TOP 10

Bordin, məni eşidirsən?

Futbol
Tarix: 2019-08-16 10:00

“İki güləşənin biri yıxılar” deyib atalarımız. Hə, biz güləşən xalqıq. Ancaq hansısa fənd işlətmək üçün... Sən heç bir fənd işlətmədən davaya çıxırsan... Kiminlə?

 

İstənilən klub uduza bilər, amma belə uduzmaq olmazdı! Start heyətində etdiyin dəyişikliklər nə idi? Sən görmürdün ki, Soni Mustivar bütün təkbətək mubarizələrdə uduzurdu ilk oyunda? Bir həftəyə Mustivarda nə dəyişə bilərdi? Bu adamın start sürəti yoxdursa, bu futbolçu yalnız ikinci nömrəylə oynayanda faydalıdırsa, açıq futbola gedən “Neftçi”nin start heyətində nə gəzirdi Mustivar? Mustivar yox e, divar! 

 

Rauf Əliyevin birinci nömrəylə oynayan komandanın hücum xəttində əlahiddə heç nə ilə yadda qalmamasını görmək üçün neçə oyun izləmək lazımdı, cənab Bordin?! Start 11-liyinin məqsədi nə idi? Mənə bir futbol bilicisi izah edə bilərmi, dayaq yarımmüdafiəçilərinin funksiyaları nədən ibarət idi? 

 

İlk oyunda azarkeşlərin təzyiqinə tab gətirməyən rəqib üzərində qələbə qazanmaq üçün nələr edilmişdi? Mamadu Mbodj? Çəkilin, İrasim gəlir! Mbodj standart vəziyyətlərdə fərqlənən futbolçudu, amma pley-offa yüksəlmək məqsədi güdən komandanın məşqçisi bu cür bəsit plan cızmamalıdı. Sən "stavka"nı mərkəz müdafiəçisinə edirsənsə, vay sənin komandanın halına! 

 

Platellas 80 dəqiqə nə işlə məşğul idi, cənab Bordin? Onu “Zirə”ylə, “Sumqayıt”la oyunlar üçün almısan?! Komandan evdə 0:2 uduzur, ruhdan düşüb və bu məqamda yunan yarımmüdafiəçi ilk qolu təşkil edir, dönüş yaradır. Al ovçuna, gəzdir bu futbolçunu. Sən nə etdin? Platellası ehtiyata atdın. Niyə? Hansısa futbolun “f” hərfini anlamayan həvəskarların təzyiqinə görə? Bu qədər rüsvayçı start heyətini buraxmaqla, bilmədinmi ki, özünə qəbir qazdın? 

 

Belə futbol olmur, yoldaşlar. Əgər sən qrup mərhələsini hədəfləyirsənsə, buna uyğun da futbol sərgiləməlisən. Əgər sən 80 dəqiqə ərzində rəqib qapısına bir təhlükəli zərbə endirmirsənsə, deməli, xəstəliyin var. Deməli, get, müalicə olun.

 

Açın qulaqlarınızı eşidin, “Neftçi” rəqibindən güclü idi, “Neftçi" mərhələni keçməli idi! Ancaq bir komanda ki, rəqib qapısına zərbə endirmir... Hə, məşhur filmdə olduğu kimi, gəlin, sual edək: sən bir lotereya bileti amlmırsansa, Allah buna neyləsin?!


...Bitdi, hələ də qulağı qıraqda səslənən fikirlərin yanında olan “Neftçi” macərası bitdi. Dağılışın, gələn il yığışarıq...
 

CEYHUN ƏLİYEV

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB