TOP 10

"Qarabağ"ın Avroliqada həlledici matçöncəsi autsayderlə sınağı, "Neftçi" üçün dönüş nöqtəsi

Futbol
Tarix: 2019-08-24 10:00

Bu gün Azərbaycan Premyer Liqasında II turun matçları start götürəcək. Sport24.az xəbər verir ki, startda olduğu kimi, bu tur da 3 gündə keçiriləcək və yenə "Neftçi"nin matçıyla yekun vurulacaq. “Qarabağ” avrokuboklarda iştirak etdiyinə görə mövcud əsasnaməyə uyğun olaraq oyunu bir gün sonraya keçirilib.

 

Mübarizə ilk turdan sonra 1-ci pillədə olan "Sumqayıt"ın oyunuyla başlayacaq. Onun rəqibi də yeni çempionata qələbəylə başlayandı. "Sumqayıt" "Səbail"ə evdə yalnız bir dəfə qalib gəlib. Maraqlıdı ki, bu, Ayxan Abbasovun "gənclik şəhəri"nin təmsilçisinin baş məşqçisi postunda ilk qələbəsi kimi tarixə düşüb. "Səbail" son iki matçda rəqibinə uduzmayıbsa, sumqayıtlıların son üç ev matçında heç-heçə qeydə alınmayıb. Ümumiyyətlə, komandaların görüşlərində ümumi balans tam bərabərdi - hərəyə 3 qələbə, 2 matçda heç-heçə qeydə alınıb. Hətta topların fərqi də bərabərdi - 6:6. 

 

Masazırda ötən çempionatı son 2 pillədə başa vuran "Sabah"la "Keşlə"nin qarşılaşması olacaq. Ancaq bu dəfə "Əlincə Arena" yox, "Bank Respublika Arena"da. "Sabah" yeni mövsümdə ilk ev matçına yeni adlı stadionunda çıxacaq. Məlumdu ki, "Bank Respubluka" klubun rəsmi sponsorudu. Vaxtilə "Qarabağ"da və millimizdə komanda yoldaşları olmuş həmsoyadlar - Elşad və Tərlan Əhmədovlar baş məşqçi kimi növbəti duellərinə çıxırlar. "Sabah" ötən mövsümdən Premyer Liqamızda çıxış etdiyindən və komandaların kubokda yoları kəsişmədiyindən, 4 dəfə görüşüblər. Bütün matçlarda qol vurulması diqqət çəkir. “Keşlə” son 3 oyunda uduzmayıbsa, “Sabah”ın meydanındakı görüşlərdə hər iki komanda qol vurması olur. Onu da bildirək ki, komandalar bu çempionata qələbəsiz başlayıblar. "Sabah" "Neftçi"ylə səfər matçında qələbəni əldən veribsə, "Keşlə" "Qarabağ"la ev matçında 10 nəfərlə qaldıqdan sonra qol buraxaraq uduzub.

 

"Qarabağ" yeni çempionatda ilk ev matçını "Azərsun Arena"da keçirəndən sonra doğma stadionu təmirə bağlanacağından daha sonra rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qonaq edəcək. İlk rəqib son pillədə gedən "Qəbələ"di. “Qarabağ” ardıcıl 5 qələbə qazanıbsa, “Qəbələ” son 8 səfərdə qalib gəlməyib. Son 4 matçda hər iki komanda qol vurub. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Avroliqada pley-off mərhələsində "Linfild"lə Bakıda cavab görüşünü nəzərə alaraq, əsas futbolçularını həlledici qarşılaşmaya qoruyacağı gözlənilir.

 

Tura yekun vuran matçda uğursuz start götürənlər olacaq. "Zirə"nin "Səbail"lə səfər matçında qələbə şansı yüksək olsa da, sonda meydanı heç 1 xalla da tərk etmədi. "Neftçi" isə "Sabah"la evdə vacib 2 xal itirdi. Roberto Bordinin komandası bundan əvvəl Avropa Liqasında İsrail "Bney Yehuda"sıyla görüşlərdə qələbəyə həsrət qaldığından, dönüş nöqtəsi Zirədə olmalıdı. Üstəlik, “Zirə” "Neftçi"yə son 6 matçda qalib gələ bilməyib. “Neftçi” isə son 4 səfər oyununda 1-dən çox qol buraxmayıb. Ancaq bu mövsüm mükafatlara iddialı "Zirə" də ilk ev matçında qələbəyə iddialıdı. 

 

 

Azərbaycan Premyer Liqası, II tur

24 avqust (şənbə)

19:00. “Sumqayıt” – “Səbail”
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Sumqayıt. “Kapital Bank Arena" stadionu

 

25 avqust (bazar)

18:45. “Sabah” – “Keşlə”
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Bakı. “Bank Respublika Arena” stadionu

 

21:00. “Qarabağ” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Əliyar Ağayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Bakı. “Azərsun Arena” stadionu

 

26 avqust (bazar ertəsi)

19:00. “Zirə” – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Cabarov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Bakı. Zirə İdman Kompleksinin stadionu

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB