TOP 10

Ayıl, "Neftçi"!

Futbol
Tarix: 2019-08-20 10:10

İlk turlarda adətən asan gəzinti olmur. Hətta aşkar favoritlərin,​ çempionluğa oynayanların​ büdrəmələrini az görməmişik. Elə yenicə start götürən 28-ci çempionatımızda​ da bunu gördük. Həm "Qarabağ", həm də "Neftçi"də ötən həftə avrokuboklardakı məğlubiyyətin yaratdığı psixoloji sarsıntının təsiri altından tam çıxa bilmədiklərinin şahidi olduq. "Qarabağ" "Keşlə"ylə səfər matçında qələbəni sona 12 dəqiqə qalmış vurduğu qolla qopara bildi. Özü də rəqib​ azlıqda qaldıqdan sonra. "Neftçi" isə evdə də qələbə qazana bilmədi. Roberto Bordinin komandasına ona görə daha çox diqqət var ki, Avropa macərası artıq​ bitib. "Qarabağ" isə Çempionlar Liqasıyla vidalaşdıqdan sonra Avropa Liqasında çıxış etmək hüququ qazandığından hələ bu macəra​ davam edir. Yəni, ardıcıl 6-cı il qrupa düşmək şansı var və rəqibin Şimali İrlandiya "Linfild"inin olduğunu nəzərə alsaq, bu, yetərincə real görünür.

Bəli,​ yeni mövsümdə artıq 7 rəsmi oyun keçirən "Neftçi" fərqli çıxışla diqqət çəkir. Komanda son 3 matçda qələbə üzünə həsrət qalıb, hər görüşdə də qapısında qol görüb. Halbuki,​ ​ Roberto Bordinin yetirmələri ilk 4 oyunda meydanı qalib tərk etmişdi, özü də qol buraxmadan. Futbolda belə hallar olur ki, mövsümə uğurlu başlayan komandada sonradan​ eniş olsun. Bu, normal haldı, ciddi narahatçılığa əsas vermir. Mövsümün əvvəlində daim artan qrafik cızmaq heç də asan məsələ deyil.​

Həm də "Neftçi"nin qalib gələ bilmədiyi oyunlarda rəqibləri zəif olmayıb. 180 dəqiqəlik mübarizə İsrail Kubokunun son qalibi olan "Bney Yehuda"nın  yetərincə güclü rəqib olduğunu göstərdi. Tel-Əviv təmsilçisi​ güclü müdafiəsi, yüksək oyun nizam-intizamı, sürətli, kəsərli əks-hücumları olan komanda idi. Təsadüfi nəticə bir oyun olar. Rəqibini​ iki qarşılaşmada məğlub edə bilmirsənsə, deməli, ən azı həmin duellər zamanı səndən üstün idi.

Avrokuboklardakı bu mövsümdəki təmsilçilərimizdən ilk turda ən çətin rəqib də məhz "Neftçi"yə düşmüşdü, turun mərkəzi matçının "Bakcell Arena"da olması oyunla təsdiqləndi.​ "Sabah" yay fasiləsində heyətində böyük dəyişiklik edən, "transfer bazarı"ında ən fəal klublardan biridi. Təsadüfi deyil ki, "Neftçi"yə qarşı büsbütün dəyişmiş güclü bir komanda çıxmışdı. Ötən mövsümün əvvəlindən "Sabah"da çıxış edən futbolçulardan yalnız sabiq kapitan Cavid İmamverdiyev əsas heyətdə meydana çıxmışdı. Bu komanda da "Neftçi"ylə görüşdə daha çox müdafiə olunaraq sürətli əks-hücumlara bel bağlayırdı. Özü də bu həmlələri daha kəsərli idi və meydan sahiblərini iki dəfə qapı dirəyi xilas etdi. Yəni, "Neftçi"nin öz meydanında 2 xal itkisindən danışırıqsa, əslində, heç 1 xalı da əldə edə bilməməyi, məğlubiyyəti real idi. Elşad Əhmədovun komandası yeni mövsümdə ididasını, medallara, avrokuboklara oynayacağını ilk turdan göstərdi və buna da nail olmaq üçün güclü heyəti var. Onsuz da "Sabah"​ debüt mövsümündə çempionatımıza rəng​ qatmışdı, indisə artıq nəticə qazana biləcək komanda görə biləcəyimizi real sayırıq.

"Neftçi" "Bney Yehuda"dan aldığı zərbədən sonra komanda olaraq ilk növbədə psixoloji planda hələ toparlana bilməyib. Hələ də daxildə bir gəgrinlik var - büdrəmə xofu. Əslində isə belə məqamda çempionatda inamlı qələbəylə startla azarkeşlərdə, "Neftçi"sevərlərdə narahatçılığın əsassız olduğunu göstərmək lazım idi. Hər halda, Avropa ən azı bir mövsümlük arxada qaldı, bir uğursuzluqla həftələrlə yaşamaq da düzgün deyil. Bunu üzərindən atmaq lazımdı və ən əsası, artıq tam olaraq daxili yarışlara köklənmək lazımdı.

Hər bir komandada nəticəyə ilk növbədə baş məşqçi cavabdeh olsa da, meydanda əsas işi futbolçular görür. Ola bilər ki, Bordinin hazırlıq planında, yaxud taktikada hansısa qüsurları olub. Ancaq o, futbolçulara demir ki, çıxıb qol vurmayın, qələbə qazanmayın. Yaxud komanda qol vuranda, onun qarşısını almadı ki...Hər bir komandanın futbolçusu meydandan qalib ayrılmasa belə, canını qoymalıdı. Ancaq son 4 matçda belə bir mənzərənin şahidi oluruq. “Ağ-qaralar”ın əksər futbolçuları mövsüm başlamamış sanki Avroliqanın qrupuna da düşüblər, qızıl medalları da təmin ediblər. Bir cüt, bir tək oyun stabil oynayan Anton Krivotsyuk indi rəqibləri üçün ən arzuolunan cinah müdafiəçisidir. Stiven Monroz özünü “təqaüdçülər klubu”nun ən qocaman nümayəndəsi kimi aparır. Dario Frederikonun davranışından belə başa düşülür ki, komandaya “burda mənəm, Bağdadda kor xəlifə” mesajını yollayır. Bu siyahını davam etdirmək də olar, amma nəticə etibarı ilə məğz dəyişməyəcək.


İstənilən komandanın futbolçusunun oyunu 90 dəqiqə yola verməsi, meydanda ayaq sürüməsi həm yolverilməzdi, həm də buna haqqı yoxdu. Belələrinin toparlanması, ağlını başına top etməsi üçün iki məlhəm var: ehtiyata göndərmək və əgər bundan da nəticə çıxarılmırsa, pul cəzası!

 

Komandadakı daxili mətbəxi biz görmürük, amma kənardan duyulanları qələmə alırıq. Komandada yatanlar var, özü də xeyli sayda. Onlar mütləq ayılmalıdır. Əks halda, “ağ-qaralar” bunun acı fəsadlarını mayda görəcəklər.
 

 

​MEHMAN SÜLEYMANOV

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB