TOP 10

Bordinin tərəzisi

Futbol
Tarix: 2019-08-17 17:16

Son 2 günün mövzusu “Neftçi”nin Təl-Əvivdə aldığı məğlubiyyətdi. Söhbət heç də “niyə məğlub oldu”da deyil, əsas gündəm “necə məğlub oldu”du. Ötən gün Sport24.az da “Bney Yehuda”ya qarşı matça dair mövqeyini ortaya qoymuşdu. Bu gün isə oxucularımızı məsələnin fərqli tərəfinə baxmağa dəvət edirik.

 

Ötən mövsüm Roberto Bordinli “Neftçi” çempion ola bilməsə də, uzun müddət liderliyini sürdürdü. Sonuncu dəfə “ağ-qaralar” nə vaxt belə iddialı olmuşdular? Özü də eyni büdcəyə yeni səviyyəyə qalxdı “Neftçi”.

 

Komanda Roberto Bordinli ilk avrokubok macərasında fiaskoya uğradı: Macarıstan faciəsini xatırlatmağa lüzum yoxdur. Bu il “Neftçi” ilk 4 matçı fırtına kimi keçdi. Daha sonra “Bney Yehuda” “ağ-qaralar”ın qarşısında STOP qoydu. İtaliyalı mütəxəssisin səhvləri barədə dünənki yazıda ətraflı bəhs etmişik. Ancaq burda bir reallığı xatırlatmaq istəyirik: “Neftçi” sonuncu dəfə nə vaxt III təsnifat mərhələsində iştirak etmişdi? Yəni, səhvlərlə yanaşı, Bordinin xidmətlərini də qeyd etməliyik.

 

Yuxarıda qeyd etdiyimiz gümüş medal və Avropa Liqasının III təsnifat mərhələsi sinyor Robertonun aktivinə yazılsa da, həlledici məqamlardakı səhvləri də unudulmur: “Uypeşt” və “Bney Yehuda” ilə cavab oyunlarında buraxılan səhvlər, çempionatda 8 xallıq üstünlüyü qoruya bilməmək.

 

Tərəzinin hər iki gözünü ortaya qoyduq. Kimlər üçünsə Bordin uğurlu, yaxşı məşqçidi, kimlər üçünsə pis. Ancaq bir məqam da var axı - Bordin azərbaycanlı deyil. İndiki məqamda klub rəhbərliyi çalışdırıcını yola salmaq istəsə, yağlı bir kompensasiya ödəməli olacaq. Əlbəttə, kimsə deyə bilər ki, qarşıda çempionat var və qızıl medala görə bir neçə yüz mini qurban vermək olar. Ancaq heç kəs təminat verə bilməz ki, yeni gələn mütəxəssis “Neftçi”ni 19/20 mövsümünün qalibi edəcək.

 

Daha bir az önəm kəsb etməyən detal. Komandanı mövsümə Roberto Bordin hazırlayıb, öz baxış bucağını ortaya qoyub. Yeni gələn məşqçi fərqli taktika, fərqli oyunçular istəyəcək və nəticədə, hər şey kəllə-mayallaq gedəcək.

 

Bəli, Bordin “Neftçi”ni qruplara daşısaydı, artıq qış fasiləsində mayda başa çatacaq müqaviləsini uzatmaq lazım gələcəkdi. Ancaq bu baş verməyib və, indi sövdələşmənin artırılması yolverilməzdir. Hər halda, Bordinlə bu yolu müqavilə müddəti bitənədək davam etmək ən doğru seçimdir. Ancaq mayda qızıl medallar gəlsə, heç şübhəsiz ki, 19/20 çempionatı Bordinin ölkəmizdə işlədiyi son mövsüm olmayacaq.

 

 

CEYHUN ƏLİYEV
 

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB