyişməsi qeyd olunmalıdı. Hə, Bəhlulun adını çəkib, üstündən keçməyək. Bu dəfə “Sabah”ın müdafiəçisi “sədd” obrazında idi. Rəqib hucumçularının neçə zərbəsinə gövdəsini qoyduğunu dəqiq bilmirik, amma sipər olmaqla Balayevin ən yaxşı köməkçisi olduğunu qeyd etməliyik. Hə, bir də son dəqiqədə uzaq küncə ünvanlanan hava ötürməsinin qarşını son anda almasaydı, heç şübhəsiz ki, indi yenə də başımızı tutub 1:2 hesablı məğlubiyyətdən danışırdıq.

 

Oyunda ən yaddaqalan personajların adını çəkdik. Bir oğlan da var idi ki, onu desertə saxladıq. Söhbət Dmitri Nazarovdan gedir. “Aue”nin yarımmüdafiəçisi bu matçda çox çalışdı. Oyunu üzərinə götürdüyü məqamlarda da, hücumun istiqamətini dəyişməklə kəsərini artırdıqda da, qapıya zərbə endirdikdə də, yüksək pressinq tətbiq etdikdə də, hiyləgər ötürmə etdikdə də.

 

Bu heç-heçə alın təri, ağır məşqələrin bəhrəsi idi. Belə ləyaqətli oyundan sonra verilən mükafatın hər qəpiyi halalınız olsun. Kaş ki, hər oyundan sonra millimizi böyük mükafatlar gözləsin.

 

Yekunlaşdıraq. Ötən axşam milli döyüşdü. Ustalıq səviyyəsində aşkar uduzduğu xorvatları ağıl hesabına devirdi. Bu heç-heçəyə, belə heç-heçəyə ehtiyac böyük idi. Çünki haqq edərək qazanıldı. İndi qarşıdakı 3 oyuna nikbinliklə boylanmaq olar.

 

 

 

CEYHUN ƏLİYEV

19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB