TOP 10

Naxçıvan finalının təsəllisi, Və ya çəkilin, Mehdi gəlir

Futbol
Tarix: 2019-08-18 15:18

“Qəbələ”nin büdcəsinin azaldılması artıq Avropa Liqasında debüt oyunundaca özünü büruzə vermişdi. Doğrudu, Tiflis “Dinamo”sunun yetərincə keyfiyyətli rəqib olması, “qırmızı-qaralar”ın çempionatda qapazaltı olmayacaqlarına ümidi artırırdı. Çempionatın start turunda ən “xodgedən” rəqiblər sırasına daxil olmayan “Sumqayıt”la qarşılaşmaq da əslində Sənan Qurbanovun komandası üçün müsbət hal idi. Hələ bura oyunun Qəbələdə baş tutacağını da əlavə etsək, meydan sahiblərini favorit də göstərə bilərdik.

 

Ancaq Rauf Cabbarovun 10 dəqiqə yubanmayla səslənən start fiti “kimyaçılar”ın ölkəmizin dilbər guşəsinə gəzintiyə gəlmədiklərini dərhal ortaya qoydu. Ayxan Abbasovun komandasına son anda qoşulan və demək olar ki, təlim-məşq toplanışında iştirak etməyən Mehdi Şərifi ilk toxunuşdaca səviyyəli forvard olduğunu ortaya qoydu.

 

İran çempionu “Perspolis”dən transfer olunan Mehdiyə Azərbaycan Premyer Liqasında qol hesabını açmaq üçün 13 dəqiqə kifayət etdi. Elvin Cəfərquliyevin hava ötürməsinə əla sıçrayışla baş qoyan Şərifiyə bir tək Anar Nəzirov mane ola bilərdi ki, o da çıxışda yubandı.

 

Yalnız bu qoldan sonra “Qəbələ” balkonu”nun necə miskin hala düşdüyünü hiss etdim. Adətən emosiyalarıyla az qala özünü 2-ci mərtəbədən atmağa hazır olan klubun meneceri Səbuhi Səfiyarlının eyni tərzdə buraxılan qola reaksiyası artıq yox idi. Heç tribunalara toplaşan tamaşaçılar da bu qola heç bir reaksiya gostərmədilər.

 

Süst görünən “Qəbələ” isə sanki aqibəti ilə barışmış ömürlük sürgünə məruz qalan müttəhim kimi davranırdı. Az-çox Merab Qiqauri mərkəzdə fərqlənirdi ki, bu da məşhur atalar sözünü xatırlatmaqdan başqa bir işə yaramırdı: “Tək əldən səs çıxmaz”. 

 

Şərifi isə 26-cı dəqiqədə yenidən səhnəyə çıxdı. Bu dəfə o, sürüşmə fəndi ilə Rasim Ramaldanovu qabaqlayaraq topu tirin altına göndərdi - 0:2.

 

Sənan Qurbanovun fövqalmüdaxiləsi özünü  çox gözlətmədi: buraxılan ikinci qoldan 6 dəqiqə sonra Roman Hüseynov meydandan alındı. Onu əvəzləyən Ülvi İsgəndərov, eyni zamanda bir sıra yerdəyişmələrə də səbəb oldu. İlk 45 dəqiqənin son 15 faizlik bölümü meydan sahiblərinin aramsız hücumları şəraitində keçdi. Kim bilir, fasiləyədək fərq azalsaydı, 2-ci hissə hansı məcrada davam edəcəkdi. Bunun üçün real imkan da var idi. Lakin Davit Volkovun baş zərbəsi qapı dirəyindən döndü. “Gənclik şəhəri” təmsilçisi üçün son 7-8 dəqiqə nə qədər həyəcanlı keçsə də, meydan sahiblərinin sıralarında toru silkələmək bacarığında bir kəs tapılmadı.

 

Fasilədən sonra isə Abbasov fərqli taktika seçdi. Topu rəqibə verən istedadlı mütəxəssis aşkar “2-ci nömrə” oyununa keçdi. Bəli, “Qəbələ” ikinci 45 dəqiqədə dominantlıq edirdi, amma buna görə nə qol qeydə alan olur, nə də xal verən. Fasilədən sonra Davit Volkovla David Klesionun ifasında bir neçə reyd izləsək də, Mehdi Cənətovun ustalığını nümayiş etdirməsinə zərurət duyulmadı. Doğrudu, Qiqauri qol vurdu, amma daha öncə baş hakim onun  Peyman Babaiyə qarsı qayda pozuntusunun qeydə almışdı.

 

Meydan sahiblərinin ən zəif bəndinə gəlincə, fikrimizcə, bu, Fernan Lopez idi. İspaniyalı oyun qurucusu ən yaxşı halda hələ ki komandasına uyğunlaşmayıb. 

 

İndi də bir neçə kəlmə “Sumqayıt” barədə. Qonaqlar olduqca ağıllı komanda obrazı yaratdılar. İlk 30 dəqiqədə “qırmızı-qaralar”a yüksək temp təklif edən son ölkə Kubokunun finalçıları, istəklərinə çatdıqdan sonra oyunu əks-hücumlar üzərində qurdular. Komandanın debütantı Mehdi Şərifi ilk yarıda xeyli iş görsə də, fasilədən sonra “benzini qurtardı”. Bu da başadüşüləndir. Ən yaxşı halda Şərifi millimizin oyunları ilə əlaqədar sentyabrda yaranacaq fasilədə fiziki kondisiyalarını bərpa edə biləcək. Elə 90 dəqiqəyə hazır olmadığına görə də baş məşqçi onu 73-cü dəqiqədə əvəzlədi. Qonaqların digər legioneri Əmir Ağayev də ən xoş sözlərə layiqdir. Cinahda “Qəbələ”nin “kabus”una çevrilmiş Ağayev deyəsən, hələ çox komandanın başağrısına çevriləcək.

 

Yekunlaşdıraq. “Qəbələ” ən güclü olmayan rəqiblə matçda qol vura bilmədisə, deməli, yaxın üfüqdə də pozitiv məqamlar görünmür. “Sumqayıt”a gəlincə, qonaqlar parlaq futbolla debüt oyununda 3 xalı əldə etsələr də, uzaqgörənliyə tələsməyək. “Sumqayıt”a ilkin qiymət vermək üçün heç olmasa 3 tura ehtiyac var. Əlbəttə, Kubokun finalındakı qələbəylə çempionatın açılış turu matçı tərəzinin gözündə bərabər deyil. Lakin qismən də olsa, “Sumqayıt”ın Naxçıvan finalını qisasını aldığını qeyd etməliyik.

 

 

CEYHUN ƏLİYEV, Bakı-Qəbələ-Bakı
 

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB