TOP 10

Şimali İrlandiyada "Qarabağ"a qələbə qazandırmış futbolçu sensasiya gözləmir: "Belfastda 1:0 və ya 2:0 hesabıyla udacağıq, əsas odur qol buraxmayaq"

Futbol
Tarix: 2019-08-22 10:42

Azərbaycanla Şimali İrlandiyanın avrokuboklarda ilk dueli məhz "Qarabağ"la bağlı olub. Bu, 2010-cu ildə Avropa Liqasının II təsnifat mərhələsində "Portadaun"la duel idi. İndisə "Qarabağı" həmin turnirin pley-off mərhələsində "Linfild"lə sınaq gözləyir. Ağdam klubunun Şimali İrlandiyaya ilk səfərində, 9 il öncə qələbənin əsas memarı olan Əfran İsmayılovla söhbətləşdik. Təcrübəli yarımmüdafiəçi Sport24.az-a müsahibəsində həmin səfəri xatırladı, budəfəki şansları dəyərləndirdi. 

 

- "Qarabağ"ın "Linfild"lə səfər matçından nə gözləyirsən?

- Məlumdu ki, bundan əvvəl Çempionlar Liqasında evdə acı məğlubiyyət oldu. Nəticədə APOEL onu bu turnirdə mübarizədən kənarlaşdırdı və indi Avropa Liqasında çıxış edir. "Qarabağ"ın futbolçuları dərk edirlər ki, tezliklə bu məğlubiyyəti unutmaq lazımdı. Çempionatda oynadılar, ilk turda "Keşlə"ni uddular, Şimali İrlandiyaya qələbə əhval-ruhiyyəsi ilə yollandılar. Həqiqətən çətin səfərdi, uzun yoldu. Bilirik ki, rəqib atletik futbola üstünlük verir  və bu, "Qarabağ"a çətinlik yarada bilər. Ümumi belə fikirləşirəm ki, hər iki matçda udan tərəf "Qarabağ" olacaq. 

 

- Bu nikbinliyin nədən qaynaqlanır? Hesab edirsən ki, qüvvələr nisbətində böyük fərq var?

- "Qarabağ" Avropada həmişə öz sözünü demiş komandadı. Dəfələrlə gücünü göstərərk, qrupa düşüb. Budəfəki rəqib həm təcrübəsizdi, həm də pis çıxmasın, futbolçularının "Qarabağ"la müqayisədə fərdi oyun keyfiyyətləri aşağıdı. 

 

- Yəni, hesab edirsən ki, "Linfild" sensasiya etməyə qadir deyil?

- İnanmıram ki, sensasiya etsin. Düzdür, bu, futboldu, hər şey ola bilər. APOEL sensasiya etmədi. O da "Qarabağ" kimi təcrübəli, futbol oynamağı bacaran komandadı. Buna görə də qələbəsini sensasiya demirəm. "Ayaks"la matç APOEL-in də güclü komanda olduğunu göstərdi. Ola bilər ki, "Qarabağ" bu dəfə tam başqa cür hazırlaşsın, fərqli oynasın. Ümumi götürərək, deyərdim ki, təmsilçimiz şimali irlandlardan güclüdü və mərhələ keçən tərəf olacaq. 

 

- Amma onu da nəzərə alaq ki, "Qarabağ"ın heyətincə cidid itkilər var. Cəzalılara zədəlilər də qoşulub. Xüsusilə müdafiə xəttində problemlər var. Bu, itkilər bizə problem yarada bilərmi?

- Bəli, problem yaradacaq. Ancaq "Qarabağ"ın, baş məşqçisinin təcrübəsini nəzərə alaraq, inanıram ki, bu kimi vəziyyətdən çıxacaqlar. 

 

- "Qarabağ"ın Şimali İrlandiyaya 9 il öncə olan ilk səfərini xatırlayaq. Onda cəmi 22 yaşın olsa da, Avropa Liqasında "Portadaun" üzərində 2:1 hesablı qələbədə dublunla əsas pay sahibi oldun. Həmin səfəri necə xatırlayırsan?

- Əsas məqam bu idi ki, çox uzun idi yol. Həm də çox soyuq hava idi. Baxmayaraq ki, iyul ayı idi, Bakıda isti olsa da, orda soyuq idi. İlk qolu onlar vurmuşdu. Fasiləyə hesabda 0:1 geridə yollandıq. İkinci hissədə 2 qol vurdum və 2:1 hesablı qələbəylə qayıtdıq. Bakıda həmin komandayla 1:1 oynadıq və mərhələni keçdik. Şimali İrlandiya komandasının əsas özəllikləri odur ki, atletik futbol oynayır, futbolçularını çox gücü var, çox qaçırlar, çox vuruşurlar. Ancaq fərdi oyun keyfiyyətlərində, texnikalı oyunda, bir sıra komponentrlərdə bizdən geri qalırlar ki, inşallah, "Qarabağ" bu üstünlüklərindən istifadə edəcək. Əlbəttə, atletik futbola qarşı oynamaq asan olmur. "Qarabağ"ın "Dandolk"la İrlandiyadakı matçında da rəqib bunu göstərdi, güc futboluyla bərabərlik qolunu vurdu. Ancaq düşünürəm ki, bu kimi şeylərin hamısını analiz ediblər, nəticə çıxarıblar və bunların qarşısını alacaqlar. Çünki "Qarabağ"ın təcrübəli baş məşqçisi var. 

 

- Gəl, Şimali İrlandiyada vurduğun qolları xatırlayaq...

- Yadımdadır ki, hər ikisində ara ötürməsindən sonra sağ cinahdan cərimə meydanına daxil olaraq qapıya dəqiq zərbə vurdum. Demək olar oxşar qollar idi. İlk qolda qapıçıları uğursuz çıxış etdi, yaxın küncə vurduğum zərbəni dəf edə bilmədi. Digərində uzaq küncə nişan aldım. Üstündən çox vaxt keçib, dəqiq yadımda deyil, amma məncə, ilk qolda ötürməni Rəşad Sadiqov vermişdi. Həmin vaxt "Qarabağ"da 2-3 legioneri çıxmaq şərtilə çoxu azərbaycanlı futbolçular idi. Səfərdə oynayırdıq, biliridk ki, rəqib müdafiədə "oturacaq", əks-hücumlara çıxacaq. Gözlənilən oyun oldu, hücumların birindən istifadə edərək qol vurdular. Ani səhvin nəticəsiydi ki, gözlənilməz qol buraxdıq. Ancaq şükürlər olsun ki, sonra oyunu xeyrimizə çevirə bildik. 

 

- Stadionda ab-hava necə idi?

- Yadıma gəlir ki, yerli azarkeşlərin yaxşı dəstəyi var idi. Sayları çox olmasa da, səsləri həqiqətən ucadan gəlirdi. Bu da rəqib üçün əlavə böyük üstünlük idi. Bu dəfə də şimali irlandlar maksimum hər şeyi etməyə çalışacaqlar ki, "Qarabağ"ı keçən tərəf olsunlar. İndi Avropa Liqasının qrup mərhələsinin son astanasıdı. Pley-offun qalibi olursansa, qrupa düşürsən. Onda isə hələ ilk təsnifat mərələsi idi. "Linfild" hər şeyin ən yaxşısını etməyə çalışacaq ki, "Qarabağ"ı keçsin.

 

- Həm də onu nəzərə alaq ki, Şimali İrlandiya ilk dəfə qrupa düşə bilər...

- Ancaq inanıram ki, "Qarabağ"ın təcrübəsi bunun qarşısının alacaq. 

 

- "Linfild"in baş məşqçisi David Hili də Azərbaycan futbolunu yaxşı tanıyır, millisinin heyətində bizə qarşı oynayıb, hətta son qolunu bizə vurub. İndi də baş məşqçi kimi bizim üzərimizdə qələbəyə köklənib...

- Rəqib baş məşqçi bunu deməlidi, iddialı olmalıdı. hər şey normaldı. Ancaq Qurban Qurbanov ondan hərtərəfli güclüdü. Avropada uğurları müqayisəolunmazdı. Qurban müəllim hər şeyi yaxşı analiz edərək lazımı oyun quracaq, komandasını istədiyi kimi oynatmağa çalışacaq. "Qarabağda oynamış futbolçu kimi deyə bilərəm ki, uşaqlar Qurbanovun tapşırıqlarını yerinə yetirə bilsələr, meydanda ən yaxşısını edəcəklər. 

 

- Hesabla bağlı proqnozun nədi?

- Təxmin edə bilərəm, ancaq inanıram ki, ya 1:0, ya da 2:0 hesablı qələbəmiz olacaq. 

 

- İstənilən halda, cütün taleyi səfərdə həll olunmayacaq. Çünki acı APOEL nümunəsi var...

- Fikrimcə, əsas odur ki, qol buraxmayaq. Kiprdə son dəqiqələrdə bunun qarşısını ala bilmədik, sonda həmin top həlledici oldu. Şimali İrıandiyada qol buraxmadan qalib gəlsək, burda rahat keçəcəyik. 

 

 

 

MEHMAN SÜLEYMANOV

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB