TOP 10

Mehtiyev üzr istədi, ona verilən sarı vərəqələrlə, turun antiqəhrəmanı olmasıyla razılaşmadı: "Ştuxlik bizə dedi ki, qərar yanlışdı"

Futbol
Tarix: 2019-08-21 14:27

Emin Mehtiyev üçün "Keşlə"də rəsmi debüt və Premyer Liqaya uzun fasilədən sonra qayıdış uğursuz oldu. Belə ki, təcrübəli cinah yarımmüdafiəçisi ilk turda "Qarabağ"la "Dalğa Arena"dakı matçda ikinci hissənin ortasında oyuna daxil olsa da, tezliklə meydanı tərk etməli oldu. Bu, zədələnməsi yox, cəzalandırılması ilə bağlı idi. "Turun antiqəhrəmanı" seçdiyimiz Emin Sport24.az-ın suallarını cavablandırıb.

 

- İlk turda meydanda cəmi 8 dəqiqə oldun. Bu da 3 dəqiqəyə 2 sarı vərəqə almağınla bağlı idi. İndi soyuq başla bunu analiz edəndə, bu hərəkətinə necə izah verərdin?

- İndiyədək həmin anın atmosferindən çıxa, özümə gələ bilməmişəm. Ani refleks idi. Matçdan 2-3 gün sonra bazamızda iclas oldu, AFFA Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik gəlmişdi, oyun qaydaları ilə bağlı bizə məlumat verirdi. Mənə ikinci sarı vərəqə verilən epizod da müzakirəyə çıxarıldı. Avstriyalı da başa saldı ki, səhv qərardı. Çünki meydanın mərkəzində hər hansı əks-hücumun qarşısını almamışam. Ona görə də yanlış qərardı. Meydana yalnız komandama kömək etmək üçün çıxmışdım, başqa heç bir fikir ola bilməzdi. Ən azından bu il milli komandaya düşmək hədəfim var idi. İnşallah, bundan sonra udduğumuz matçlarla komandada əhval-ruhiyyəni qaldırarıq. Bir şeyi də diqqətinizə çatdırım ki, baş hakim Orxan Məmmədov 2-ci dəfədi məni əllə oyuna görə 2-ci sarı vərəqəylə meydandan çıxarır. İlk dəfə "Sumqayıt"da çıxış etdiyim vaxtda idi. 

 

- Bundan sonra Premyer Liqada iştirak etməmisən. Belə çıxır ki, qayıdışında həmin baş hakim, həmin aqibət...

- Elədi. Maraqlı təsadüfdü. Orxanın haqqıma girib-girmədiyini deyə bilmərəm. Ancaq ən azından "sarı"nı verməyə bilərdi. Baş hakimin yanlış qərar verdiyini özləri də təsdiqləyirlər. 

 

- Belə çıxır ki, AFFA İntizam Komitəsi 2-ci "sarı"nı ləğv etməli idi?

- Soruşdum ki, yanlışdırsa, niyə ləğv olunmur? Deyir ki, artıq hakim qərarını verib, protokolda yazılıb.  

 

- İlk "sarı"nı alanda topla irəliləyirsən, ayağından çıxır və özünü yerə atmaqla cərimə zərbəsini qazanmağa çalışırsan. Simulyasiya etməyinlə razılaşırsan?

- Əlbəttə ki, yox. Rəqib məni vurmağına vurur, mən də yıxılıram. Sadəcə, sarı vərəqəni verməyə də bilərdi, ancaq verir. Komanda yoldaşım Ruslan Qurbanov sarı vərəqə aldığı epizodunda təsdiqləyir ki, simulyasiya etdim. Ancaq mən bunu etməmişdim. Rəqib vurdu məni, durduğum yerdə yıxıla bilmərəm. Mənə toxundu - möhkəm dəydi, yoxsa zəif, fərq etmir - ən azından mənə dəydi. Epizoda dəfərlələ baxmışam. Baş hakimin niyə sarı vərəqə verməsini anlamadım. 

 

- Bilə-bilə ki sarı vərəqən var, durduğun yerdə niyə əllə oynayasan? Axı, bu, 2-ci sarı vərəqə deməkdi, nəzərə almalı idin...

- Ani bir epizod idi. Rəqibin müdafiəçisi Abbas Hüseynov arxamda dayanmışdı, itələdi və mübarizə zamanı əllə oynadım. Özümdən asılı olmayan bir şey idi. Bilirdim "sarı"m var, rahat idim. Çünki sarı vərəqəlik bir epizod da da yox idi ki, mənə "qırmızı" versin. Ağlımdan belə keçmirdi ki, hakim belə qərar çıxaracaq. Meydanın mərkəzində hansı hücumun qarşısını ala bilərəm?

 

- Klub rəhbərliyi, baş məşqçi səni qınadılar? Cərimələndinmi?

- Cərimə olmağına olacaq, bunu verəcəm, söhbəti yoxdu. Ancaq ən azından özüm özümə bilirəm ki, komandanın əməyin, uşaqların əziyyətini yerə vurdum. 90 dəqiqə ərzində ən azından yaxşı xarakter göstərdik. Buna görə özüm özümə heyfsiləndim ki, belə oldu, uduzduq. Klub rəhbərimiz Zaur Axundov matçdan sonra gələrək komandanı dəstəklədi və dedi ki, yaxşı xarakter göstərdiniz, inşalllah, gələn qarşılaşmadan yalnız qələbəylə ayrılasanız. Bu il qarşımıza avrokuboklara çıxmaq məqsədi qoyulub. İnşallah, buna nail olarıq.

 

- Komandadan üzr istədinmi?

- Əlbəttə. Zaur müəllim otaqdan çıxandan sonra dedim ki, komandadan üzr istəyirəm, zəhmətinizi yerə vurdum, haqqınızı halal edin. İndisə saytınız vasitəsilə "Keşlə" azarkeşlərindən üzr istəyirəm. İnşallah, bundan sonra belə uğursuzluğum olmaz.

 

- Və sonda, Sport24.az olaraq turun antiqəhrəmanı səni seçmişik. Bu seçimlə razılaşırsan?

- Elə deməzdim. "Səbail" - "Zirə" matçına da baxdıq. Orda qonaqların futbolçusu (Şafik Tiqrudja-müəl.) əllə oynadı, qapılarına penalti təyin olundu və bundan qol buraxaraq uduzdular. Antiqəhrəman onu da vermək olar. Ancaq bu düzgün olmazdı. Bir oyun epizodu idi, istəyərdimi ki, penalti olsun, yox. 

 

 

 

MEHMAN SÜLEYMANOV

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB