TOP 10

“Futbol Tanrısı” üz döndərəndə: ən yaxşı oyununu oyna, CL-lə vidalaş

Futbol
Tarix: 2019-08-14 11:00

Uduzduq. Kipr çempionu 1 həftə öncə Nikosiyada aldığı məğlubiyyətin əvəzini “Qarabağ”dan çıxmağı bacardı. Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin ilk matçı çərçivəsində səfərdə rəqib torunu iki dəfə silkələməyi bacarsa da, Tofiq Bəhramov adına stadionda 30 minlik auditoriyaya qol sevincini bir dəfə də olsun yaşada bilmədilər.

 

Çempionumuzun start heyəti Kiprdəkindən fərqlənmirdi. Filip Ozobiçin yoxluğunda pleymeker funksiyası ilk matçda olduğu kimi Simeon Slavçevə həvalə olunmuşdu. Bolqarıstanlı yarımmüdafiəçi meydanda olduğu zaman kəsiyində çox çalışdı və ümumilikdə yaxşı təsir bağışladı. Ümumiyyətlə, “süvarilər” Nikosiyadakı matçdan daha yaxşı çıxış etdilər. Əgər 90 dəqiqə ərzində Vaqner da Silvanın qapısına cəmi 2 təhlükəli zərbə endirilibsə, deməli, ötən həftə qalib gələn komanda müdafiədə yetərincə etibarlı oynayıb. Xatırlayaq. Hesab 1:0 qonaqların xeyrinə olarkən, uzaq məsafədən endirilən zərbə braziliyalı kiperin dayandığı istiqamətə yönəlsə də, Vaqner topu görmürdü və son anda barmaqlarının ucuyla ona toxunaraq təhlükəni zərərsizləşdirdi. İkinci təhlükə də uzaq məsafədən endirilən zərbəyə gəldi. Ancaq da Silva bu dəfə komandasını qoldan xilas edə bilmədi.

 

Bəs “Qarabağ”? Ağdam təmsilçisinin qol epizodları bilavasitə cərimə meydançasında yaranırdı. Ancaq bu anlarda “Futbol Tanrısı” adalıların tərəfində olurdu. Qapı sanki sehirlənmişdi. Abdellah Zubirin yaxın məsafədən endirdiyi zərbədən sonra Vid Beletsin qurtarışı nə idi? Bu cür zərbələrə “götürülməyən top” deyilir. Lakin Belets bu zərbəni zərərsizləşdirdi. Elə Slavçevin yaxın məsafədən endirdiyi zərbə də qarşısıalınmaz idi, amma top qapıdan azacıq aralı keçdi. Ayltonun 100 faizli qol epizodunda isə top müdafiəçiyə tuş gəldi. Top səni sevmirsə, həmin gecə göyə çıxsan da xeyri yoxdu. Bax, ötən gecə də top “süvarilər”i sevmədi.

 

...İndi hamı “gunah keçisi”nin axtarışına çıxıb. Ancaq “Qarabağ” cari avrokubok mövsümündə ən yaxşı oyununu keçirdi axı. Hə, komandada zəif bənd var idi. Ancaq “görünən kəndə bələdçi lazım deyil”. Əlbəttə ki, Qurban Qurbanov da bunu gördü. Söhbət Riçard Almeydadan gedir. Yox, biz ikinci qol vurulduğu hücum zamanı Riçardın 2 dəfə səhvə yol verməsinə görə bu qənaətə gəlməmişik. Heç qırmızı vərəqəni də müzakirəyə çıxarmırıq. Almeyda artıq 2 il əvvəl verdiyi effekti verə bilmir. Çoxsaylı top itkiləri isə komanda yoldaşlarının sürətlə hücumdan müdafiəyə qayıtmasını şərtləndirir ki, bu da xeyli enerjinin itirilməsi deməkdi. Yəqin ki, baş məşqçi də artıq “8 nömrə” axtarışına çıxıb...

 

Qayıdaq “Respublika” stadionuna. İkinci qoldan sonra ağdamlıların oyunu söndü. Qarşıdakı 25 dəqiqə ərzində xaotik hücumlar faydasız idi. Final fiti hər kəsi məyus etdi. Amma...

 

Nə baş verdi? Ermənipərəst ölkənin çempionuna uduzduq. Üzücüdür, amma biz sadəcə, futbol matçında uduzduq. Hansısa idman mübarizəsindəki qələbə də, məğlubiyyət də siyasi çalarlarla bəzədilməməlidi. 

 

İndi Qurban Qurbanov və komandadakı ən təcrübəli futbolçuların əsas vəzifəsi “Linfild”lə baş tutacaq Avropa Liqasının pley-off matçınadək kollektivdəki psixoloji sarsıntını aradan qaldırmaqdır. Şimali İrlandiya klubuna mütləq qalib gəlmək lazımdı. Rəqib də “süvarilər”in “dişi”nə görədi. İstənilən zəfərə gedən yol məğlubiyyətdən keçir. İnanmaq istəyirik ki, bu məğlubiyyət də qarşıdakı zəfərin başlanğıcıdır.

 

 

CEYHUN ƏLİYEV
 

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB