TOP 10

Bəh-bəh-bəh...lul!

Futbol
Tarix: 2019-09-08 10:05

Bir neçə ildi izləyirəm. Daim stadionlarda, oyundan sonrakı addımlarında da təqib edirəm. Tərbiyəsi “fontan vurur”. Başıaşağı olan futbolçularımız var, amma İQ...

 

Bəhlul Mustafazadədən gedir söbbət. Adından nə vaxt söz etdirdi? Gəlin, xatırlayaq. Rəşad Sadıqov U-21-in baş məşqçisi təyin olunduqdan sonra mütəmadi gənclər yığmamızda etimad qazanmağa başladı. Ardınca qış fasiləsində icarədə olduğu “Sumqayıt”ın ovaxtkı baş məşqçisi Samir Abbasov ona şans tanıdı. “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan bu qıvrımsaç oğlan haqda informasiya toplamağa başladım. Üç kəlmə akademiyanın direktor müavini Nail Kərimovanın, 5 kəlmə klubun ovaxtkı meneceri Səbuhi Səfiyarlıdan, 10 kəlmə Rəşad Sadıqovdan... Sadıqovun diaqnozu bu uşağa daha çox diqqət ayırmağımın səbəbi oldu: “Bəhlul məndən güclü futbolçu olacaq”. Azərbaycanlılara xas olan paxıllıqdan əsər-əlamət yox idi bu cümlədə...

 

...Kardiffə yollanırıq. Heydər Əliyev Hava Limanında Nikola Yirçeviçlə qarşılaşırıq. Sözü Mustafazadən salıram. Xorvatiyalı mütəxəssis gənc müdafiəçidən razılığını gizlətmir. Onu bircə şey narahat edir - Bəhlulun millidə heç vaxt oynamaması. Ancaq Uelsdə Yurçeviç ucaboy qıvrımsaça start heyətində yer verir. Gənc həmyerlimiz də alqışalayiq futbolla hamımızı sevindirir. Tablodakı nəticəyə əsasən Uelsə məğlub olsaq da, biz əminliklə bu gəncin futboluna bəh-bəh-bəh deyirik.

 

...Artıq Kardiff Hava Limanındayıq. “Sabah”ın futbolçusu kiçik müsahibə götürmək istədiyimi bilincə, həyəcanını boğmağa çalışır. Oturacaqda əyləşən oğlum yaşda bu gəncin dediyi ilk sözlər valideyn tərbiyəsindən qaynaqlanır. Çantasını kənara qoyaraq, “əyləşin” deyir. Dünyaya göz açmış körpənin sağlam böyüməsi üçün həkimlər ən sağlam qida olaraq ana südünü tövsiyə edir. Görünən budu ki, Bəhlul halal Ana südündən korluq çəkməyib. Və müsahibə zamanı işlətdiyi bir ifadə: “Bir oyunda yaxşı oynadım deyə, göylərdə gəzməməliyəm”. Bu, həyatının 20 ilə yaxın müddətini idman jurnalistikasına həsr edən insana, oxucuya xoş gəlmək üçün işlədilən ifadə deyil, bu, həmin halal Ana südünün, Ata tərbiyəsinin təzahürüdü!

 

...Bir neçə kəlmə də çatışmazlıqlarından. Ayaqları ideal deyil. Cərimə meydançamızda müəyyən yubanmaları olur yer mübarizəsində. Qarşıdakı illər ərzində hələ səhvlər də edəcək, tənqid də olunacaq. Amma bu qüsuru da aradan qaldıracaq, yüz faiz əmin olun. Çünki mövsümdən mövsümə artırır. İndi də “Sabah”da ötən mövsüm “Qəbələ”dəkindən daha inamlı, daha ağıllı oynayır. Elə sağlam tənqidi soyuq başla qəbul etməyi də bacarır. Kardiff gecəsində isə bəh-bəh-bəh dediyimiz bir BƏHlul var idi meydanda. Hələ uzun illər fəxrlə danışacağımız qıvrımsaç, təvazökar, inamlı azərbaycanlı balası.

 

CEYHUN ƏLİYEV

 

P.S. Planda bu yazı yox idi. Kardiff səyahətinə həsr olunan material ilə Uels səfərinə nöqtə qoymağı düşünürdüm. Həmkarım Gündüz Abbaszadənin təşəbbüsü ilə “İdman Azərbaycan”dan Tərlan Şahinoğlu və İTV-dən Tuqay Əliyevlə I əsrdə tikilməyə başlayan Kardiff qəsrinə səyahətimizə həsr olunan yazını ixtiyarınıza verəcəkdim. Amma... Məncə, Bəh-Bəh-Bəh-lul daha önəmlidi. Kardiff və tarixsevərlər isə məndən inciməz.

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB