TOP 10

Yurçeviç futbolçularıyla qürur duyduğunu açıqladı, Balayevin etdiklərini brilliant adlandırdı: "Bu gün bütün ürəkdən azərbaycanlı idim"

Futbol
Tarix: 2019-09-09 23:12

Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya yığmasıyla evdə 1:1 hesablı bərabərliyə qaldıqları qarşılaşmadan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, millimizin çalışdırıcısı kimi ilk rəsmi xalını qazanan 53 yaşlı xorvatiyalı mütəxəssis əvvəlcə matç haqda danışıb.

 

- Futbolçuların göstərdiyi oyundan çox razıyam. Onlarla qürur duyuram. Dünya çempionatının vitse-çempionuna qarşı oynadığımızı nəzərə almaq lazımdı. Rəqibi yaxşı oyuna görə təbrik edirəm. Azarkeşləri də təbrik edirəm, xüsusilə ikinci hissədə göstərdikləri dəstəyə görə. Bilirsiniz, milliyətcə xorvatam, ancaq bu gün bütün ürəkdən azərbaycanlı idim. Hamımız bu sevinci haqq etmişdik. Son vaxtlar yaxşı oyun göstərsək də, nəticə baxımından üzümüz gülmürdü. Ancaq bu dəfə istəyimizə nail olduq. Çox xoşbəxtəm ki, azarkeşlərə bu gün bu sevinci bəxş etdik.

 

- Sizə elə gəlmir ki, bunadək nəticənin olmamağı heyətin düzgün qurulmaması ilə bağlı idi?

- Bu sual üçün çox sağ olun. Hər şey üçün açıqam, tənqid olsa belə. Buna konkret cavab verməkdə çətinlik çəkirəm. Çalışırdım ki, oyunu həqiqi analiz edim. Bunadək bizdə nəticənin olmamasının səbəbi fiziki hazırlığının zəifliyi ilə bağlıdı. İki yolumuz var - nəyin bahasına olursa-olsun 1-2 xal qazanmaq və ya gələcək üçün gənc futbolçuları qazanmaq. Bizdə belə oyunçuların sayı yetərincədi və onlar gələcəkdə komandanın özəyini təşkil edəcəklər. 

 

- Rəqibin baş məşqçisi bizdə ən yaxşı futbolçu kimi Emil Balayevi qeyd etdi. Bəs sizin üçün günün qəhrəmanı kim idi?

- Bu gün Balayevin meydanda etdikləri mükəmməl, brilliant idi. Xüsusilə ilk 15-20 dəqiqəki performansı. Onda rəqib oyuna çox yaxşı başlamışdı. 

 

- Zaqrebdə yaxşı oyun, Kardiffdə daha yaxşı oyun, indi də nəticə. Növbəti hədəf nədi?

- Favoritlərə qarşı oynayırıq. Bu zaman 11 nəfər əla oyun göstərməlidi, 1-i isə ağlasılmaz. Bu gün bizdə belə futbolçu qapıçı idi. Gələn oyunlarda da nəticə qazanmaq üçün belə futbolçular olmalıdı. Çünki heç bir matçda favorit deyilik. 

 

- Riçard Almeyda bu gün zədəli olmasaydı, Emin Mahmudovun meydana çxımaq şansı olacaqdımı?

- Emin yaxşı futbolçudu, topla əla oynayır. Ancaq rəqibin müqavimətini də nəzərə almaq lazımdı. Mahmudovu oyun qurucusu kimi görürəm. Bizim isə bu oyunlarda topla çox oynayacağımız real deyil. Üstəlik, qapımız qarşısında standart vəziyyətlərdə bizə hündürboylu futbolçular lazım idi.

 

- Millimiz bütün seçmə mərhələlərdə stabil oynamır. Tsikl boyu sabit oynamaq üçün bu futbolçular yetərlidimi?

- Bunu hələ bilmirəm. Hələ son 2 saatda baş verənləri həzm etməliyəm ki, cavab verim. Bizim də plan budur ki, futbolçularımız ağıllı oynasınlar, təkcə ürəklə yox. Bunun ikisinin olması qısa müddətdə alınası deyil. Ümid edirəm ki, bu işdə də bizimlə birgə olacaqsınız, dəstək olacaqsınız. Gənc futbolçularımızın səhvləri zamanı mediada müzakirələr yadımdadı. Çempionatdakı templə beynəlxalq oyunlardakı eyni deyil. Sizdə təvəqqim odur ki, bu gənc futbolçulara dəstək olasınız. Keçən dəfə Renat Dadaşova şans verəndə, çoxları bunu anlayışla qarşılamırdı. Ancaq az sonra İngiltərə Premyer Liqa klubuna transfer olundu. Deməli, "qabın"da nəsə var ki, dalınca düşdülər. 

 

- İkinci dəfə xorvatiyalı baş məşqçiylə Bakıda Xorvatiyanı büdrədirik. Düşünmürüsünüz ki, bu amil nəticədə həlledici olur?

- Bəlkə də səbəblərdən biri ola bilər. Dəqiq söyləyə bilərəm. Hər halda, Xorvatiyanın mentalitetini bilməyim mənə çox üstünlük verir. Slovakiya və Macarstanla oyuna çox yaxşı hazırlşamışdıq. Rəqibləri yaxşı analiz etmişdik. İndi hər şeyi detallı təhlil etmək üçün vaxt lazımdı. Slovakiya ilə matçdan 0:2-dən sonra geridönüş etmək çətin idi. Ümumiyyətlə, bu hesabda çətindi, 0:1-də isə bunu etmək olur. Bunu bu gün gördük. Hətta qələbə üçün də qol şanslarımız oldu. Oyunda bir səhv həlledici olur. 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
13 Dekabr 2019
12 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB