TOP 10

“40+ Liqa”nın “pəncərə”sindən baxış: “Futbol elə bir “mərəz”di ki, xəstələndinsə, ömrünün sonunacan “müalicə” oluna bilmirsən”

Futbol
Tarix: 2019-09-09 17:41

Ötən gün “40+ Liqa” turnirinin püşkü atıldı. 40 yaşdan aşağı olmayanlar üçün turnirin keçirilməsi ideyası ötən mövsümün sonunadək Premyer Liqamızda çıxış etmiş Davud Kərimiyə məxsusdu. Veteran qapıçı Sport24.az-a açıqlamasında yarış barədə ətraflı məlumat verdi.

 

Kərimi ilk öncə iştirakçı sayı məsələsinə toxundu: “Komanda sayı ilk turnir üçün heç də az deyil. İki dövrəlik yarış olacaq. Əminəm ki, bizlərə gələcəkdə bir çox komandalar, veteranlar da qoşulmaq istəyəcək. Axı, futbol elə bir “mərəz”di ki, xəstələndinsə, ömrünün sonunacan “müalicə” oluna bilmirsən”.

 

Veteran qapıçı elə bu yarışda da say artımının mümkünlüyünü vurğuladı: “Düzdü, püşk atılıb, amma kapitanların hər birinin razılığı əsasında əlavə komandaların qoşulmasına hələ ki imkan var. Hazırda 1 komanda fəal şəkildə toplaşmağa çalışır. Ancaq istisna etmirəm ki, sentyabrın 15-də start götürəcək yarışı 8, bəlkə də 10 komandayla başladıq. İştirakı təsdiqlənən bütün komandaların kapitanları ümumi sayın artmasının tərəfdarıdı”.

 

Yarışın təqviminə gəlincə, burda da iştirakçıların istəyi nəzərə alınıb: “Oyunlar şənbə və bazar günləri keçiriləcək. Hamı iş-güc sahibidi. İş günləri başları qarışıq olur. Bu səbəbdən də yekdilliklə oyunları istirahət günlərində keçirməyi qərara aldıq”.

 

Yarışa marağın böyük olacağına şübhə etməyən Kərimi fikirlərini bu cür əsaslandırdı: “Vaxtilə minlərlə insan Zaur Ramazanov, Emin Quliyev, Mahir Eyniyev, Baba Əsgərovu izləmək üçün tribunalara toplaşırdı. Adlarını çəkdiyim və çəkmədiyim veteranlar yenidən öz məharətlərini göstərəcəklər. Əlbəttə, sürət həminki olmayacaq, amma texnika, ağıl ki, yerindədi! Kimsə vaxtilə elə həmin Ramazanovu, Eyniyevi tribunadan izləməkdən həzz alırdısa, bu gün ona qarşı meydanda olmaq şansı əldə edib. Bundan gözəl fürsət? Layihəmizin uğurlu alınacağını düşünürəm. Çünki artıq ilk turnirə maraq kifayət qədər böyükdür”.

 

Sonda həmsöhbətimiz Azərbaycan Futbol Veteranları Birliyinin sədri Oqtay Abdullayevlə yarışla bağlı fikir mübadiləsi apardıqlarını dilə gətirdi: “Çox sağ olsun, Oqtay müəllim, yarış barədə məlumatlandırdım, dərhal da bir ağsaqqal olaraq xeyir-dua verdi. Abdullayev yaşlı nəslin nümayəndələri üçün belə bir şərait yaratdığımıza görə bizə təşəkkürünü bildirdi və hərtərəfli dəstəyini əsirgəməyəcəyini söylədi. O, açılış oyununda iştirak edəcəyini, turnir iştirakçılarına öz ürək sözlərini çatdıracağını da vurğuladı”.
 

 

16 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB