TOP 10

Bədavi Hüseynov qayıdışı zamanından və milliyə çağırılması perspektivindən danışdı: "Bu yay layiqli "Qarabağ" görürük, yenə qrupa düşərik"

Futbol
Tarix: 2019-08-22 13:00

"Qarabağ" üçün yeni mövsüm bir aydan çoxdu başlasa da, aparıcı futbolçusu Bədavi Hüseynovun xidmətindən yararlana bilməyib. Belə ki, millimizin üzvü olan təcrübəli mərkəz müdafiəçisi yay təlim-məşq toplanışı aldığı zədənin hələ də əziyyətini çəkir. Təsadüfi deyil ki, Bədavi Çempionlar Liqasında təsnifat mərhələsi matçlarını kənardan izləməli oldu, Avropa Liqasının pley-off mərhələsində meydana çıxması da real görünmür. 28 yaşlı Hüseynov Sport24.az-a müsahibəsinə hazırkı durumu haqda məlumat verməklə başlayıb. 

 

- Allaha şükür ki, hər şey yaxşılığa doğru gedir. Artıq komandayla birgə məşqlərə başlamışam.Təəssüf ki, belə xoşagəlməz zədəyə görə uzun müddət buraxmalı oldum. Bir aydan çoxdu oynaya bilmirəm. Omba nahiyəsinin arxa əzələsini dartmışam. Bu, bir ay ümumiyyətlə, məşq etməyimə imkan vermədi. Yavaş-yavaş məşq edərək əvvəlki formanı bərpa etməyə çalışıram. 

 

- Zədə aldığı an necə oldu?

- Türkiyədə təlim-məşq toplanışımız yekunlaşmaq üzrə idi. Axıırncı yoxlama matçımızın sonunda ağrı hiss etdim. Bərpa dövrüm arxada qaldı. İndi formanı yığaraq yavaş-yavaş oynamağım lazımdı.

 

- Nə qədər zaman lazımdı ki, yaşıl meydana qayıdasan?

.- Pley-offdakı ilk matçda dəqiq olmayacam. Ola bilər ki, ikinci qarşılaşmaya hazır olum. Artıq ağırlarım yoxdu. Yavaş-yavaş-yavaş komanda hazırlığına məni buraxırlar. 

 

- Bu mövsümkü "Qarabağ" kənardan necə görünür?

- Fikrimcə, layiqli "Qarabağ"ı görürük. Komandamızın oyunu xoşuma gəlir. 

 

- Məhz nələr?

- Hücum xəttində artım var. Ön xəttdəki oyunçularımızın yaxşı çıxışını görürük. Çoxlu qol imkanı yaradırıq. Təəssüf ki, hamısını qola çevirə bilmirik. Bunun üzərində də  işləməyimiz lazımdı. Əfsuslar olsun ki, APOEL-lə Bakıdakı görüşdə xeyli qol imkanımız olsa da, bunun heç birindən yararlana bilmədik. Hücum xəttindəki oyunumuzun tempini azaltmamalıyıq. 

 

- Bəs, kapitanınız Rəşad Sadıqovun başçılıq etdiyi müdafiə xəttiniz necədi?

- Layiqli çıxış edirlər. Rəşad onsuz da liderimiz, kapitanımızdı. Rahil Məmmədov isə bu matçlarda çox inamlı təsir bağışlayır. Hər oyundan oyuna artırır. Fikrimcə, gələcəkdə daha yaxşı olacaq.

 

- Hər halda, Bədavi Hseynovun yerinin göründüyü deyilir. Xüsusilə APOEL-lə matçlarda yoxluğun müzakirə edildi....

- Deməzdim. APOEL-lə görüşdə xüsusi bir səhvimiz olmadı axı.  

 

- Eləsə səfərdə 2:1 hesabıyla məğlub etdiyimiz kiprliləri niyə keçə bilmədik? 

- Sadəcə, evdə qol vura bilmədik. Futbolda belə şey olur. Güclü komandayla oynayırsan, hər şey yerindədi, ancaq qol vəziyyətlərini reallaşdıra bilmirsən. Bizdə də belə olub ki, oyuna görə rəqibdən geri qalmışıq, ancaq öz qolumuzu vuraraq qələbə qazanmışıq, vəssalam. Futbolda bunun izahı yoxdur ki, niyə belə alınır. 

 

- Hesab etmirsən ki, hardasa arxayınlıq öz sözünü dedi? Kiprdəki son saniyələrdə buraxdığımız qol da bunun nəticədi idi?

- Ola bilər. Bu faktor da futbolda olur. İstənilən halda, səfərdə qələbəylə qayıtdıq. Cavab matçını da qazanaraq Çempionlar Liqasının pley-off mərhələyə vəsiqəni götürməli idik. Bunu başa düşürük, belə şansı əldən buraxdığımıza görə çox təəssüflənirik. Hesab edirəm ki, bu, "Qarabağ"ın avrokuboklar tarixində ən üzücü məğlubiyyətlərindən biridi. 

 

- Əsas heyətə qayıdışın çətin olmayacaq?

- Bəli, olacaq. Bu, futbolda normal haldı. İlk dəfədi zədəli deyiləm, belə şeylə əvvəllər də üzləşmişəm. Rahil Şimali İrlandiyada olmayacaq, çünki cəzalıdı. Belə olan halda, Maksim Mevdedev müdafiənin sağ cinahından mərkəzə çəkilərək Rəşadla tandem təşkil edəcək. Bu da maraqlı olacaq. "Keşlə"ylə ilk turda Maksim mərkəz müdafiəçisi kimi çıxış etdi, pis də olmadı. Ümid edirəm ki, səfər matçında da işinin öhdəsindən layiqncə gələcək. Mənimlə millimizdə də birgə mərkəzdə çıxış edib, artıq bu mövqedə necə oynamaq lazım olduğunu bilir. Medvedev təcrübəli futbolçudu, artıq 30 yaşı var, məncə, problem olmaz. 

 

- "Linfild"i təhlil edərkən, necə komanda olduğunu müəyyənləşdirmisiniz?

- Oyun üslubuna görə İrlandiyanın "Dandolk" klubu kimidi. Hardasa onlar da döyüşçüdürlər, möhkəm komandadı, sərt oyuna, güc futboluna üstünlük verir. Fikrimcə, bu dəfə də bizə asan olmayacaq. Ümid edirəm ki, inşallah, sensasiya olmaz, "Qarabağ"la yenə qrupa düşərik.

 

- Qarşıdan eyni zamanda millimizin də rəsmi matçları gəlir. Həmin vaxta tam hazır ola bilərsənmi? Millidən dəvət gözləyirsən? Millinin həkimləri səninlə maraqlanırlarmı?

- Məncə, həmin vaxt milliyə kömək edə bilməyəcəm. Çünki yeni-yeni komandayla məşqlərə başlamışam və tam hazır olmağım üçün zaman lazımdı. Millinin baş həkimi mənimlə daim maraqlanır, hər dəfə vəziyyətimi, müalicəmin, bərpa prosesimin gedişini soruşur. Baxaq görək, necə olacaq. Seşmə mərhələ matçlarınadək heç olmasa 1-2 oyunda meydana çıxa bilsəm, artıq millidə də ola bilərəm. Ancaq bu da risk olacaq ki, yığmayla qısa müddətdə ardıcıl iki qarşılaşma keçirim. Çünki hələ optimal formanı yığmamışam. Uels və Xorvatiya yığmaları ilə qarşıdakı görüşlər vacibdi və güclü rəqiblərlə bu çətin sınaqlara tam hazır olmaq lazımdı. 

 

 

 

MEHMAN SÜLEYMANOV

 

 

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB