TOP 10

Əfran İsmayılov: "Onsuz da futbolumuzda pullar azalıb, tək məndə düşməyib ki..."

Futbol
Tarix: 2019-08-14 12:12

Azərbaycan milli komandasının sabiq futbolçusu Əfran İsmayılovun yeni klubu müəyyənləşib, təcrübəli yarımmüdafiəçi "Keşlə"yə keçib. 31 yaşlı yarımmüdafiəçiylə anlaşmanın müddəti 1 il təşkil edir. Son klubu "Sumqayıt" olan Əfran transferinin reallaşmasından sonra Sport24.az-a müsahibə verib. 

 

- Bildiyimizə görə, "Keşlə"yə keçidin hələ mövsüm bitəndən az sonra - iyunda gündəmdə idi. Ancaq sonda nədəsə razılaşa bilmədiniz. İki ay keçəndən sonra nə dəyişdi ki, artıq transfer baş tutdu?

- Bəli, onda danışmışdıq, ancaq sonra anlaşılmazlıq oldu. Yekunda razılığa gələ bilmədik. Bu, futboldu, belə hallar olur. Bir müddət sonra məsələni dəqiqləşdirdik, danışıqlar oldu, hər şey qətiləşdi və müqavilə imzaladıq.

 

- Anlaşılmazlıq maddi baxımdan idi, yoxsa...?

- Tək maddiyyat yox, başqa söhbətlər də vardı. Sadəcə, mətbuata bunu açıqlamaq istəmirəm. Müqavilə imzaladığımız gün klub rəhbəri Zaur Axundovla görüşdüm və hər şeydə razılaşdıq.

 

- Mətbuatda, sosial şəbəkələrdə yazılanlara görə, Əfran İsmayılov əvvəlki aylıq qazancından təsminən 5 min aşağı məbləğə oynamalı olacaq. Belə şey var?

- Qazancım aşağı düşsə də, problem yoxdu. Onsuz da futbolumuzda pul azalıb, tək məndə düşməyib ki... Belə şey yoxdu ki, yalnız mənim aylıq məvacibim aşağı düşüb. Ancaq inanıram ki, gələn il Azərbaycan çempionatında daha çox klub. daha yaxşı pullar olacaq. Hazırda oynamağı fikirləşdiyimə görə mənim üçün doğru seçimdi. Rəhbərlik, klub, hər şey mənə yaxındı. Qalır yalnız məşq edib "Keşlə"nin uğurları üşün əlimdən gələni etmək. 

 

- Uzun müddət, əsasən "Qarabağ"da böyük qazancın olub. İndi birdən-birə məbləğdə böyük fərqin olması səndə maddi sıxıntı yaratmır?

- Yox, Şükür Allaha, hər şey qaydasındadı. Elə bir sıxıntı olmamalıdı. Çünki gedişatı göz özünə gətirirdik. Yaxşı, futbolu qurtanardan sonra nə olacaqdı? Onda gərək ölək, yaşamayaq? Heç bir pis şeyi fikirləşmirəm. Bilirəm ki, 3-4 ildən sonra karyeramı bitirəcəm. Buna görə işimizi elə qurmuşuq ki, heç bir sıxıntı olmasın. Gedəndən sonra avtomatik futboldan qazandığımızı qazanmayacağıq. Ancaq güzəranımızı elə quracağıq ki, bu qazancla da həyatımızı yaşayacağıq.

 

- Yəqin ki, əlavə gəlir mənbələri fikirləşib qurmusan...

- Bəli, şükür Allaha hər şey yaxşıdı. Hamı çox şey deyir, şükür özümə görə müəyyən şeylərim var. 

 

- Yay fasiləsini necə keçirmisən? Harda məşq etmisən? 2-3 günə çempionat başlayır, hazırlığın necədi?

- Uşaqlarla həmişə mini-futbol oynamışam. Əlbəttə, geriləmişəm, çünki təlim-məşq toplanışı tam başqa şeydi. Mən də bunu komandayla keçməmişəm. İnanıram ki, 2-3 həftəyə baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirərək əvvəlki formamı bərpa edəcəm. 

 

- Təbii ki, ilk turlarda heyətdə olmayacaqsan...

- Bunu bilmirəm. İlk məşqə çıxdım. Baş məşqçimiz Tərlan Əhmədov hazırlığa əsasən fikrini bildirəcək, haqqımda dəqiq qərar verə biləcək. 

 

- Yəqin ki, millimizlə əlaqədar sentyabrda çempionatda yaranacaq ikihəftəlik fasilə tam formaya düşmək baxımından işinə tam yarayacaq...

- Bəli-bəli. İnşallah, həmin fasilə mənə tam yararlı olacaq. Mən də bunu fikirləşirdim.

 

-  Adın yenə Türkiyə klubları ətrafında idi. Bunlar nə dərəcədə real variantlar, ciddi maraq idi?

- Əsas bu ölkəylə danışırdım. Həqiqətən bu ölkənin klubları burdan artıq pul verir. Ancaq fikirləşirəm ki, bu yaşda uşaqları, ailəni yığ, get, orda qal, xərcləri nəzərə alsaq, demək olar burdakıyla eyni qiymət çıxır. Düzdür, orda aylıq qazanc burdan artıq olsa da. Buna görə Bakı mənim üçün ən yaxşı variantdı. 

 

- Daha real variant hansı idi? Türkiyə I liqa təmsilçisindən söhbət gedir...

- Bəli, Ancaq inanırsınız, menecer danışırdı, qiymətləri mənə deyirdi. Əlbəttə, məni birbaşa müqaviləyə çağırırdılar. Bu yaşda yoxlanışa gedəsi deyildim ki...Sonda elə oldu ki, "Keşlə" variantı dəqiqləşdi, Azərbaycanda qalası oldum.

 

- Bəs öz klublarımızın digərlərindən təklif almamışdın?

- Elə ciddi bir şey yox idi. Belə söhbətlər var idi, ancaq həm maddi, həm də başqa şeylərdə heç biri uyğun gəlmirdi.

 

- Bir sıra təcrübəli futbolçularımız var ki, sən də daxil olmaqla, daim iddialı klublarda, millimizdə çıxış etmisiniz, ancaq yayda klubsuz idiniz. Şəxsən sən sıxıntı, narahatçılıq keçirmirdin ki, belə gedişlə ən azı yarım il klubsuz qalacam? Çünki çempionat başlayır, klublar komplektləşib...

- Başa düşürəm fikrinizi. Futbol oynayan adam üçün maddi məsələni qoyaq kənara, sıxıntı olur.

 

- Maddi yox, psixoloji sıxıntını nəzərdə tuturam...

- Mən də onu deyirəm. Mənəvi cəhətdən adama təsir edir ki, klubsuz qala bilərsən. Belə narahatçılıqlar olur. Ancaq məndə klub var idi, fikirləşirdim ki, gedib heç olmasa Türkiyədə bir yerdə oynayacam. Allah yetirdi "Keşlə"ni, elə burda qalıb oynayacam.

 

- Tərlan Əhmədovla ilk dəfə işləyəcəksən. Onunla bağlı fikilərin, işbirliyinizlə bağlı gözləntin nədi?

- Tərlan müəllimlə heç vaxt bir yerdə futbol oynamamışam. Onun haqda müsbət fikirdəyəm. Çünki bilirəm ki, öz sözünü demiş məşqçidi. Hələ "Qarabağ"da oynadığım vaxtdan onu tanıyıram, onda baş məşqçi kimi AZAL-da ilk addımlarını atırdı. Münasibətlərimiz həmişə yaxşı, yerində olub. AZAL-ın ən pis vaxtında, böyük çətinliklərlə komandanı yuxarılara qaldırırdı.  Sonra "Neftçi"yə gəldi, komanda yaxşı futbol oynadı. demək olar onun sayəsində 3-cü yerə çıxdı. Bu, Tərlan müəllimin uğurudu və inanıram ki, yaxşı komanda yığıb bu mövsüm "Keşlə"də də öz sözünü deyəcək. 

 

- "Keşlə" "İnter" adlananda yarım il onun heyətində çıxış etmisən. Bu klub karyeranda hansı yeri tutub? 

- Onda qısa müddət burda çıxış etsəm də, karyeramda həqiqətən böyük yer tutub. Kaxaber Tsxadadzenin baş məşqçiliyi dövrü idi və komanda yuxarı yerlərə, çempionluğa, kuboka oynayırdı. Yaxşı bazası, yaxşı şəraiti var. İndi süni qazonu da yaxşı örtüklə dəyişirlər. Əvvəllər əsas problem bu idi. Büdcəsi də qaydasındadı, yaxşı baş məşqçisi, yaxşı prezidenti var. Günü-gündən inkişaf edərək gedir. Mən də "Keşlə"nin uğurları üşün əlimdən gələni edəcəm. 

 

- Heyətə baxsaq, səncə, köhnə-yeni komandanın potensialı, medallara, avrokuboklara oynamağa imkan verirmi?

- İnşallah, rəhbərlik, baş məşqçi də bunu çalışırlar. Mövsüm bitəndən sonra 10-dan çox futbolçu çıxarılıblarsa, deməli, Zaur müəllim baş məşqçiylə fikirləşirlər ki, nəticəni oynamaq üçün dəyişiklik lazımdı və bununla da komandanı daha yuxarı yerlərə qaldırsınlar.  Buna görə mövsüm bitəndən sonra heyətdə böyük dəyişikliklər edilib. Deməli, hesab edirlər ki, nəticə qazanmaq üçün bu, zəruridi və edilən köklü islahatlardan sonra komanda daha yaxşı yerlərdə olmalıdı. 

 

 

 

MEHMAN SÜLEYMANOV

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB