TOP 10

Təmkin Kazbek Tuayevi gənclik illərinə qaytardı:  “Bakıda Uelsin başını üzəcəyik”

Futbol
Tarix: 2019-09-10 12:37

Sentyabrın 4 günü bütün futbol ictimaiyyətinin diqqəti milli komandamızın Uelslə səfərdə və Xorvatiya ilə evdəki oyununa yönəlmişdi. Hər iki qarşılaşmada da futbolçularımız əzmkarlıq nümayiş etdirdilər. Artıq iki oyunluq marafon arxada qalıb. Bu matçlarla bağlı fikirlərini öyrəndiyimiz futbol veteranı, AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev Soort24.az-a verdiyi müsahibədə əsasən millimizin özünə doğma olan hücum  potensialından danışdı.

 

- Başlayaq Uelslə oyundan...
- Ən xoş sözlərə layiq futbol sərgilədi uşaqlar. “Futbol bəxti” deyilən bir ifadə var. Bax, bizə də azacıq bu bəxtdən çatışmadı. Ancaq futbolda döyüşürsənsə, mütləq bəxt də səni sevəcək. Əmin idim ki, xorvatlara uduzmayacağıq. Bu inam məndə məhz Uelslə oyundan sonra yaranmışdı. Üstəlik, Zaqrebdəki qarşılaşmanı xatırlayın. Axı, ordakı görüşdə də 1:2 hesabına baxmayaraq, millimiz əla oynamışdı. 

 

- Kardifdə hesab bərabərləşdikdən sonra müsbət nəticəni qorumağa 6 dəqiqə çatmadı. Sizcə, nə mane oldu ki, millimiz Vətənə 1 xalla qayıtsın?
- Bunu psixoloji məqamla əlaqələndirərdim. Buna məşqçi də nəsə edə bilməz. Futbolçular ardıcıl 3 məğlubiyyətdən sonra növbəti dəfə uduzmaqdan qorxurdular. Ona görə də qapılarına sıxıldılar. Bu da yekunda evə xalsız dönməklərini şərtləndirdi. Ancaq ümumilikdə yığmamız taktiki cəhətdən yetərincə savadlı futbol göstərdi ki, bu da nikbin düşüncələrimizə təkan verdi.

 

- Ötən gün planetin ikinci komandasıyla oynayırdı millimiz...
- Meydana çıxanda planetin birinci, yoxsa 100-cü komandası ilə oynadığına fikir vermirsən. Meydanın sənin tərəfində olan hissəsində də, əks tərəfində də 11 futbolçu olur. Bundan sonra taktika, güc, əzmkarlıq, xarakter ön plana çıxır. Əlbəttə, dünəninə hörmət edirik, ancaq bu gün biz də layiqik. Xorvatiyaya heç bir komponentdə uduzmadıq. 

 

- İlk yarının əvvəli dünya vitse-çempionlarının aşkar üstünlüyü şəraitində keçsə də, hissənin sonlarına yaxın futbolçularımız oyunda balansı bərabərləşdirə bildilər. Fasilədən sonra dönüş nəyin hesabına yarandı?
- Tam doğru qeyd edirsiniz ki, əsl dönüş fasilədən sonra oldu. Fikir verin, Ramil Şeydayevə təkbaşına rəqib müdafiəsini yarmaq çətin idi. 46-cı dəqiqədə Təmkin Xəlilzadə oyuna daxil olduqdan sonra sol cinahimız da canlandı. Ardınca daha bir məşqçi müdaxiləsi: texnikalı, meydanı görmək qabiliyyəti yüksək olan Emin Mahmudov da oyuna daxil edildi və artıq hegemonluq tam olaraq yığmamızın tərəfində idi. Xorvatların müdafiəsi zəlzələdən sonrakı çat vermiş binanı xatırladırdı.

 

- Təmkin Xəlilzadənin qolla nəticələnən keçidi uzun müddət “Neftçi”nin cinah hücumçusu oynamış Kazbek Tuayevi gənclik illərinə aparmadı?
- (kiçik pauza yaranır, hiss olunur ki, kövrəlib) Mənə o qədər, o qədər xoş idi bu keçidə baxmaq! Sağı göstərib sol ayağına aldı, yıxmağa çalışdılar - ayaqda qaldı, qorxmadan son iki müdafiəçinin üstünə şığıdı və “bıçaq yağı kəsən kimi” onları da yarıb qapıçını da nokauta gondərdi. Əlbəttə, gənclik illərimə qayıtdım həmin anda. Əlbəttə, həmin illərdə mən də belə “şuluqluq” edərdim (gülür). Həmin epizoddan bir qədər əvvəl Ramil Şeydayev də bir neçə müdafiəçinin üzərinə şığıdı. Domaqoy Vidaya sola gedəcəyini göstərib, əks tərəfə şığıdı və əla da zərbə endirdi. Doğrudu, qapıçı xorvatları xilas etdi, amma əsl hücumçu belə olmalıdı - qarşısındakı müdafiəçiləri görüb dayanmamalıdı, əksinə, qoy, müdafiəçilər səndən qorxsun!

 

- Bir halda ki, Təmkin və Ramildən danışdıq, başqa hansı futbolçularımızı qeyd edərdiniz?
- Emil Balayev məni həm təəccübləndirdi, həm də sevindirdi. Çox xoşdur ki, belə bir əlcək sahibi var millimizdə. Onun çıxışını heç bir sözlə ifadə etmək olmaz. Mahir Emreli də ən xoş sözlərə layiqdir. Amma burda bir qeydim var: Qurban (Qurbanov) onun üzərində hələ çox işləməlidir. Hə, onda Mahir Qurbanın özü kimi hücumçu ola bilər.

 

- Xorvatiya kimi rəqiblə heç-heçədən sonra millimizdən bu tsikldə nə gözləmək olar?
- Əvvəla, onu qeyd edim ki, xorvatlarla oyunda 1 xal millimizin haqqı idi. Bu cüt oyun göstərdi ki, millimiz ağıllı futbol oynamağı bacarır. Hətta bizə daim ağız büzən rusiyalı jurnalist və mütəxəssislər də millimiz haqda ağızdolusu danışdılar. Qarşıdakı 3 matçdan ikisini səfərdə oynayacağıq. Macarıstan və Slovakiya ilə görüslərdə səfərdə layiqli müqavimət göstərə bilərik, xal/xallar qazana bilərik. Uelsə gəlincə, Kardifdə bəxtləri gətirdi, Bakıda isə onların başını üzəcəyik!

 

 

 

CEYHUN ƏLİYEV
 

17 Noyabr 2019
16 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB