TOP 10

"Qarabağ"ın sabiq kapitanı "Linfild"ı keçəcəyimizə arxayındı: "Amma yaratdığımız qol vəziyyətlərini Bakıda da vura bilməsək, onda bəli, oturub ağlamağa dəyər"

Futbol
Tarix: 2019-08-23 16:00

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində mübarizəyə gözlənilməz məğlubiyyətlə başladı. Qurban Qurbanovun komandası Şimali İrlandiyanın "Linfild" klubuyla səfər matçında oyunuyla, yaratdığı çoxsaylı qol imkanlarıyla qələbəyə layiq olsa, sonda 2:3 hesablı məğlubiyyət aldı. Beldastadkı bu uğursuz matçı dəyərləndirmək üçün mütəxəssis olaraq "Qarabağ"ın sabiq kapitanı Aslan Kərimovu seçdik. Həm də onu nəzərə aldıq ki, 46 yaşlı keçmiş yarımmüdafiəçi bu komandanın Şimali İrlandiya təmsilçisiylə ilk duelində - 9 il öncə "Portadaun"la uğurlu görüşdə iştirak edib. 

 

- "Qarabağ" Şimali İrlandiyaya ilk səfərində çətinlikdə də olsa əzmkar qələbə qazanmışdı. Bu dəfə isə hesabı biz açsaq, qələbəyə böyük şansımız olsa da, sonda meydanı məğlub tərk etdik. Necə müqayisə aparırdınız?

- Əslində, o "Qarabağ"ın heyəti  doğrudan da indikindən çox zəif idi. Onda daha ehtiyatlı oynayırdıq, hücumlarımızın kəsəri o qədər də güclü deyildi. Ümumiyyətlə, onu demək istəyərdim ki, həmin "Qarabağ"la indikiiylə müqayisə etmək olmaz. Amma dünənki matçda nə çatmadı deyəsi olsaq, mənə elə gəlir hamı razılaşarar ki, yeganə çatışmazlıq son nöqtəni qoya bilməməyimiz idi. Qolu vura bilmirdik. Bir da standart vəziyyətlərdi ki, hər zaman olduğu kimi başağrımızdı. Bu vəziyyətlərdən "Qarabağ" həmişə qol buraxıb. Bu dəfə də istisna olmadı, 2 standart vəziyyətin 2-si də qol oldu. Ona görə hesab edirəm ki, cavab matçında üzərində ən çox dayanacaqları standart vəziyyətlər və bir əks-hücumlara qarşı diqqətli olmaq olacaq. Əslində, rəqibin orda da əks-hücumları çox olmadı. Yalnzı 1-2 dəfə qaçdılar, bunun 1-də də özümüz topu itirdik, verdik rəqibə, qaçıb qol vurdu. Başqa belə təhlükəli əks-hücumları yox idi. Demək olar "Linfild" 3 hücum etdi, 3 qol vurdu. Hücum imkanımıza gəlincə, 50 qol qol imkanı yaradıb heç birini yarada bilmirsənsə, sonda rəqib nə vaxtsa sənə əks-hücumda qol vuracaq. Son nöqtəni qoymaq bizim üçün bir az problem olur.

 

- "Qarabağ" hesabı erkən açandan sonra bunun ardının gələcəyini gözlədiyimiz halda, daha çox dirəkləri saydı, imkanlarını sağa-sola xərclədi. Bunu bəxtsizlikdə əlaqələndirirsiniz?

- İlk əvvəl onu deyim ki, məncə, cavab görüşündə bu rəqibi keçəcəyik. Ancaq Bakıda da orda kimi "Qarabağ" bu qədər bəxtsiz, rəqib komanda bu qədər bəxtli olası olsa, onda bəli, qrupdan kənarda qalası ola bilərik. Ancaq buna inanmağım gəlmir ki, iki dəfə ardıcıl bu qədər şanssızlıq olsun. 

 

- Mərhələni keçməyə inamla bağlı fikrinizi qüvvələr nisbətində böyük fərqin olmasına söykənərək ifadə edirsiniz?

- Sözsüz ki, cütün qalibi olacağımıza arxayınam. Hesab edirəm ki, "Qarabağ" evdə başlayan kimi daha böyük təzyiqlə oynayacaq. Başlayan kimi qol vurası olsaq da, sonadək diqqətli olmalıyıq. Təmsilçimizin qol vuracağına ona görə əminəm ki, rəqibin müdafiəsini bizimkilər təkbətəkdə rahat keçə bilirdilər. Bu, həm Abdullah Zubirin, həm də Xayme Romeronun cinahından idi. Rahat şəkildə bir-iki nəfəri arxada qoya bilirdik. Belə olan halda da qol imkanları yaranır. Amma belə yaratdığımız qol vəziyyətlərini Bakıda da vura bilməsək, onda bəli, oturub ağlamağa dəyər. Ancaq bu da iki oyunda olmaz, buna inanmıram.

 

- Onu da nəzərə alaq ki, "Qarabağ" mütləq qalib gəlməlidi deyə qol vurmalıdı və buna reallaşdıra bilmədikcə gərginlik artacaq, rəqib daha çox qapanaraq əks-hücumlarda şansını gözləyəcək...

- Sözsüz. Belə deyək, 1:0-a keçirik. Əminəm ki, o 1 qolu vura biləcəyik. Yeganə narahat olduğum şey rəqibin standart vəziyyətləri olacaq. Bunu Şimali İrlandiyadakı görüşdən əvvəl də söyləmişdim ki, "Linfild" yalnız standart vəziyyətlərə bel bağlayacaq. Bu, Bakıda da istisna olmayacaq. "Linfild"in edə biləcəyi qol şanslarından yalnız və yalnız standart vəziyyətlər qalır. "Qarabağ"ı başqa heç bir şeylə üstələyə bilməyəcəklər. Çünki rəqib komandanın səviyyəsi göz qabağındadı. 

 

- "Portadaun"la "Linfild"i müqayisə etsəniz, yəqin ki hazırkı rəqibimizin güclü olduğu deyərdiniz...

- Bəli, mənə elə gəlir ki, "Linfild" heyətinə görə güclüdü. Həmin vaxt nə Şimali İrlandiyanın, nə İrlandiyanın klubları pley-offun heç yaxınına gəlib çıxa bilirdilər.

 

- Rəqib 2 qolu standart vəziyyyətdən sonra vurdusa, sona sonda qələbə qazandıran topu özümüz hədiyyə etdik. Həmin epizodda səhvə yol verən Abbas Hüseynovu qınamaq olarmı?

- Sözsüz ki, Abbası qınamaq düzgün olmazdı. Səhvi normal bir prosesdi. Sən uzun müddət oyun praktikasından əziyyət çəkirsənsə, istənilən halda, bir səhv edəcəksən. Bu, oyunda kimin başına gəlmir ki... Götürəsi olsaq, bütün dünya müdafiəçilərinin başına gələn bir şeydi. Sadəcə, həmin an Hüseynovun başına gəldi. Gənc futbolçu, üstəlik, uzun müddət oynamırdı. Birədn-birə oyuna çıxıb belə səhv etməsi, əslində, bu cür şeylər normal haldı. Önəmli olan bu basqı altından tez çıxmaqdı. Media tərəfindən çox yazılası olsa, futboçuya buraxdığı səhv bir az daha baha başa gələ bilər. 

 

- Məğlubiyyətdə bir səbəb kimi də "Qarabağ"ın APOEL məğlubiyyətinin təsiri altından hələ tam çıxa bilməməyi göstərilri. Bu fikirlə razısınız?

- Yox. İnanmıram bu cür şeylərə. Çünki təsiri altında olsa, nəyisə yarada bilməzsən. "Qarabağ"da bəzən görürsən ki, elə qarşılaşmalar olurdu top özlərində olduğu, topa sahib olmaq 70 faizə gedib çıxdığı halda, rəqib müdafiəyə qapanıb otururdu, onu yara bilmirdi. Yəni, hansısa qol epizodu, qol şansı yarada bilmirdilər. Amma bu matçda rəqib müdafiəni əməlli-başlı yarırdılar. Şimali irlandların müdafiəsi birəbir mübarizələrdə çox zəif idi. Bizim futbolçular onları asanlıqla keçə bilirdilər. Düşünürəm ki, bu məğlubiyyət APOEL uğursuzluğunun təsiri altında olmaq deyil. 

 

 - "Qarabağ"da itkilərin yeri nə dərəcədə görünürdü?

- Əlbəttə, itkilərin yeri görünürdü. "Qarabağ"ın elə bir oyun üslubu var ki, orda bir futbolçunu götürsək, istər-istəməz oyunun ümumi balansı itmiş olur. Xüsusilə də bu, Almeyda olsun. Riçard "Qarabağ"ın oyun üslubunda açar nöqtələrdən biridi. Onun olmaması oyunun gedişatında açıq-aşkar öz sözünü dedi. Bəlkə də bizim qolların olmamasında da. Halbuki, Almeydasız da rəqibi üstələmişdik, qol imkanları yaradırdıq.

 

- Yeni transfer Faysal Rerras hücumda çox aktiv idi, ilk qolu da o vurdu. Cavab matçında Aylton Silva zədəsini sağaldaraq tam hazır olsa, Faysalın müdafiənin sağ cinahında da çıxış edə bildiyini nəzərə alsaq, rotasiyalar etmək effekt verərmi?

- Düşünürəm ki, bu dəqiqə, hal-hazırkı vəziyyətdə Maksim Medvedevi "Qarabağ"da ehtiyata ata bilən bir müdafiəçi yoxdu. Maksim həm avrokuboklar, həm də milli təcrübəsinin böyük olmasıyla seçilir. Onun gücüylə təcrübəsinin indi əməlli-başlı balanslı olduğu vaxtdı. Məsələn, gənc vaxtı təcrübən olmurdu, boş-boşuna ora-bura qaçırsan, bir nöqtədə yaşlaşırsan, əla, təcrübən var, ancaq gücün çatmır. Medvedev isə iki bu keyfiyyətin düz ortasındadı, balansını yaradıb - həm gücü var, həm də  yetərincə təcrübəsi. Buna görə də Maksimi sağ cinah müdafiəçisi mövqeyindən atmaq kimin üçünsə heç də asan məsələ olmayacaq. Gərək, bunun üçün ən yüksək səviyyəli futbolçu gətirəsən. 

 

- "Qarabağ"ın Bakıda ilk dəqiqələrdən iki hücumçuyla oynamağı - Belfastda son saniyələrdə penaltidən vacib qol vuran Maqaye Qeyenin də start heyətində olacağını gözləyirsiniz?

- Yox, düşünmürəm ki, belə olacaq. Önəmli olan sırf hücumçu, kim oldu deyil, bundan söhbət getmir. Fikrimcə, "Qarabağ" oyun üslubu olaraq yenə 4-1-4-1 sxemiylə başlayacaq. Top özlərində olan 3 hücumçuya çevriləcək, cinahlar da öndə olacaq, sivri ucda da Mahir Emreli, yaxub başqa kimsə. "Qarabağ" oyun üslubunu dəyişdirməyəcək. Yeganə fərq daha təzyiqli oynamağa çalışacağıdı.

 

 

MEHMAN SÜLEYMANOV

 

 

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB