TOP 10

Seminardan çıxarılan dərs: 6 saniyə və penalti epizodlarına ciddi yanaşılmalıdı

Futbol
Tarix: 2019-08-25 13:14

Avqustun 9-da, Premyer Liqanın startına sayılı günlər qalmış Hakimlər Komitəsi media mənsubları üçün seminar təşkil etdi. Yeni mövsümün startı ərəfəsində bu, olduqca vacib addım idi. Hakimlər Komitəsinin sədri Frits Ştuxlikin keçdiyi seminar təqribən 5 saat davam etdi. Avstriyalı mütəxəssis qaydalarda edilən son dəyişikliklər barədə geniş məlumat verdi...

 

Bütün yeniliklərlə yanaşı, 53 yaşlı mütəxəssis bu mövsüm xüsusi diqqət yetirəcəkləri ləğv edilməyən, lakin arxa plana keçən qaydalardan da bəhs etdi. Bunlardan ikisini də biz xatırladaq: 

 

1) penalti vurulan zaman zərbəni endirən və qapıçıdan başqa cərimə meydançasında heç kim ola bilməz. Əgər həmin vaxt zərbə endirən futbolçunun komanda yoldaşı(lar)ı cərimə meydançasına şığıyıb(lar)sa və top qapıdan keçirsə, hakim 11 metrlik zərbəni təkrarlatmalıdır. Əgər zərbə zamanı müdafiə olunan komandanın qapıçısından başqa hər hansısa komanda yoldaşı cərimə meydançasına daxil olarsa və qol olmazsa, hakim penaltini təkrarlatmalıdı;

 

2) Qapıçı topu tutduqdan sonra onu əlində 6 saniyədən artıq saxlaya bilməz. Əks halda, baş hakim sərbəst zərbə təyin edir.

 

Ötən gün Sumqayıtda Premyer Liqamızda 2-ci tur start götürdü. Meydan sahiblərinin “Səbail”dən aldıqları məğlubiyyətlə işimiz yoxdu. Biz Ştuxlikin seminarda səsləndirdiyi iki məqamın dünənki görüşdəki icrasından bəhs edəcəyik.

 

Vüqar Həsənli matçın son dəqiqəsində qonaqların qapısına təyin etdiyi penaltini Kamal Bayramov dəf etdi. Lakin Əmir Ağayev zərbəni endirdiyi an qonaqların 3 futbolçusu cərimə meydançasında olur. Bu da Həsənlinin təkrar zərbə endirmək qərarın düzgünlüyündən xəbər verir. Maraqlıdı ki, qolkiper Əmirin 2-ci penalti zərbəsinin də öhdəsindən gəldi. Doğrudu, Ağayevin təkrar zərbəsi zamanı da cərimə meydançasında “dənizçilər”in futbolçusu olur. İlk epizodda olduğu kimi, bu dəfə də Elvin Yunuszadə zərbədən öncə cərimə meydançasına şığıyır ki, belədə, baş hakim penaltini daha bir dəfə təkrarlatmalıdır. Təəssüf ki, hazırda ölkəmizdə “qara satira”yla “like” yığmaq sevgisi peşəkar yanaşmanı arxa plana keçirib. Həsənlinin ilk zərbəni təkrarlatması belə “baş hakim stavka edib ki, qol/qol gələcək” tipli fikirlərin səslənməsinə yol açdı. Əslində isə referi penaltini 2-ci dəfə də təkrarlatmalı idi. Çünki peşəkarlıq qaydalara riayət edilməsini tələb edir! Bir məqama da toxunaq. Hər iki halda zərbədən öncə “Sumqayıt”ın hücumçusu Amil Yunanov da cərimə meydançasına daxil olur. Bu isə o deməkdir ki, Əmir qol vursaydı belə, baş hakim zərbəni təkrarlatmalı idi.

 

İndi isə qeyd etdiyimiz digər qayda barədə. “Səbail”in qapısını qoruyan Kamal Bayramov topu tutduqdan sonra (yıxılaraq tutulan toplardan söhbət getmir. Çünki belədə, topun əldə qalması 9-10 saniyəyədək çəkə bilər - C.Ə.) 8-11 saniyə ərzində onu qucağında saxlayırdı. Qolkiperin belə addımı başadüşüləndir: hesabda öndə olan komandası üçün vaxt uzadır, oyunun tempini aşağı salır. Elə məhz bu cür vaxtuzatmaların qarşısı alınması üçün də “6 saniyə” qaydası tətbiq olunubdur! Lakin baş hakim bir dəfə də olsun qaydaların tələb etdiyi sərbəst zərbəni təyin etmədi. Aydın məsələdir ki, Bayramov bir dəfə bu cür cəzalandırılsaydı, ikinci dəfə analoji yola əl atmayacaqdı. Atsaydı belə, baş hakimin borcu yenidən qaydanın tələb etdiyi qərarı tətbiq etməkdir.

 

Doğrudu, bu məqamda təbii sual yaranır: Kamal hardan bilsin ki, 6 saniyə tamamlandı? Biz öz təşəbbüsümüzü irəli sürürük. Futzalda hakim həm səslə, həm də əlini yuxarı qaldıraraq barmaqlarıyla 4 saniyə sayır. Bu muddət kəsiyində top oyuna daxil edilməsə, rəqib komandaya keçir. Futbolda bu zaman kəsiyi 6 saniyə təşkil edir və baş hakim qapıçıdan aralı olduğu üçün qolkiper onun səsini eşitməyə bilər. Lakin barmaqlarını görəcək axı. Demək ki, hər dəfə qolkiper topu tutduqda hakimin əli yuxarı qalxmalı və 6 saniyəlik hesab aparılmalıdır. Uzağı 2-3 dəfə bu cür sərbəst zərbələr təyin edildikdən sonra qapıçılar bu üsulla vaxt uzatmaq şakərlərindən əl çəkəcəklər.

 

Sual oluna bilər ki, bəs, 2 və 3-cü dəqiqələrdəki epizodlar? Burda əlavə şərhə ehtiyac yoxdu. Əvvəlcə, Kamal Bayramov Peyman Babayini aşkar şəkildə yerə sərir və bunun qərarı qırmızı vərəqə olmalı idi, ardınca isə Adil Nağıyev Şəhriyar Əliyevi cərimə meydançasında güləş fəndi ilə yerə çırpır ki, burda da hakim penalti nöqtəsini göstərməli idi. Yəqin ki, Həsənli üçün bu səhvlər çox baha başa gələcək. 

 

Ancaq biz bir daha qeyd etdiyimiz məqamlara toxunub, qabardırıq. Qapıçılar üçün 6 saniyə limitinə ciddi yanaşılmalı, habelə penalti zamanı zərbə endirilən an tərəflərdən heç bir əlavə futbolçu cərimə meydançasında olmamalıdı.

 

 

CEYHUN ƏLİYEV
 

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB